Nermine Abbasova

Sınanmış və öyrənilmiş fizioterapiya üsulu – Elektroforez

Baxış sayı: 510

Fizioterapevtik üsullar çox təsirli və sınanmış müalicə üsullarıdır. Bu üsullar tam ziyansızdır və insan orqanizminə heç bir yanaşı təsir etmir. Bu səbəbdən fizioterapevtik üsullar hətta hamilə qadınların və  yenidoğulmuş uşaqların müalicəsində istifadə olunur.

Fizioterapevtik müalicə üsullarından biri elektroforezdir (buna həmçinin “ionoforez”, “ionoterapiya”, “ionohalvanizasiya” deyilir). Bu, ən sınanmış və öyrənilmiş fizioterapiya üsullarından biridir.

Elektroforez prosesi zamanı ionlar (elektrik yükü olan atomlar) elektrik sahədə hərəkət edir. Müxtəlf kimyəvi maddələr (dərmanlar) suda ionlara parçalanır və bu ionlar elektrik cərəyanı təsirindən hərəkət edərək insanın dərisindən, selikli qişalardan orqanizmin daxilinə keçir, daha sonra isə qana və limfaya sovrularaq orqanizmin müxtəlif sahələrinə çatdırılır və orqanizmə müalicəvi təsir edir.

Elektroforez proseduru zamanı insanın bədəninin müəyyən sahələrinə dərmanda isladılmış parça (xaricdə daha tez-tez gel şəklində dərmanlar istifadə olunur), üzərinə qoruyucu qat (yumşaq parça) və bu bunun üzərinə isə elektrodlar qoyulur. Aparat elektrik səhə əmələ gətirir və bu elektrik sahədə dərmanın ionları hərəkət etməyə başalayır.

Elektroforez digər üsullarla da həyata keçirilir (xüsusi vannalar istifadə oluna bilər və s.). Bəzən dərman orqanizmə oral (ağızdan), damardaxili və ya əzələdaxili yeridilir və sonra xəstə sahəyə elektrodlar qoyulur (xüsusilə nəfəsalma sistemi xəstəlikləri zamanı istifadə olunur).

Elektroforez proseduru 10 dəqiqədən 30 dəqiqəyə kimi davam edə, müalicə kursu 10-20 seans təşkil edə bilər. Seanslar hər gün və ya bir gündən bir keçirilir. Müalicə kursu qurtardıqdan 2-3 ay (bundan tez yox) sonra müalicəni təkrar etmək olar. Elektroforez orqanizmə iltihabəleyhinə, ağrısızlaşdıran təsir edir, əzələləri boşaldır, mübadilə prosesləri normallaşdırır, müxtəlif orqan və toxumaların qidalanmasını yaxşılaşdırır və s..

Dərman preparatların elektroforez vasitəsilə orqanizmə çatdırılmasının müxtəlif üstünlükləri var: dərman orqanizmə daha uzun müddət ərzində təsir edir və daha gec orqanizmdən çıxarılır, dərman məhz lazım olan sahəyə çatdırılır, yanaşı təsirlərin riski azdır, prosedur tam ağrısızdır, dərinin tamlığı pozulmur və s.

Elektroforez zamanı istifadə olunan dərmanların dozaları çox kiçikdir. Lakin bu effektli müalicə üçün tam kifayyət edir. Əgər dərman bu dozada peroral (ağızdan), damardaxili və ya əzələdaxili vasitəsilə orqanizmə daxil edilərsə, bu dərman lazım olan müalicəvi effekt verməyəcək. Elektrik cərəyan dərmanın aktivliyini artırır və bu səbəbdən dərman effektli müalicə üçün daha az dozalarda istifadə oluna bilər.

Elektroforez həm müalicəvi, həm də profilaktik vasitə kimi istifadə olunur.

Elektroforez aşağıdakı xəstəliklər zamanı geniş istifadə olunur:

– ürək-damar sistemi xəstəlikləri;

– ateroskleroz;

– hipertoniya;

– hipotoniya;

– cərrahiyyə əməliyyatlardan, travmalardan, iltihablardan sonra əmələ gəlmiş çapıqların, bitişmələrin müalicəsində;

– yanıqların müalicəsində;

– oynaqlar və sümüklərin patologiyaları zamanı (artrit, poliartrit, osteoxondroz, onurğa sütunu protruziyaları və yırtıqları);

– LOR xəstəlikləri zamanı (tonzillit, haymorit, otit);

– qadın cinsiyyət sistemi iltihabları və xəstəlikləri zamanı (endoservisit, endometrioz, endometrit, kolpit, uşaqlıq boynu eroziyası);

– prostatit, sistit, pielonefrit zamanı;

– xroniki bronxitin müalicəsində;

– sinir sistemi patologiyaları (radikulit, nevralgiya və s.), yuxu pozulmaları, nevroz, miqren;

– vətərlərin gərilməsi və zədələnməsi, ödemlər, ağrı sindromu;

– ağız boşluğu və dişlərin iltihabları və s.;

– pediatriyada elektroforez geniş istifadə olunur.

Elektroforez adətən müxtəlif xəstəliklərin kompleks müalicəsində (digər müalicə üsullsrı ilə yanaşı) istifadə olunur və sağalmanı sürətləndirir. Profilaktik məqsədlə istifadə olunduqda, elektroforez müstəqil şəkildə istifadə oluna bilər. Elektroforez uşaqlarda və böyüklərdə xroniki tonzillit (angina), xroniki haymorit, xroniki bronxit və s. xəstəliklərin profilaktikasında ən təsirli vasitələrdən biri sayılır.

Elektroforez zamanı müalicənin məqsədindən asılı olaraq bu kimi dərman preparatları istifadə oluna bilər: brom, lidaza, yod, maqnezium-oksid, adrenalin, papaverin, C, B1 vitaminləri, kalsium, kalium, nikotin turşusu, novokain, antibiotiklər, eufillin və s.

Elektroforez seansları həkim-fizioterapevt tərəfindən həyata keçirilir. Məhz fizioterapevt istifadə olunan dərmanı, onun dozasını, seansların sayını və s. müəyyən edir.

 

Elektroforezin müəyyən əks-göstərişləri var:

– şiş xəstəlikləri;

– ürək çatışmazlığı;

– yüksək hərarət;

– kəskin iltihablar;

– ekzema, dermatit;

– elektrodlar qoyulan yerdə yaraların, kəsiklərin olması;

– elektrik cərəyana qarşı dözümsüzlük;

– istifadə olunan dərman preparatına qarşı allergiya.

 

Nərminə Abbasova

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir