Nergiz Memmedova 1

Sosial mediadan asılılıq və onun yeniyetmələrə təsiri

Baxış sayı: 794

Son illərdə sosial mediadan istifadənin artması yeniyetmələrin psixoloji sağlamlığına ciddi təsir göstərir.

Psixoloq Nərgiz Məmmədova bildirir ki, sosial media artıq sadəcə əyləncə vasitəsi deyil, bir çox yeniyetmədə emosional asılılıq yaradan stimula çevrilib

Yeniyetmələr üçün ən güclü ehtiyaclardan biri qəbul edilməkdir.Real həyatda özünü bəyənməyən, tənqid olunan, özünü görünməz hiss edən yeniyetmə sosial mediada daha çox diqqət ala bilir.

Bu fərq onu platformaya daha çox bağlayır.

Sosial media beyin üçün “ani mükafat mexanizmi” yaradır: Like, izləyici sayı və tez-tez gələn bildirişlər dopamin axınını artırır. Beyin bunu xoş hiss kimi qəbul edir və yeniyetmə bu hissi təkrar yaşamaq üçün sosial mediaya daha çox qapanır.

SOSIAL MEDIA

Yeniyetmələr sosial mediaya daxil olduqda sanki təhlükəsiz və nəzarət olunmayan bir məkana düşürlər. Burada onları danlayan, davranışlarını tənqid edən, səhvlərinə görə cəzalandıran biri yoxdur. Bu səbəbdən real həyatda çəkindiyi sözləri paylaşa, fikir bildirə və ya özlərini tamamilə fərqli şəkildə təqdim edə bilirlər.

Real həyatda bunu etmək çətindir, çünki orada valideyn nəzarəti, müəllimlərin reaksiyası, həmyaşıdların tənqidi və ictimai qaydalar var. Sosial mediada isə bu nəzarət və tənqid yoxdur.Bu “nəzarətsiz azadlıq” hissi yeniyetmələr üçün həm cəlbedicidir, həm də asılılıq yaradan əsas faktorlardandır. Çünki hər dəfə sosial mediaya daxil olduqda özlərini daha güclü, sərbəst və əhəmiyyətli hiss edirlər.

Zamanla bu real həyatdan daha çox onlayn məkana bağlanmağa “orada daha rahatam” düşüncəsinə və nəticə etibarilə psixoloji asılılıq davranışına çevrilə bilir.

Bu asılılıq təkcə vaxt itkisi ilə nəticələnmir. Əsas təhlükə yeniyetmənin özünü başqaları ilə daimi müqayisə etməsidir. İdeal görüntülər, filtrlənmiş həyat tərzləri və yüksək gözləntilər özünə dəyərin azalmasına səbəb olur. Nəticədə yeniyetmələrdə narahatlıq, sosial təzyiq, özünə güvənsizlik və depressiv əlamətlər yarana bilər.

Psixoloq vurğulayır ki, sosial media real sosial bacarıqları da zəiflədə bilər:  Yeniyetmə üzbəüz ünsiyyəti daha çətin hiss edir, emosiyaları tənzimləməkdə çətinlik çəkir və konfliktləri yalnız onlayn mühitdə həll etməyə öyrəşir. Bu isə real həyatda münasibətləri idarə etmə qabiliyyətinə təsir edir.

Nərgiz Məmmədovanın sözlərinə görə sosial media istifadəsi qadağan olunmalı deyil,əsas məsələ balans yaratmaqdır: ekran vaxtının tənzimlənməsi, təhlükəsiz onlayn davranış qaydalarının öyrədilməsi və valideyn-yeniyetmə dialoqunun gücləndirilməsi müsbət təsir göstərir.

Vaxtında müdaxilə olduqda sosial media asılılığı aradan qaldırıla bilər və yeniyetmənin psixoloji rifahı bərpa olunar.




3 şərh “Sosial mediadan asılılıq və onun yeniyetmələrə təsiri

  1. Vusale Rzayeva

    Sosial media dediyin şey çox təhlükəlidir. Özünə inamı olmayan bir yeniyetmə onu real həyatda tapmaya bilər, amma sosial mediada istədiyi qədər diqqət qazana bilir. Bir çox insanın psixologiyasını pozan şeylərdən biridir bu. Bu məqalə çox vacib bir mövzunu gündəmə gətirir. Məncə, valideynlər diqqətli olmalı və gənclərə sosial mediadakı sərhədləri düzgün başa salmalıdırlar.

    Cavabla
  2. Nurlan

    Həqiqətən sosial media çox böyük təsir göstərir. Mənim dostlarım da sosial mediada daha çox vaxt keçirirlər, amma bəzən gördükləri “ideal” həyatlarla özlərini müqayisə edirlər. Bu isə onları çox narahat edir. Məqalə çox doğru deyir, insanın sosial bacarıqları zəifləyə bilər. Amma mənə görə ən əsası özünə dəyər verməkdir, bu da sosial medianın təzyiqi altında çox çətin olur.

    Cavabla
  3. Rəhimə Əsədova

    Məqalə çox maraqlıdır, amma məncə bir az da yaxşı olardı ki, sosial medianın istifadə faydalarını da qeyd edəsiniz. Çünki sosial media həm də insanların bir-biri ilə əlaqə saxlaması üçün əla bir vasitədir. Amma təbii ki, balans vacibdir, bu mənada sosial media çox asılılıq yaradırsa, çox ciddi problem ola bilər. Təşəkkür edirəm bu mövzuya toxunduğunuz üçün.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir