“Gözəllik dünyanı xilas edəcək” fikrinə aludə olub hər bir təhlükəli yola əl ataraq, öz bədənlərində dəyişiklik etmək qadınlarımıza xas olan xüsusiyyətlərdəndir. Bir vaxtlar xanımlarımız dərilərinin qaralması üçün sadəcə yay mövsümünü gözləməli olurdular. Günəş şüaları vasitəsilə dərinin qaralması bir müddət davam edir. Qış mövsümündə dəri yenə də əvvəlki rəngini almağa başlayır.
Son vaxtlar qaralmağı xoşlayanlar bunu süni yolla həyata keçirirlər ki, bu üsul «solyari» adlanır. Avropada qadınların 70%-i hər il solyariyə müraciət edirlər. Ölkəmizdə də solyaridən istifadə edənlərin sayı az deyil. Bəs, gözəlləşmək üçün əl atdığımız bu vasitənin əslində sağlamlığımıza ziyan vurduğunu bilirikmi?
Solyari orqanizmdə xəstəliklərin yaranmasına səbəb olur
Solyarinin orqanizmə müsbət təsiri olduğu kimi, mənfi təsiri də var. Həkim-kosmetoloqlar solyarinin bir çox xəstəliklər törətdiyini istisna etmirlər. Solyari saçın sturukturunun pozulması, onkoloji xəstəlikləri olan insanlarda şişin böyüməsi, dəri örtüyünün piqmentasiyasının dəyişməsi və dərinin elastikliyinin azalması kimi fəsadlar törədir. Əgər insanda D vitamini çatışmırsa, onun solyariyə girməsi təhlükəlidir. Bu halda həmin şəxsdə xərçəng xəstəliyi yarana bilər. Solyaridə yanmaq təhlükəlidir. Yanmaq nəticəsində meydana gələn yaranın izləri illərlə bədəndən getmir. Solyari şaquli və horizontal olur. Horizontal solyarinin fəsadları daha çoxdur.
Dermatoloq alimlər hesab edirlər ki, dərinin növündən asılı olaraq, hər insan doğulduğu vaxtdan müəyyən şüalar qəbuletmə normasına malikdir. Bu normanı keçmək orqanizm üçün təhlükəlidir. Qeyd edək ki, solyari ultrabənövşəyi şüalarla zəngindir. Ultrabənövşəyi şüalar kollagen və elastendən ibarət olan dəri karkasını dağıdır. Həddən artıq şüa qəbul etmək piqment ləkələrin əmələ gəlməsinə, katarakta kimi xəstəliklərin yaranmasına səbəb olur. Ultrabənövşəyi şüalanma orqanizmdə toplana və illər keçdikdən sonra öz fəsadlarını üzə çıxara bilər.
Solyari osteoporoza tutulma risqini xeyli dərəcədə azaldır
Orqanizmin yüzdən çox funksiyası Günəş şüasının təsirindən asılıdır. Solyari Günəş şüaları ilə zəngindir. Buna görə də o, soyuqdəymə vaxtı infeksiyalarla mübarizə aparmağa kömək edir, ayaqda xroniki səviyyəyə çatmamış varikoz damarlarının genişlənməsi zamanı da xeyirlidir.
Hamilə qadınların solyaridən istifadə etməsi təhlükəlidir
Həkimlər hamilə və şəkər xəstəliyi olan qadınların solyaridən istifadə etməsinə icazə vermirlər. Hamiləlik dövründə günün təsiri nəticəsində hormonların konsentrasiyası çoxaldığı zaman, qadınların üzündə tünd ləkələr əmələ gəlir. Bu ləkələr bəzən doğuşdan sonra yox olur, bir çox hallarda isə üzdə həmişəlik qalır. Solyari də bu ləkənin qalmasına səbəb olan vasitələrdən biridir. Eyni zamanda solyari dölün hərarətinin artmasına gətirib çıxarır. Əgər döl uzun müddət hərarət altında qalırsa bu, beyinin zədələnməsinə səbəb olur. Həmçinin bəzi tədqiqatçılar ultrabənövşəyi şüaların sinir sisteminə bilavasitə təsirini iddia edirlər. Yəni şüalanma uşaqların onurğa sütununa təsir göstərir. Bu da körpənin qüsurlarla dünyaya gəlməsinə gətirib çıxarır. Dərman qəbul edən insanların solyaridən istifadə etməsi Günəş allergiyasına səbəb ola bilər.
Solyari zamanı nələrə diqqət etmək lazımdır?
Solyari zamanı uzanacağınız yerin təmiz olmasından əmin olun. Əks halda bədəninizə mikrob keçər. Ən əsası isə gözünüzdə qoruyucu eynək olmalıdır. Eynəksiz solyariyə girmək gözlərinizin zəifləməsinə, bəzən də kor olmasına gətirib çıxarar. Bəzən qadınlar solyaridən sonra saçlarının codlaşmasından şikayətlənirlər. Bunun qarşısını almaq üçün həmin vaxt saçlarınızı yaylıqla bağlayın. Daha ağ dərisi olan insanların 5 dəqiqədən artıq solyaridə qalması təhlükəlidir. Solyari 10 gün fasilələrlə davam etdirilməlidir.