Müsahibimiz psixoloq, NLP üzrə mütəxəssis, müxtəlif mövzular üzrə təlimçi-ekspert Rəvan Soltanovdur. Onunla cəmiyyətimizin psixoloji problemlərindən, ailədaxilə münasibətlərdən, gəncləri maraqlandıran sevgi münasibətlərindən və s barədə danışmışıq.
– Sizcə, cəmiyyətin hazırkı psixoloji vəziyyətini necə qiymətləndirmək olar? Cəmiyyətdə münasibətlərin son dərəcə maddiləşdiyini demək olarmı?
– Bildiyiniz kimi iki cür dəyər mövcuddur: maddi və mənəvi dəyər. Hal-hazırda, ümumən müasir zamanımızda bu və ya digər səbəblərə görə insanlar maddi asılılığa uğramışlar və istənilən halda bu məsələnin həllinə məcbur vəziyyətdədirlər, müvafiq həllinə isə əksər hallarda çətinliklə nail olurlar. Bunu əsas tutaraq deyə bilərəm ki, cəmiyyətimizin böyük əksəriyyəti maddi depresiyyadadır. Misal olaraq, insanların cəmiyyətdəki geyim tərzinə və ümumi düşünmə tərzinə diqqət yetirməniz kifayət edə bilər. Bunu da qeyd etməliyəm ki, sözügedən vəziyyət yalnız bir ölkədə deyil, bütün dünya üzrə vüsət almışdır. Tez əldə olunan bir maddi varlığı tez bir zamanda əldən verdiyimizdən, əsas reallıqlardan biri olduğunu əsas tutaraq oxuculara məsləhətim odur ki, asan deyil, zəhmətlə sərvətə nail olsunlar. Məncə müasir zamanımızda bu əsas arqumentlərdən biridir və əminəm ki, məni doğru anladınız.
Bu istiqamətdə ikinci toxuna biləcəyim mövzu cəmiyyətin bir məsələyə ümumi yanaşma tərzidir. Mənim üçün cəmiyyətdə iki yanaşma mövcuddur: emosional və arqumentli yanaşma tərzi. Real cəmiyyətdə maddi asılılığın inkişaf etməsi və maddiyyətin mənəviyyatı üstələməsi kimi acı həqiqəti əsas tutaraq deyə bilərəm ki, insanlar şüuraltı və şüurlu olaraq emosional münasibətlər mövzusunda “acdırlar”. Bu səbəbdən emosiyalarını əksər hallarda doğru istiqamətləndirməyərək stress və depressiyaya uğrayırlar. Bu isə ümumi cəmiyyətdə ümümi düşüncə və davranışa öz mənfi təsirini göstərir.
– Ölkəmizdə ailə münasibətlərində yeni meyillər, yeni tendensiyalar varmı?
– Ümumi statistik rəqəmlərə görə deyə bilərəm ki, günü-gündən boşanma hallarının sayı artır. Düşünürəm ki, rəqəmsiz belə, siz də bunun fərqindəsiniz. Buna səbəb kimi maddi çətinlik və qarşılıqlı anlayış tərzinin olmamasını misal olaraq göstərə bilərəm. Yeni meyl və tendensiyaya gəldikdə isə – bəli, görürəm və bu, bilavasitə cəmiyyətin düşüncələsində əks olunur, hansı ki, bu istiqamətdə kifayət qədər mənfi nüanslar vardır.
– Mövzunu davam etdirərək, bu suala gənclərin, xüsusilə əks cinslərin münasibətləri və sevgi münasibətləri barədə necə cavab vermək olar?
– Bu mövzu indiki zamanımızda ən həssas və aktual mövzulardan biridir. Az öncə yuxarıda qeyd etdiyim kimi, təəssüf ki, indimizdə maddi dəyərlər mənəvi dəyərləri üstələyib. Bunun ehtiyac, tənbəllik və tamahdan irəli gəldiyini düşünürəm. İstənilən halın arqumentli izahı olduğuna əminəm. Lakin yuxarıda qeyd olunan arqumentlər mənəvi dəyərlərin itməsinə əsas səbəblərdir.
