Sevmək və sevilmək tərbiyəsi barədə nə bilirsiniz?

Baxış sayı: 1. 418

Sevmək – könül işidir. Sevmək üçün könül əhli, sevilmək üçün əxlaq sahibi olmaq şərtdir. Həyatda hər şey sevgi ilə başlayır: ana övladına sevgi ilə qulluq edir; ata övladına sevgi ilə xidmət göstərir. Və mayası sevgi ilə yoğrulan bu ev isti bir yuvaya çevrilir. Şagird müəllimini sevirsə, dərsini də sevir, şagird dərsini sevirsə, o sahədə uğur da qazanır. Təcrübə göstərir ki, həyatda uğur qazananlar əksəriyyət etibarı ilə sevməyi bilənlərdir. İşini sevənlər tutduqları vəzifədən, mövqedən asılı olmayaraq mütləq uğur qazanırlar. Sevə bilmək əslində nurlu bir dünyanın açarı kimidir: sən o açarla zülmət qaranlıqların qapısını açırsan və nurlu aydınlıqlara qədəm qoyursan. Sevgi dediyin şey təmənnasızlıqdır, yəni heç nəyə baxmadan sevməkdir. Ananın öz övladını sevdiyi kimi… Atanın öz övladını saydığı kimi… Yəni, necə olursa-olsun sevmək, yaxşı da olsa, pis də olsa sevmək, bəzən səni hövsələdən çıxarsa da, sevmək, bəzən səni cana doydursa da, sevmək, bir sözlə, “baxmayaraq” sevmək…

Heyvanlar da, bitkilər də sevgiyə qarşı laqeyd deyillər. Çiçəklərin sevgini anladığı artıq isbat edilmiş bir həqiqətdir.

Yapon alimləri isbat ediblər ki, suya pis söz deyəndə onun molekulları çox eybəcər bir şəkil alır, yaxşı söz deyəndə isə çox gözəl bir formaya düşür. Bəlkə də sevməyin ibtidasını, təməlini elə bundan öyrənməliyik.

Sevmək bəzən ibadətdir, bəzən şükürdür. Uca Yaradan sevgisi ilə bizə yardım edir, saysız-hesabsız nemətlər verir. Dədə Yunus nə qədər də gözəl deyir: “Yaradılanı sevərəm, Yaradandan ötəri”. Bu bircə misrasında Dədə Yunus bizə sevginin mənbəyinin Uca Allah olduğunu göstərir. O, insanı sevərək yaradır, sevərək yaşadır, yaratdıqlarının da bir-birini sevməsini istəyir. Əgər O sevməsəydi, yaratdıqlarının sevməsini-sevilməsini istəməsəydi, sevgini yaradardımı?..

Hər şeydə olduğu kimi, sevgidə də ölçü var. Sevmək ədalətdir, hər kəsi və hər şeyi layiq olduğu yerə qoymaqdır, sahib olduğun hər nemətin haqqını verməkdir.

Sevmək insanlıq məziyyəti olduğu kimi, sevgiyə layiq olmaq da mənəvi yüksəklikdir. Bu ləyaqətə yüksələ bilmək isə ancaq sevginin mənbəyini bilməklə və Onun buyurduğu kimi yaşamaqla mümkündür.

Sevmək könül işi olduğu kimi, həm də tərbiyə mövzusudur. Evinizi bir sevgi yuvasına çevirin ki, o yuvada pərvazlanan övladlarınız sevgi iqlimində yetişsinlər, dünyaya sevgi yaysınlar. Sevgidən məhrum olmaq əslində çox böyük itkidir. Sevgisiz yaşamaq dadı, iyi, rəngi bilmədən yaşamaqdan da betərdir.

Evinizin hər bucağına sevgi çiçəyi əkin, bir-birinizi sevgi ilə çağırın, bir-birinizi sevgi ilə oyadın. Və sevgidən məhrum olmayın. Sevin, həm də Allahın buyurduğu kimi sevin ki, Allah da sizi sevsin…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir