toy

Avropasayağı nigah və Azərbaycansayağı toy

Baxış sayı: 668

Toy Azərbaycan xalqının mədəniyyətinin, mentalitetinin, adət- ənənələrinin sütunudur  desək, yəqin ki, yanılmarıq. Bölgələrdən asılı olaraq müəyyən fərqliliklər olsa da, ümumi toy prinsipləri çoxdur və bəzi elementlərdən ibarətdir. Azərbaycan milli toy adətləri bir-biri ilə bağlı olan mütəşəkkil sistemdir. Toy rəsmi nigah mərasimi olmaqla yanaşı, bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərimizdə Azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapıb. Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir edib, həm də özümüz digər xalqların mədəniyyətlərindən müəyyən elementlər götürmüşük. Toy adətlərinə zəmanənin, avropalaşmanın təsiri də hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libaslı azyaşlı qızların iştirakı, toyda müasir rəqs (diskoteka) üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının keçirilməsi və s. bu yeniliklərdəndir.

Yaxın keçmişə qədər, gənc oğlanlar qızları adətən bulaq başında görərdi. Bəzən də heç toy gününə qədər adaxlısını görməz, yalnız qızın sorağını eşidərdi. Ana və bacıların vəsitəsi ilə qızın valideynlərinə xəbər yollayar, razılıq varsa ailə böyükləri işə qarışardı və bu minvalla təməli olduqca möhkəm hesab edilən ailələrin bünövrəsi qoyulardı. Bu cür evliliklər, görücü üsulu ilə evlilik adlanırdı. Zəmanənin təsiri ilə, bir çox adətlərimizdə olduğu kimi qız bəyənmə mərasimində də kifayət qədər dəyişikliklər nəzərə çarpmaqdadır. İndi tanışlıqların əksər hissəsini ya internet saytları, sosial şəbəkələr, yaxud qohumluq, iş əlaqələri təşkil edir. Aralarında münasib biri varsa gələcək həyat yoldaşı bu mühitdən seçilir. Avropalılar, nigah agentliklərini yaratmaqla münasib həyat yoldaşı tapmaq probleminə alternativ çıxış yolu yaradıblar.

Toy

Bizim ölkəmizdə də, bəzi insanlar üçün münasib həyat yoldaşı tapmaq çətindir. Qəzetlərin birində bizim ölkədə fəaliyyətdə olan nigah agentliyinin elanını görüb maraqlandıq. Elan tənhalıqdan yorulmuş, yarını  tapa bilməyən insanları həmin ünvana müraciət etməyə çağırırdı. Maraqlı idi, görəsən azərbaycanlılar kimi evlilik mövzusuna belə həssaslıqla yanaşan xalqın nümayəndələri ora müraciət edirmi?

“Orxideya” adlı nigah agentliyinin fəaliyyəti bizdə böyük maraq oyatmışdı. Odur ki, bu sualların cavabını tapmaq üçün, yolumuzu qəzetdə elanı verilmiş ünvandan saldıq. Şəhərin mərkəzi küçələrindən birində yerləşən ofisin qapısından girəndə maraqlı dizayn, divardan asılmış bəy-gəlin şəkilləri və onlarla qovluq yığılmış stol insanda qeyri-adi təəssürat doğururdu. Niyə qovluqların bəzisi qırmızı, bəzisi göy rəngdədir? -deyə soruşanda belə cavab verdilər ki: ” Qırmızı rəngdə olanlar qadınlara, göy rəngdə olan qovluqlar kişilərə aiddir. Bizdə müxtəlif yaş qruplarından olan insanların siyahısı var. 18 yaşdan tutmuş, 72 yaşa qədər olan namizədlərin anketini qəbul etmişik. Agentliyimizdə çox uğurlu evliliklər baş tutub. Bu günə qədər də əlaqə saxladığımız ailələr var. Bizim tanışlıq bürosunu gənclər üçün ona görə uyğun hesab etmək olar ki, insanlar bu tanışlığa böyük ümid bəsləyir, daha ciddi yanaşırlar. Onlar bizə inanırlar “. Öyrəndik ki, bu agentliyin həm psixoloqu, həm də astroloqu var ki, evlilik qərarını verməyə hazırlaşanlara fikir və məsləhətləri ilə yardımçı olur, yol göstərirlər. Öyrəndik ki, on ilə yaxındır ölkəmizdə fəaliyyət göstərirlər. Agentliyə müraciət edənlər haqda da sual verdik. Cavab belə oldu: “Agentliyimiz, yarını tapmaqda yalnız  azərbaycanlılara kömək edir. Tək paytaxtda deyil, bölgələrdə, xarici ölkələrdə yaşayan vətəndaşlarımızdan hər il çoxlu sayda anket qəbul edirik. Təsəvvür edin ki, xaricdə yaşayan həmyerlimiz azərbaycanlı bir xanımla ailə qurmaq arzusundadır. Hara müraciət etməlidir? Bax biz  bu missiyanı üzərimizə götürmüşük. Agentliyə müraciət edənləri hərtərəfli araşdırırıq, iş yerləri, ailələri haqda dolğun məlumat toplayırıq. Qanunsuzluğa yol vermədən, əhaliyə xidmət edirik. Elə qızlar  var ki, anket doldurmağa  valideynləri ilə birlikdə gəlirlər ” . Tanışlıq prosesi barədə soruşduqda bu cavabı aldıq: ” Çox sadədir. Anketi dolduran namizədə, əvvəlcədən bizə müraciət edənlərin anketini göstəririk. Gələn namizəd anketlərin arasından kimi bəyənirsə, həmin adama telefonla xəbər veririk. Əgər qarşı tərəf razılıq verirsə, bizim agentlikdə xüsusi tanışlıq otağı var. Orada bir-birlərini daha yaxından tanıyırlar. Tanışdıqdan sonra, münasib cütlük olduqlarını düşünürlərsə, növbəti mərhələ evlilik olur “.

Əgər Azərbaycan mentalitetini nəzərə alsaq, hər hansı xanıma yolda tanışlıq təklifini, o qədər də uğurlu hesab etmək olmaz. Oğlanın fikrindən asılı olmayaraq, xanım üçün bu yanaşma qəbuledilməzdir. Hətta zavallı “bəy” təhqirlərə də məruz qala bilər. Agentlikdə belə bir maraqlı hadisə olub : günlərin bir günü, yarısını axtaran oğlan, anketdə gözəl bir qızla tanış olub evlənmək qərarına gəlir. Sonradan məlum olur ki,  demə bu iki cavan qonşu imiş.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir