Son zamanlar insanların əlində tez-tez balaca bir aparat görürük. Soruşanda elektron siqaret olduğunu deyirlər. Çəkənlərin fikrincə, bu aparat adi siqaretdən ziyansızdır və ondan siqareti tərgitmək üçün istifadə edirlər. Lakin son zamanlar yayılan məlumatlara görə, bu aparatlar heç də təhlükəsiz deyil. Hətta onların insanların əlində partlaması ilə bağlı da məlumatlar var. Bəs, əslində, elektron siqaret nədir? Həqiqətən də, deyildiyi qədər zərərsizdirmi?
Siqaret çəkmək istəyini ertələyir?
Elektron siqaret mağazasında satıcı işləyən Nazim Məcidli “Kaspi”yə açıqlamasında dedi ki, elektron siqareti adi siqaretdən içindəki maddələr, ziyanları fərqləndirir: “Hazırda satılan siqaretlərin içində karbonmonoksid, qətran kimi kimyəvi maddələr və s. maddələr var. Elektron siqaretin içində isə pambıq, onun da tərkibində yağ olur. Yağın tərkibi 3 hissədən ibarətdir: Glikol, gliserin və duzlu nikotin. Gliserin tüstünün çıxmağına kömək edir. Glikol isə ətirlə nikotinin qarışmağına səbəb olur. Duzlu nikotin qana tez qarışır. Tez təsir etdiyinə görə insanın siqaret çəkmək istəyini ertələyir. Elektron siqaret içindəki spiral batareyanın köməyi ilə isinir”.
Bir istifadəlik siqareti enerjiyə taxanda partlayar da…
Satıcı elektron siqaretlərin partlama riskindən danışarkən bildirdi ki, buna səbəb düzgün istifadə edilməməsidir: “Tək istifadəlik siqaretləri enerjiyə qoyurlar ki, daha çox istifadə etsinlər. Amma, əslində, onlar adapterlə doldurulmamalıdır. Elektron siqaret adapterdə olarkən partlaya bilər. Çünki mexanizm elə quraşdırılmayıb. Zavod istehsalı olanlar daha uzunömürlüdür və partlama baş verməsi qeydə alınmayıb”.
Siqaret çəkən bədənini nikotinə öyrəşdiribsə…
N.Məcidli qeyd etdi ki, əslində, real həyatda nikotin maddəsi hər kəsə lazımdır: “Siqaret çəkməyən insanın da gündəlik istifadəsində nikotin var. Amma hamının müəyyən dozası mövcuddur. Siqaret çəkməyən insanın gündəlik nikotin dozası daha az olur. Siqaret çəkən bədənini nikotinə öyrəşdiribsə, gündəlik dozasını qəbul etməlidir ki, beyindəki bəzi vitaminlər ifraz olunsun və özünü rahat hiss etsin”.
Adi siqaretlə müqayisədə ziyanı daha azdır
Satıcı elektron siqaretdən özünün də istifadə etdiyini və bunun fərqli bir istək olduğunu bildirdi: “Siqaret nəfəsimizin valını və həcmini çox daraldır. Elektron siqaret isə daha az təsir göstərir. Müsbət cəhəti iqtisadi baxımdan sərfəli olmasıdır. Həm də siqaret dişləri saraldır, ağızda bərbad bir qoxu yaradır, ətrafa bərbad iy saçır ki, bu siqaret çəkməyən insanların xoşuna gəlmir. Amma elektron siqaretin qoxusu normaldır, dişlərə də elə pis təsir etmir. Təbii ki, elektron siqaret də xeyirli deyil. Amma bir insan siqareti tərgitmək istəyirsə, elektron siqaret məsləhətdir. Çünki adi siqaretlə müqayisədə ziyanı daha azdır”.
Siqareti tərgitmək istəyənlər üçün yaradılmış məhsul
Pulmonoloq Əsəd Beydullayev isə dedi ki, elektron siqaretlər sadəcə siqareti tərgitmək istəyənlər üçün yaradılmış yeni bir məhsuldur: “2006-cı ildən etibarən meydana gələn elektron siqaretlər, əsasən, iki cür – nikotinli və nikotinsiz olur. Məntiqlə, ciddi bir fərq yoxdur. Hansı insanlar ki, siqaret çəkir və atmağı düşünür, sağlamlığa daha az zərər verəcək alternativ axtarırlar. Elektron siqaret məhz həmin insanları əldə etmək üçün kəşf olunub. Siqaretdən faydalıdır, daha az ziyanı var? Bunu indi üçün demək qeyri-mümkündür. Çünki elektron siqaretlər yeni dövriyyəyə çıxdığı üçün ortaya çıxmış xəstəliklərin araşdırılması elə ciddi aparılmayıb. Ənənəvi siqaret barədə isə yüz illərdir araşdırmalar gedir. Hansı xəstəlikləri yaratdığını da, müalicəsini də bilirik”.
Siqareti tərgitmək üçün vasitə kimi istifadə oluna bilməz
Həkimin fikrincə, insanların elektron siqareti zərərsiz hesab etməsi çox yanlışdır: “Elektron siqaretlərin daxilində qızdırıcı vasitəsilə buxar halına gətirilən nikotin, xüsusi bitki yağları var. Hansı ki, buxar halına gəlib tənəffüs yollarına gedir və insan bunu tüstü olaraq qəbul edir. Elektron siqaretin zərərli tərəfləri heç də siqaretdən az deyil. Onun tərkibindəki nikotin siqareti əvəz edir, amma asılılığı aradan qaldırmır. Asılı adam yenə də çəkməyə davam edir və atdığı zaman eyni hissləri yaşayır. Yağı qızdıqda meydana gələn zərərli maddələr tənəffüs yollarının divarlarına eyni, bəlkə, daha da ağır təsir edir”.
Ürək döyüntülərini artırır, infarkta səbəb olur, təzyiqi yüksəldir
Ə.Beydullayevin sözlərinə görə, elektron siqaretin yaratdığı xəstəliklər barədə artıq ilkin araşdırmalar aparılıb: “Araşdırmalar zamanı onların ürək üzərində ciddi təsirləri meydana çıxıb. Ürək döyüntülərini artırdığı, infarkta səbəb olduğu, təzyiqi yüksəltdiyi müşahidə edilib. Elektron siqaretlərin onkoloji xəstəliklər yaratmaq riski də var. İnsanın tənəffüs sistemi çox zərif olduğuna görə yad maddələrdən qorunmalıdır. Ocaq tüstüsü, sulu qəlyan, elektron siqaret – bunlar hamısı insan tənəffüsü üçün zərərlidir və bunlardan mümkün olduğu qədər uzaq durulmalıdır. Elektron siqaretlərin diş ətinə və dişə təsiri adi siqaretdən az deyil. Bəzi xanımlar elektron siqaretdən istifadə edib düşünürlər ki, daha az zərər görəcəklər. Amma, təəssüf ki, belə deyil. İstər adi siqaret, istərsə də elektron siqaret təsirini dərhal göstərmir. Cavan biri çəkir və deyir, 5 ildir heç bir problemim yoxdur. Bu, yanlış yanaşmadır. Çünki ziyanlar ortaya çıxmağa başlayanda artıq gec olur”.
Həkim sonda məsləhət gördü ki, mümkün olduğu qədər tərkibində tüstü, nikotin, bilmədikləri maddələr olan vasitələrdən uzaq dursunlar.
Zərif Salmanlı