foto

Sirri açılmayan tarixi müəmmalar – FOTOLAR

Baxış sayı: 1. 674

Elm və texnikanın sürətli inkişafına baxmayaraq hələ də insanların cavab tapmaq istədikləri tarixi tapmacaların sayı kifayət qədərdir. Onların bəzilərinin yaşı min illər olsa da aralarında yaxın 50-100 ildə meydana çıxan müəmmalı hadisələr də az deyil. Əlbəttə bu sirlərin meydan çıxması konkret hansısa hadisə ilə bağlıdır və onun arxasında daha çox müəyyən səbəblərdən insanların iştirak etməyə məcbur olduqları hadisələr isə az deyil. Bu müəmmalı sirlərin açılmamasına səbəb isə onlarda iştirak edənlərin dünyada olmamalarıdır…

Hitlerin gizlətdiyi var-dövlət

Yaxın keçmişimizə aid edilən belə sirlərdən biri II Dünya müharibəsi zamanı faşist Almaniyasının rəhbəri Adolf Hitler tərəfindən işğal edilmiş ölkülərdən çapıb-talanılan və dəyəri milyardlarla dollarla ölçülən sərvətdir. İlkin məlumatlara görə, Hitlerin işğal altındakı ölkələrdən çapıb-taladığı sərvətin həcmi indiki qiymətlərlə 150-200 milyard dollar təşkil edir. Özü və bu var-dövlətin böyük hissəsi qızıl külçələr halına salınaraq xüsusi gizli yerlərdə saxlanılıb. Müharibədən sonrakı illərdə SSRİ, ABŞ, İngiltərə və Fransa da daxil olmaqla qalib gələn ölkələr Hitlerin qızıllarını hər yerdə axtarıblar. Amma bu qızılların müəyyən qalıqlarına ayrı-ayrı insanlarda rast gəlmək olub. Bununla belə Hitlerin milyardlarla dollar sərvətinin böyük hissəsinin harada gizlədilməsi məsələsinə hələ də aydınlıq gətirilməyib. Bunun da müxtəlif səbəbləri var. İş orasındadır ki, Hitlerin sərvətinin gizlədilməsində iştrak edənlərin çoxu bu sirrin açılmaması üçün dərhal öldürülüb. Sərvətin gizlədilməsinə rəhbərlik edənlərdən sağ qalan tək-tək adamlar isə gizləniblər və başqa ad altında yaşayıblar. Çünki bu sirri açmaq onlar üçün labüd ölüm deməkdir. Hitlerin qızılını yalnız dövlətlər deyil, ayrı-ayrı xəzinə həvəskarları da axtarıblar və axtarmaqda davam edirlər.

Bəzi şayiələrə görə Hitler çapıb taladığı sərvəti müharibənin sonrakı illərində Saksoniyadakı Doyçnoydorfe adlı yerdə gizlədib. Bəzi məlumatlara görə isə Hitlerin sərvəti Avstriyadakı Toplitsa gölünün dibində basdırılıb. Amma Hitlerin gizli arxivlərinin ciddi şəkildə araşdırılmasına baxmayaraq gizlədilən sərvətin yeri haqqındakı məlumatlra rast gəlmək mümkün olmayıb. Bu sənədlərin sadəcə olaraq məhv edildiyi ehtimal edilir. Bunula belə Hitlerin saysız-hesabsız sərvətinin axtarışı nəinki Almaniyada, həm də qonşu ölkələrdə, o cümlədən Polşada, Avstriyada, Çexiyada həmçinin Rusiyanın işğalı altında ona Şərqi Prussiyada-Kalininqradda (Köniqsberq) davam edir. Kim bilir, bəlkə də haçansa Hitlerin gizlətdiyi sərvətin izinə düşmək mümkün olacaq…

“Siklop”un yoxa çıxması

Yaxın keçmişimizdə baş verən müəmmalı hadisələrdən biri də “Siklop” gəmisinin yoxa çıxması ilə bağlıdır. 1918-ci ilin fevral ayında ABŞ hərbi-dəniz donanmasına məxsus “Siklop” gəmisi Braziliyaya istiqamət götürdü. Məqsəd Cənub Atlantika sahillərində keşik çəkən Böyük Britaniya hərbi gəmilərini yanacaqla təmin etmək idi. “Siklop” bu vəzifəni uğurla yerinə yetirərək geri qayıdanda Barbados adası yaxınlığında dayandı. Bundan sonra isə, daha dəqiq desək 1918-ci il mart ayının 4-də “Siklop” göyərtəsində 300 nəfər sərnişin və onlarla heyət üzvü ilə Baltimor sahillərinə doğru üzməyə başladı. Ancaq bundan sonra gəmidən səs-soraq çıxmadı. ABŞ-hökuməti 20 il ərzində, II Dünya müharibəsi başlayana kimi aramsız olaraq “Siklop”u axtardı. Lakin gəminin izinə-tozuna rast gəlmək mümkün olmadı. Əgər gəmi qəzaya uğrasaydı hər halda onun qalıqlarına okean sularında rast gəlmək mümkün olacaqdı. Üstəlik onunla bağlı nə isə baş versəydi, onda gəminin olduqca təcrübəli heyəti şübhəsiz ki, bu barədə “SOS” siqnalı verərdilər. Yəni bütün hallarda “Siklop”un iz qoymadan yoxa çıxması mümkün deyildi. Amma “Siklop”dan bu günə kimi xəbər yoxdur və onun başına nələrin gəldiyini heç kim bilmir…

