Son iki həftə ərzində uşaq və böyüklər arasında boğaz ağrısı, hərarətlə müşahidə edilən virus yayılıb. Virus bir anda boğaz ağrısı ilə başlayır və günlərlə davam edir.
İnsanlar xəstəliyin simptomlarının koronavirusla üst-üstə düşdüyünü, paralel olaraq sümüklərinin də ağrıdığını deyirlər.
Lakin COVID-19 testi verənlərin böyük əksəriyyətinin nəticəsi neqativ çıxır. Bəs bu virusdan necə qorunmaq olar?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirir ki, bu tamamilə təbii bir haldır: “Hər il payız-qış mövsümündə hava-damcı yoluxma üsulu ilə yayılan kəskin respirator virus infeksiyalarına yoluxma hallarının sayı artır. Bunlar ayrı-ayrı infeksiyalar olsa da, klinik mənzərəsi oxşardır. Yəni qeyd edildiyi kimi əsasən yuxarı tənəffüs yollarının zədələnmə əlamətləri – burun axması və ya tutulması, asqıraq, öskürək, boğaz ağrısı və s. ilə yüksəlmiş və ya normal hərarət fonunda özünü büruzə verir.
Eyni zamanda yeni koronavirus infeksiyasının “Omikron” ştammı oxşar simptomlarla müşayiət olunur və bunları bir birindən ayırmaq üçün laborator testin aparılması zəruridir. Beləliklə, həmin testlərin mənfi nəticəsi əksərən COVID-19-u inkar etməyə imkan verir.
Hər iki halda virus infeksiyasına bakterial infeksiya da qoşula bilər. Bu halda xəstəlik daha da uzanır və onun gedişi müəyyən qədər dəyişir. Bununla belə, bu iki infeksiyanın eyni yoluxma mexanizmləri olduğu üçün qorunma tədbirləri də eynidir”.