Əsas göstəricilərdən biri də budur ki, insanlarda artıq “itirmə qorxusu” “yox” dərəcəsindək enib. Bu hissin insani dəyərlərin qorunmasında əsas rol oynadığını siz də bilirsiniz. Cütlüklərin mənə olunan müraciətləri isə əsasən iki mövzuda olur: qarşılıqlı anlaşılmamazlıq və “o olmasa da başqasını tapacam da, problem yoxdur”. Cavabım belə olur: “… yaxşı, əgər itirməyə qorxmursansa, o zaman niyə yanıma gəlmisən? ”
Gördüyünüz kimi, qeyd olunan arqumentlərdən əlavə düşüncələrimiz bir sistem üzrə deyil, xaotik inkişaf edir. Bu düşüncələr isə cəmiyyətin süqutuna aparan göstəricilərdir. Bunlara səbəbini: sosial şəbəklərdən asılılıq, yuxusuzluq, asan pul qazanma yolu – kredit, tənbəllik, passiv həyat yaşama tərzi, real ünsiyyətdən uzaq olmaqda və s.-də görürəm.
Acınacaqlı məqamlardan biri də budur ki, müsir zamanımızda əksər ailələrdə valideynlər övladlarına kifayət qədər zaman və diqqət ayırmırlar. Ümumiyyətlə cəmiyyət “sevginin” yaxud “əsl və ideal ailənin” nə olduğunu bilmir və ya unudub. Eqo yüksək səviyyədədir. Bəzi hallarda müraciət edən pasientlərimə üzümü tutub deyirəm ki,
– Mən valideynlərinizin sizə zamanında deməli olduğu məsələləri deyirəm, niyə valideynlərinlə bunu müzakirə etmirsiniz?
Cavab belə olur: “Müəllim, valideynlərim heç mənlə maraqlanmır axı… yaxud bəzən bütün işlərimə qarışırlar və bu halda mənim fikrim son plana keçir…”
Belə hallarda mütləq şəkildə valideynlərlə görüşürəm və lazımi məlumat və dəstəyi verirəm. Yəni, demək istədiyim budur ki, müvafiq xoşagəlməz münasibətlər bəzən ailədən də qaynaqlana bilir.
Gördüyünüz kimi, səbəblər o qədər çoxdur ki, saymaqla bitmir. Həll yolunun başlanğıcını real ünsiyyət və mənəviyyatın qorunmasında görürəm. Bu günümüzdə ünsiyyət o qədər arxa plana atılıb ki, ictimai transportda yaxud yolda kiminsə danışdığını, kiminsə kimləsə söhbət etdiyini gördükdə mədəniyyətsizlik kimi qəbul edirik, yaxud qəribə yanaşırıq, sanki qəbul olunmayan bir davranış kimi qəbul edirik. Bu düşüncəni və yeni yaranmış bu stereotipi tez zamanda aradan qaldırmalıyıq.
– Gənclərimizin hansı etiket problemləri diqqətinizi çəkir?
– Əsasən davranış, ünsiyyət və özünü təqdim etmə kimi ciddi problemləri vardır gənclərimizin.
– Gəncləri maraqlandıracaq bir məqama yanaşmanız maraqlıdır. Oğlan və ya qız tərəf müqabilini necə analiz edə bilər? Məsələn, qız və ya oğlan necə müəyyən etsin ki, qarşı tərəf onu həqiqətən də sevir?
– Bu sualınızla sanki bir neçə saatlıq təlimi bir neçə cümlə ilə ifadə etməmi istədiniz (gülür – red.) Yəni, bu mövzu düşündüyünüzdən də çox genişdir və bir neçə cümlə ilə cavablandırmaqda çətinlik çəkirəm. Bu mövzu ilə əlaqədar, mənim “Ailə və onun yaradılışı” teoremimdə daha yaxından tanış ola bilərsiniz. Bu çox həssas və son dərəcə diqqət tələb edən mövzudur. Bu səbəbdən mən bu sualınızı tam olaraq bir neçə cümlə ilə cavablandıra bilməyəcəyəm. Amma açar olaraq iki arqumenti deyə bilərəm:
- Bir qadın əgər bir kişinin yanında özünü qadın kimi hiss etmədisə yaxud əksinə, bir kişi ki, özünü bir qadının yanında özünü kişi kimi hiss etmədisə, bu ailə, yaxud bu münasibət uzunmüddətli ola bilməz;
- Səmimiyyət olmayan istənilən münasibət süquta məhkumdur.
– Daha bir aktual məsələ: Devalvasiya bizim psixoloji vəziyyətimizə necə təsir etdi?
– Az öncə qeyd etdiyim kimi, maddi dəyərlərin mənəvi dəyərləri üstələdiyi bir zamanda yaşayırıq. Devalvasiya əksər müasir insanları daha çox dəyərləndirdiyi maddi tərəfdən sarsıtdı və cəmiyyət maddi depresiyaya uğradı. İlk öncə mənəvi dəyərlərimizi maddi dəyərlərə sataraq itirdik, indi isə maddi dəyərlərimiz də yoxdur. Necə deyərlər: “Əli aşından da olduq, Vəli aşından da”. Məncə bu insanlıq üçün həyəcan siqnalı ola bilər.
– Bu təsir nə zaman neytrallaşacaq?
– Bu depressiv zamanın neytrallaşması üçün artıq gecikirik. Mənəvi dəyərləri dirildərək insaniyyəti, cəmiyyəti diriltməliyik. İnsaniyyət cəmiyyətdir, cəmiyyət isə birlikdir, gücdür. Güc isə konkret nəticə və sistemdir. Sistem isə real bərəkətdir, ruzidir və ədalətli yaşamdır. İstənilən miqyaslı sistemin başında insan resursu dayandığını əsas tutaraq, düşünürəm ki, bizim mənəvi dəyər və prinsiplərimiz bərpa olunmayana qədər bu məsələ belə də davam edəcək.
– Son zamanlar NLP barədə tez-tez eşidirik. Ancaq çoxumuz onun şərhini bilmirik. Bu termini necə izah etmək olar?
– Bu elmin linqvistika ilə bağlı olduğunu siz də bilirsiniz. Lakin bu elmin əsasını, reallığımızda baş verən hadisələr ardıcıllığı, nəticə, hisslər və düşüncələr əhatə edir. Bu isə, sizcə, psixologiya deyilmi? NLP psixologiya elmindən yaranmış müasir bir “elmdir”.
– Təlimçiliyin modeli nədən ibarətdir? Yoxsa ümumiyyətlə belə bir model yoxdur, sadəcə təcrübə və auditoriyanı idarəetmə bacarığı lazımdır?
– Üç seqmetdə biliyə malik insanlar vardır: müəllim, alim və təlimçi.
Müəllim – hazır nəzəriyyəni şifahi şəkildə auditoriyaya çatdırır və müvafiq mövzunun “niyəsini” bilmək məcburiyyətində deyil.
Alim – yalnız praktika üzrə ixtisaslaşmış “mütəxəssisdir”.
Təlimçi isə – həm praktiki və həm də nəzəri məlumata sahib olan şəxsdir. Hansı ki, nəzəriyyəni praktiki şəkildə, yaxud praktikanı nəzəri şəkildə auditoriyaya çatdırır. Sırf təlimçi olmaq üçün isə əlavə psixoloji biliklərə də sahib olmaq lazımdır. Çünki, istənilən halda insan resursu, kütlə ilə bilavasitə əlaqədə olur.
Söhbətləşdi: Vüsal Məmmədov
P.S. Sonda isə Rəvan Soltanov bir xanım pasiyentinin həyat hekayəsini bizimlə bölüşdü:
– Bir gün bir xanım facebook sosial şəbəkəsindən mənə seanslarım barədə məlumat əldə etmək istədi. Sualların çox olduğunu gorub xanımı ofisimə dəvət etdim. Xanım əsl Azərbaycan xanımı kimi incə, təvazökar, xatun biri idi. Xanımın şikayəti həyat yoldaşı ilə aralarında olan soyuq münasibətdən ibarət idi. Hələ indiyədək ilk görüşümüzdən son görüşümüzədək keçirdiyimiz hər saniyə, hər an xatirimdədir… və çox heyif ki, bu xatirələr yalnız xatirə olaraq yaddaşımda qalacaq…
– Rəvan bəy, ilk öncə həyat hekayəmi sizə danışmaq istəyirəm.
– Buyurun.
– Başqa, əlavə mövzularla başınızı ağrıtmaq istəmirəm. Mən evliyəm və sevmədiyim biri ilə evlənmişəm. Yoldaşım atamın kolleqasının oğludur. Mənim öz sevdiyim biri var və hələ də onu sevirəm. O da məni sevir. Sevdiyimlə ilkin tanış olanda o nişanlı idi və təsadüfən tanış olmuşduq. Mənə sevdiyini deməsə də, bilirdim ki, məni sevir. Ailəmdə tez-tez söz-söhbətlər olurdu. Hər dəfə də o mənə sahib çıxırdı və yanımda olaraq dəstək olurdu mənə. Amma hər zaman ailəmin tərəfində idi və boşanmaq istədiyim anlarda belə qoymurdu bu addımı atım. Və irəli zamanlarda bəzən sevinirdim boşanmamağıma və bəzən isə əvvəlkindən daha çox istəyirdim ayrılım yoldaşımdan. Amma hər dəfəsində sevdiyim mənim qabağımı kəsirdi ki, olmaz, ailə müqəddəsdir… bir tərəfdən atam və bir tərəfdən isə sevgilimin təpkiləri ilə indiyədək boşanmamışam… Beləliklə, 2 ildir ki, artıq yalnız sevgilimə görə yoldaşımdan boşanmıram.
Bir neçə ay öncə isə atamı itirdim. İndi artıq məni anlayacaq bir insan olaraq yalnız sevgilim yanımdadır. Anam məni anlamaq istəmir. Başa düşürəm anamı, istəmir ailəm dağılsın. Amma o bilmir axı bağlı qapı arxasında yoldaşım başıma nə oyunlar açır…
Bezmişəm artıq yoldaşımın təhqirlərindən, məni döyməsindən. Bəli, günahım da olur, bəzən haqq edirəm mənə dəyən sillələrini. Bütün bunlara baxmayaraq mən də ailəmi qoruyub saxlamaq istəyirəm, amma hər dəfə mən qorumaq istədikcə sanki o, əksini istəyir.
– Övladınız varmı?
– Yox, yoxdur. Amma bir dəfə hamilə qaldım. Ailəmiz – qaynanam, qaynatam, yoldaşım, atam, anam, mən… hamımız çox xoşbəxt idik. Sanki bu uğursuz ailəmdə bir ümid işığı, təsəlli, stimul yarandı. Çox sevinirdim. Bir neçə aylıq ikən artıq geyimlər alırdım ki, gələndə artıq hər şeyi olsun (gülümsəyir). Lakin bu sevincim də uzun sürmədi. Növbəti konfliktlərin birində yoldaşım mənə əl qaldırdı, döydü. Bətnimdə olan övladımı həmin gün bütün ümidlərimlə birgə itirdim. Yaşamaq istəmirdim.
Bu stressim bir neçə ay çəkdi. İndi-indi özümə gəlirəm və daha da yaxşı olmaq istəyirəm, xoşbəxt olmaq istəyirəm artıq. Rəfiqəm sizi efirdə görüb və sizin pasiyentiniz olub. Sizi təriflədi, sizinlə əlaqə saxlamağımı istədi və mən artıq burdayam. Kömək edin mənə Rəvan bəy, xahiş edirəm. Mən də xoşbəxt olmaq istəyirəm…
İnanın bu anda sanki üzərimə dünyanın məsuliyyətini saldılar. Olduqca təsirlənmişdim (bəli, psixoloqlar da təsirlənə bilir və bəzən bu artıqlaması ilə olur). Çox pasiyentlərim olub və daha mürəkkəb problemlərlə. Lakin Fidan sanki başqa, xüsusi bir ağır həyata malik idi. Həmin an özümə söz verdim ki, onu xoşbəxt edəcəm.
Bir neçə ay görüşdük. Köməkliklərim dəydi. Artıq boşanmadan vaz keçdi və yoldaşı ilə xoşbəxt yaşamağa qərar verdi. Ailədaxili münasibətlər qaydasına düşdü və yoldaşı artıq daha mehriban olmağa başlamışdı. Və bəzən məni də unudub xatırlamırdı ki, bu gün psixoloq ilə görüşüm var. Tədricən görüşürdük və günü-gündən yaxşılığa doğru dəyişirdi həyatı Fidanın. Ailəsi də artıq məni tanıyırdı və ailəvi dostluq münasibətlərimiz yaranmışdı.
Bir gün axşam saat 23:30-da mənə zəng vurdu ki, hamiləyəm. Sevincinin həddi-hüdudu yox idi. Mən də çox sevindim və bir gün hətta şam yeməyinə dəvət etdim onu yoldaşı ilə. Çox xoşbəxt idilər. Mənsə onlara baxaraq yalnız sevinirdim. Sanki öz ailəmin sevincidir.
Bir neçə aydan sonra Aytən dünyaya gəldi. Fidanın və Zaurun (Fidanın yoldaşı) sevincinin qədəri yox idi. Bu xoş gündən sonra artıq Fidanla olan psixoloji seanslarımıza böyük fasilə verdik. Arada zəngləşib hal-əhval tuturduq. Lakin 2-3 aydan sonra Fidanın nömrəsinə zəng çatmadı. Dedim yəqin texniki səbəblərdir. Bunun ardınca mənim şəxsi həyatımda bəzi xoşagəlməz hadisələr baş verdi və başım özümə qarışdı.
Ötən həftə Fidanın xalası qızı mənimlə əlaqə saxladı və bəd xəbəri mənə çatdırdı… Fidanımız artıq bizimlə deyil…
Sən demə, mənim başım öz şəxsi işlərimə qarışdıqda Fidan həyatının ümid tumurcuğu, stimul mənbəyi olan qızını itirir, Aytən vəfat edir. Fidan da telefonunu nömrəsi ilə bərabər sındırır və öz otağına qapanır. Dərin bir depressiv həyat yaşamağa qərar verir. Bu həyat onun qara ciyərində düyün yaranmasına səbəb olur və çox keçmədən Fidan da dünyasını dəyişir…
Bütün bu qəmli hadisələr mənə deyiləndən 4 ay əvvəl baş veribmiş və mən yalnız indi duyuram bunları. Bu məqaləni böyük kədər içində və Fidanla Aytənin qəbri üzərində yazıram. Az keçmədən Sona xanım (Fidanın anası) da Fidan və Aytənə qovuşacaq. Çünki o da xərçəng xəstəliyinə tutulub və həkimlərin sözünə görə 2 aydan az ömrü var. Doğrudur Allahın işidir, amma çox yaşamayacağı artıq realdır axı…
Zaur (Fidanın yoldaşı) isə etdiklərinə görə yaşadığı peşmançılıq hissləri ilə qaranlıq bir həyata qərq olub. Sevdiyi cavan oğlan (adını deyə bimirəm) isə subaydır və təsəllisini hər həftə Fidanın qəbrini ziyarət etməklə tapır.
Fidan, Allah sənə rəhmət eləsin… Həyatıma bir yad insan kimi daxil olub, bir doğma olaraq həkk oldun. Birlikdə izlədiyimiz filmdə deyildiyi kimi: “-Biz hələ görüşəcəyik, amma indi deyil…”.
Əziz oxucu, gördüyün kimi həyat kobud, zalım, sevgisiz və nankor kimi yaşamaq üçün çox qısadır. Bundan sonrakı həyatında Fidanın sevdası, sadiqliyi, mübarizliyi, Aytənin yaratdığı barış və ailə sevgisi, Zaurun isə peşmançılıq dolu həyatını nümunə olaraq nəzərində saxla və ailə həyatı qurarkən bir anlıq xatırla sözlərimi.
Diqqetle oxudum. Çox maraxli idi👏🏼👏🏻