Çingizxanın qəbri haradadır

Bir vaxtlar dünyanın az qala yarıdan çoxunu işğal edən böyük türk-monqol sərkərdəsi Çingizxanın məzarının harada olması da arxeoloqlar və tədqiqatçılar üçün sirr olaraq qalır. 1227-ci ildə dünyasını dəyişən Çingizxanı olduqca gizli şəkildə dəfn ediblər. Onun dəfnində iştirak edənlərin demək olar hamısı öldürülüb. Çingizxanın dəfn edildiyi yerin izini itirmək üçün 10 min atlı həmin yeri tapdalamaqla məşğul olub. Bəzi tarixçilər bütün hallarda Çingizxanın Onon çayı ətrafında dəfn edildiyi qənaətindədirlər. Bu çay yüzilliklər boyu mütəmadi olaraq yerini dəyişdiyinə görə, Çingiz xanın qəbrinin onun yatağı altında qaldığını ehtimal edirlər. Bəzi tarixçilər isə Çingizxanın anadan olduğu Xenti aymakında (oymak) dəfn edildiyi qənaətindədirlər. 2006-cı ildə arxeoloqlar Ulan-Batordan 10 kilomet qərbdə Çingizxanın böyüklüyünə görə üçüncü olan sarayının qalıqlarını aşkar etdilər. Əvvəlcə belə hesab etdilər ki, böyük sərkərdənin qəbri də məhz sarayın ətrafındadır. Ancaq 9 illik axtarışlar nəticə vermədi. Bununla belə Çingizxanın qəbrinin axtarışları indi də davam edir…

Bimini yollar haraya aparır?

Dünyanı heyrətə salan sirlərdən biri də Baqam adaları sahilləri yaxınlığında dənizin dərin qatlarında kilometrlərlə uzanan və əsasən daş bloklardan ibarət Bimini adı verilən yolun aşkar edilməsidir. İlk vaxtlar tədqiqatçılar bu yolun təbii proseslər nəticəsində yarandığı qənaətinə gəldilər. Lakin tədqiqatlar zamanı daş blokların insan əllərinin məhsulu olduğu ortaya çıxdı. Çünki bu qədər daş bloklar heç də təbii proseslər nəticində yarana, olduqca riyazi dəqiqlik əsasında yonula və düzülə bilməzdi. Bu yolların dənizin dərinlikləri ilə haraya və nə qədər uzandığını da müəyyən etmək çətin idi. Çünki bəzi yerlərdə onların üzərini 10-15 metr qalınlığında lil qatı örtmüşdü və onlar dənizin dərinliklərinə doğru su altında itirdilər. Bu qəribə yolların nə olduğu barədə baş sındıran tədqiqatçıların ağlına gələn ilk fikir onların əfsanəvi Atlantidanın qalıqları ola bilməsi oldu. Dərhal da məşhur öngörücü Uilyam Keysinin 1938-ci ildə dediyi Baqam adası sahillərində Atlantidanın qalıqlarının tapılması barədə dedikləri yada düşdü. Ancaq hələlik Baqam adaları yaxınlığında dənizən dərinliklərin tapılan sualtı yolların Atlantidaya aid olub-olmadığını dəqiqləşdirmək mümkün olmayıb…

“Ledi Nənə”

ABŞ prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı çəkilən sənədli filmlərdə yol kənarında naməlum bir qadının dayandığı aydın şəkildə görünür. ABŞ-ın 35-ci prezidentinin maşınını izləyən bu naməlum qadın şabalıdı rəngli paltodadır, başına şal örtüb. Amerikalılar bu qadına “Ledi Nənə” adı veriblər. Qadın əlindəki videokamera ilə baş verənləri lentə alır. Atəş səsləri eşidilir və hərə bir tərəfə qaçır. “Ledi Nənə” isə heç nə olmamış kimi baş verənləri videoya almaqda davam edir. Sonra isə o həyəcan içində olan və prezidentin öldürülməsindən sonra çaşqınlıq içində olan kütləyə qarışaraq yox olur. Heç kim, o cümlədən prezidentin təhlükəsilik xidməti də bu qadının kimliyi ilə maraqlanmır, onun niyə heç nədən qorxmayaraq və təşvişə düşməyərək baş verənlüri lentə almasının səbəblərini soruşmur. Sonralar bu qadının Federal Təhqiqat Xidməti tərəfindən axtarılması nəticə vermir. Qadın necə deyərlər səssizcə yoxa çıxır və onun izinə bundan sonra heç yerdə rast gəşlmək mümkün olmur. 1970-ci ildə Beverli Oliver adlı bir qadın jurnalistlərə bildirib ki, o həmin naməlum “Ledi Nənə”dir. Dərhal onu Federal Təhqiqat Xidməti əməkdaşları sorğu-suala tutublar. Beverli Oliver isə baş verənləri danışarkən bir neçə dəfə çaşıb və sonda onun yalan danışdığı üzə çıxıb. Bu günə kimi də Kennedinin öldürülməsini sakit halda videolentə alan qadının kim olduğu məlum deyil…

 

Əziz Mustafa




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir