uşaq qorxu

Məktəb qorxusuna tutulan uşaqlar üçün valideynlər nə etməlidir?

Baxış sayı: 3. 162

Məsələn, sinifdə şagirdi lövhəyə çağırarkən o, dərsi yerindən danışmağı xahiş edir, lövhəyə çıxmaqdan çəkinir, digər şagirdi isə lövhəyə çıxararkən həyəcandan üzü pörtür, boğazı quruyur, əllərinin içi tərləyir, ürək döyüntüsü artır və yaxud da dərsi şifahi şəkildə deyil, yazılı şəkildə müəllimə vermək istəyir.  Belə olan halda müəllim  şagirdin psixoloji cəhətdən vəziyyətini nəzərə almalı, ona fərdi yanaşaraq  söhbət etməli, məktəb psixoloqu ilə görüşməyi  tövsiyə etməlidir.

Qorxu hissi nədir?

Bəzi sosial qorxu hissi keçirən uşaq və yeniyetmələrdə müşahidə olunan psixoloji hallar (çırpıntı, titrəmə, tərləmə, əzələ narahatlığı, mədədə narahatlıq hissi, sinədə sıxıntı hissi, isti, ya da soyuq tərbasma, başağrısı) baş verir.

Bütün bu hallar insanda dərin bir qorxu və həyəcan hissi ilə birlikdə yaranır.

Qorxulu vəziyyətlərdən qaçma xüsusiyyəti əsasən çox rast gəlinən bir haldır. Və bəzən bu, tam bir sosial yalqızlıqla nəticələnə bilər.

Sosial qorxuda yaş məfhumu da az rol oynamır. Bu məsələdə yaşın az olması ciddi problemlər yaradır. Bəziləri məktəbi buraxmaq məcburiyyətində qalır və yaxud bir çox psixoloji çətinliklərlə qarşılaşırlar.

Bunların içində ən çox rast gəlinən hallar ruh düşkünlüyü, içki və narkotik maddədən asılılıqdır. Xüsusilə, Qərb ölkələrində aparılan araşdırmalara əsasən, sosial qorxuya malik olan şəxslər arasında içki aludəçiliyi normal cəmiyyət üzvlərinə nisbətən 2,5 dəfə artıq olması şübhə doğurmur. İçki düşkünləri arasında sosial qorxunun normal şəxslərə nisbətən 9 dəfə çox olduğu müəyyən edilmişdir. İntihar fikirləri və təşəbbüsləri sosial qorxuda yaşanan sıxıntıyla, narahatlıqla bağlı olaraq sosial qorxuya başqa psixoloji narahatlıqlar əlavə olunduqda daha da artmaqdadır. Beləliklə, sosial qorxu aşkar edilib müalicə olunmalıdır.

Qorxular uşağa tərbiyə verərkən yanlış sözlərdən istifadə etməklə yaranır (yeməyini yeməsən, həkim əmi sənə iynə vurar; əgər uzağa getsən, qaraçılar səni qaçırar, sözümə qulaq asmasan, xala sənə hirslənər və s…).

Sərt rəftara malik olan valideynlərin uşaqları fərdiləşmə problemi yaşaya biləcəyi üçün uşaq məktəbə başlama dövründə narahat hisslər yaşaya bilər. Həmçinin məktəb həyatına uyğunlaşmaq prosesində də ciddi çətinliklər yaşaya bilər.

1. Uşaqdan edə biləcəklərindən daha çox vəzifələr gözlənilirsə və ya ailə uşağın müvəffəqiyyət qazanmasına həddindən çox əhəmiyyət verirsə və bu mövzu üzərində çox dayanırsa, uşaqda bütün bunları icra etmək qayğısı meydana gələ bilər. Xüsusilə, məktəbdə imtahan qayğıları, müvəffəqiyyətsizlik qorxusu, dərslər xaricində də ailənin çox xəbərdarlığı varsa, uşaqda səhvetmə qorxusu ortaya çıxa bilər.

2. Uşaq ani bir qorxu hissi keçirmiş, həqiqətən zərər görmüş, ya da gözləmədiyi  bir hadisəni görmüşsə (it dişləməsi, evə oğru girməsi, yol qəzası, adam öldürülməsi, zəlzələ və s.) onda bu hadisələrdən və insanlardan qorxu hissi meydana gələ bilər.

3. Valideynlərin narahatlığı yüksək səviyyədədirsə və davamlı olaraq evdə problemlər haqqında danışılırsa, belə bir ailə daxilində yaşayan uşaqda da qorxu hissləri meydana gələ biləcək.

Qorxuların mövcudluğu normal əlamət sayılır, lakin uşağa zərər verəcək ölçüdədirsə, mütləq bir peşəkar mütəxəssisə müraciət edilməsi zəruridir. Uşaq psixiatrı və psixoloqu ilə əməkdaşlıq edilməlidir.

Uşağın verdiyi siqnalları şüurlu bir şəkildə qiymətləndirmək vacibdir. Bütün bunlara əhəmiyyət verməmək, laqeyd yanaşmaq, ona lağ etmək, uşağı mühakimə etmək, ya da daha çox təzyiq edərək “sən kişi adamsan, qorxmamalısan” kimi mülahizələr irəli sürmək problemi həll etmir, əksinə, mövcud olan problemi daha da artırır.

Ailələr, hansı qorxuların normal, hansılarının isə mütəxəssis köməyinə ehtiyac olduğuna nəzarət etməlidirlər.

Sosial qorxunun şagirdlərdə yaratdığı əks-təsirlər

Şagirdlər tanımadıqları yerdə çox ürkək, səssiz, hərəkətsiz, utancaq bir davranış göstərirlər. Yaşıdlarının oyunlarına qoşulmayıb uzaqdan baxmaqla kifayətlənir, hətta bir küncə sığınıb gizlənərək onları seyr edirlər. Oyunlara qatılsalar belə, başçılıq edə bilmir, orada arxa planda qalırlar. Məktəbə getmək istəməyib müxtəlif bəhanələrlə evdə qalmaq istəyirlər.

Ana və ata tərəfindən daima danlanma, yaxud da çox kədərli bir hadisənin şahidi olmaq uşaqlarda bu qorxu hissini yarada bilər. Bəzi insanlarda hiss olunan sosial bacarıqlar zəifləyir, sonrakı dövrlərdə sosial qorxuya gətirib çıxara bilir. Bəzən gənclər sosial həyatda öz inkişafları üçün müsbət addımlar atmaq fikrinə düşdükdə ana və ata tərəfindən fikir və hərəkət sərbəstliyinin verilməməsi onlara maneçilik yaradır və bu qorxu hissini artırır.

Bəzi araşdırmalara görə, sosial qorxusu olan insanlar ailələrini daha az ittiham edən, ailə şərəfinin yüksək dərəcədə qoruyucusu rolunu oynayırlar.

Uşağınız məktəbə getməkdən qorxurmu?

Uşaq üçün qorxu hissi tanımadığı bir şəxsə qarşı göstərilən reaksiyadır. Normal inkişaf dövründə uşaqda qorxu hisslərinin mövcud olması təbii prosesdir. Bu, müdafiə olunma mexanizmlərinin inkişafı baxımından da lazımlıdır.

Təbii olaraq uşağın necə bir qorxu yaşadığını, onun dərəcəsini və səbəblərini yaxşı analiz etmək və ailəni düzgün istiqamətləndirmək mühüm məsələdir.

Körpəlik dövrlərində ani səs və yaxud tanımadığı şəxslərdən qorxan körpə, sonrakı dövrlərdə ilk dəfə qarşılaşdığı adam və vəziyyətlərə qarşı qorxu reaksiyasını göstərə bilər. Uşaq müxtəlif qorxular, yəni həkim, stomatoloq, heyvan, məktəb və sairədən, ata-anaya və özünə bir şey olacaq kimi qorxuları yaşaya bilər.

Qorxular hətta fobiyaya çevrilə bilər. Fobiya qorxu hissinin adamın gündəlik həyatına mənfi istiqamətdə təsir edən, qeyri-iradi haldır. Uşaqlarda da ən çox müşahidə olunan ictimai həyat, məktəb, qaranlıq, təbii fəlakətlər, heyvan, qapalı yerdə qalma (lift və s.) və təkqalma fobiya növləridir.

Məktəblərin açılış ərəfəsində uşaqları birinci sinfə qədəm qoyan hər bir valideyn sanki ilk sinfindəki həyəcanı yenidən yaşayır.

Rahat ev şəraitinə alışmış hər uşağın nizam-intizamla əhatə olunmuş məktəb həyatına başlaması müvəqqəti və psixoloji çətinliklər yarada bilər. Yeni dostların əhatəsində olmaq və müxtəlif paltarlar, rəngarəng qələmlər və dəftərlər, habelə fərqli oyunlar uşaqlar üçün yeni bir dünyaya açılmış pəncərə deməkdir. Valideynlər bu vəziyyətə uşaqlardan əvvəl hazır olmalıdır. Çünki uşaqların bu dövrdə qarşılaşdıqları problemlərin əvvəlcədən müəyyənləşdirilməsi və onların həlli yollarının tapılması vacibdir.

Məktəb qorxusu nədir?

Məktəb qorxusu məktəbə yeni gedən uşağın məktəbə getməməkdə inad etməsi, dostlarını qəbul etməməsi, ağlaması və s. kimi davranışları nümayiş etdirməsidir.

Bu qorxu hissi oğlan və qızlarda eyni dərəcədədir və bu uşaqların təhsil alacağı mühitə öyrəşməsini əngəlləyir. Uşaqlara görə qorxu şəraitə uyğunlaşmağın, narahatlıq doğuran vəziyyətlərin öhdəsindən gəlməyin bir yoludur. Bu qorxuya tez müdaxilə edildikdə, o unudulur.

Ümumiyyətlə, yeni bir vəziyyətlə qarşılaşdığımız zaman problemlərin olması normaldır. Bu vaxtlarda uşaqları məktəbə yola salmaq çətindir, ona görə ki, uşaq ilk dəfə anasından ayrı qalacaq. Normal inkişaf prosesində bu vəziyyətlərin yaşanması təbiidir. Bu problemlərin yaranmasına uşağın ana ilə olan münasibəti də səbəb ola bilər; ananın uşağın şəxsiyyətinin formalaşmasına imkan verməməsi, bir növ ananın da uşağa bağlı olması, evdə təzyiqli və narahat şəraitin mövcudluğu, yeni bir uşağın dünyaya gəlməsi və uşağın bu prosesi hələ dərk edə bilməməsi, ata və ananın narahat insanlar olması, ailə üzvlərindən birinin itirilməsi və ya xəstələnməsi kimi faktlar buna təsir edə bilər. Uşağın məktəbə başlamazdan əvvəlki dostluq təcrübəsinin keyfiyyəti, duyğularını və düşüncələrini çatdırmaqda rahat olması bu dövrdəki problemlərin öhdəsindən gəlməyə kömək edir.

Başqaları ilə münasibət qura bilməyən, ailəsinə bağlı, dostları ilə oyun oynamaqdan qaçan, anası ilə normal münasibəti olmayan uşaqların məktəbə başlarkən problem yaşaması gözlənilə bilən bir  haldır. Belə uşaqlarda enerji itirilməsi, məhdudlaşma, baş və qarın ağrılarından şikayətlənmə də qarşıya çıxan əsas problemlərdəndir.

Uşaqda məktəbə qarşı müsbət fikirlər oyatmaq üçün ona məktəblə bağlı real məlumatlar verilməli, məktəb dövründən əvvəl ana öz uşağını yeni dostluqlar qurmağa yönəltməlidir. Bundan əlavə, ailənin digər üzvləri də məktəblə bağlı yaşanmış hekayələrini uşağa danışa bilərlər.

Hər valideyn uşağın özünün geyinməsinə, yeyib-içməsinə şərait yaratmalı və hər yaş dövründə onları dinləməli, problemlərinin ola biləcəyini unutmamalıdır.

Valideyn, ilk növbədə, uşağın niyə məktəbə getmək istəməməsi ilə bağlı narahatlıqlarına qulaq asmalı, bununla bağlı duyğu və düşüncələrini deməsinə şərait yaratmalıdır. Unudulmamalıdır ki, bu problem məktəb və müəllimin ucbatından da ola bilər. Buna görə də ailə və məktəb daima ortaq olmalı və uşağın məktəbə getməməsinə imkan verilməməlidir.

Hər ata-ana uşağın narahatlığını başa düşdüyünü və bunun zamanla keçəcəyini vurğulamalıdır. Bundan əlavə, ailəyə bağlılığın azaldılması, tək oynaya biləcəyi oyunların dəstəklənməsi lazımdır.

Valideynlər məktəb üçün bazarlığı uşaqlarla birgə etməli, bu dövrdə qarşıya çıxa biləcək problemləri əvvəlcədən öyrənməlidirlər.

Məktəb qorxusuna tutulan uşaqlar üçün ailələr nə etməlidir?

1. Uşağın qorxusu barədə danışaraq səbəbini aydınlaşdırmağa çalışmalıdırlar.

2. Məktəbə getmədiyi üçün ona hədə-qorxu gəlməməli və onu qorxutmamalıdırlar.

3. Müəlliminə uşağın vəziyyətini danışmalı və lazım gələrsə, müəllimlə birlikdə uşaqla bağlı bir işi təşkil etməlidirlər.

4. Uşağın məktəbdən uzaq qalmamasına diqqət yetirməlidirlər.

Valideynlərin uşaqla birlikdə dərsə girməyi doğru bir davranışdırmı?

Məktəbdə, xüsusilə sinifdə mühitin təşkiledicisi, idarəçisi müəllimdir. Müəllimin mövqeyi, qərarı əhəmiyyətli yer tutur. Xüsusilə məktəbin ilk günlərində israrla anasından ayrılmaq istəməyən və sinif mühitinə qarşı reaksiyalı olan uşağın yanında, sinif içində söhbət oluna bilər. Ancaq bu, vəziyyətin davamlı olması deyil. Bu davranış bir neçə günü keçməməlidir.

Müəllim nə etməlidir?

Müəllim uşaqlara qarşı həssas olmalı və verilən tapşırıqları mütləq yerinə yetirmələri üçün uşaqlarda məsuliyyət hissi oyatmalıdır. Uşaqlara qarşı sərt davranılmamalı, problemlərinin nə olduğu dinlənilməli və müəllimin hər zaman onların yanında olduğu hissi aşılanmalıdır. Müəllim uşağa dərsə gəlməyin vacib olduğunu və ona dəyər verdiyini başa salmalıdır.

Qorxu hissi bağça uşaqlarında 3-5 yaşlar arası və ibtidai sinfə gedərkən müşahidə olunur. Sözügedən problem 12-14 yaş arasında da müşahidə oluna bilər.

Bağçada ilk gün stresindən necə yaxa qurtarmaq olar?

Bağçaya ilk dəfə gedən uşaqlarda zaman və məkan məfhumları tam formalaşmadığı üçün problemlər yaranır.

Evimiz buradan nə qədər uzaqdır?

Anam məni gəlib aparacaqmı?

Buradakı uşaqları tanımıram.

Ehtiyaclarımı kimdən istəyəcəyəm, kömək edərlərmi?

Evdə qanunlar yoxdur, bura isə qanunlarla doludur.

Uşaq bu sualların cavablarını yaşayaraq öyrənəcəyi üçün narahatlığı yüksək olur. İlk gün ana məktəbdə 1-2 saat qalıb onu müəllimlə tanış etməli, nə etməli olduğunu başa salmalıdır. Bir neçə gün uşağın görə biləcəyi yerdə oturmaq da faydalı ola bilər.

Adaptasiya prosesi

Əgər uşaq 15-25 gün ərzində məktəbə alışmasa, məktəbdən çıxarılması məsləhətdir. Çünki buna hələ hazır deyil. Lakin əvvəl bağçaya gedən uşaqlarda məktəb qorxusu olmur, olsa da tez unudulur. Çünki o buna bənzər mühitlə tanışdır.

Uşağa laqeyd yanaşmaq və ya bunun tam əksini etmək onda hissi və şəxsi inkişafı ləngitdiyi kimi, həm də öyrənmə və adaptasiya problemləri yaradır.

Hüseyn XƏLİLOV,
Qafqaz Universitetinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir