Dünyanın bir nömrəli təhlükəsinə çevrilən koronavirusla bağlı bütün ölkələr, o cümlədən, Azərbaycan qabaqlayıcı tədbirlər görmək üçün bütün imkanlardan istifadə edir. Dəhşətli virusdan qurtulmaq üçün ölkəmiz də daxil, əksər dövlətlər karantin rejimi tətbiq ediblər.
Koronavirus sosial şəbəkələrin də gündəmində əsas mövzudur. Bu virtual məkanda panikaya qapılanlar da, yalan xəbərlər yayanlar da var. Doğrudur, yalan məlumatlar yayanlar Azərbaycanda sərt şəkildə cəzalandırılır. Artıq bununla bağlı inzibati cəzalara məruz qalanlar da var. Karantin səbəbindən evdən çıxmağa məhdudiyyətlər qoyulduğu üçün sosial şəbəkələr vaxt keçirmək üçün insanların əsas məşğuliyyətlərinə çevrilib.
Lakin panikaya qapılmamaq, sosial şəbəkələrdə dezo-xəbərlərin qarşısını almaq üçün daha sərt tədbirlərin görülməsi tələbləri də səslənir. Bu məqamdan çıxış edərək, belə bir sual yaranır: karantin dövründə sosial şəbəkələr insanların psixologisına necə təsir edir, gərginlik yaradır, yoxsa sadəcə, başlar qarışır?
Psixoloq Könül İsmayılova məsələ ilə bağlı açıqlamasında insanları ehtiyatlı olmağa çağırdı: “Son aylar koronavirus pandemiyası dünyanı, o cümlədən, bizləri narahat edən ən qlobal məsələyə çevrilib. Düşünürəm ki, insanlar fərqli psixologiyaya məxsus olduğu üçün hər kəs tətbiq olunmuş karantin müddətində müxtəlif cür təsir bağışlayır. İndiyə qədər cəmiyyəti narahat edən məsələlərdən biri o idi ki, sosial şəbəkələr insanları real dünyadan ayırırdı. İndi isə bu karantin dövrü insanları real dünyadan tamamilə təcrid edib. Hər kəs evdə qalmaqla günün ən çox saatlarını sosial şəbəkələrdə keçirir. Təəssüflə qeyd etməliyik ki, müsbət tərəflərinə baxmayaraq, sosial şəbəkələrin mənfi tərəfləri daha çoxdur. Bir çox dünya alimləri sosial ünsiyyəti bəşəriyyəti məhvə aparan yeni bir silah növü kimi qiymətləndirib. Karantin dövründə 7-dən 77-yə hər kəsin internetdən asılılığı artıb. Sosial şəbəkə beyinləri yuyur və robot kimi kütləni özünə tabe edir. Sosial şəbəkələrdən hər kəs öz düşüncə tərzinə görə istifadə edir. Yaxşı mənada başları qarışan və gərginlik yaradan kütlə var.
Məsləhətim odur ki, stressə qapilmayaq, uymamaq. Tam sakit tərzdə baş verənləri qəbul etməyə çalışaq. Bu virus dünyanı cənginə almış pandemiyadır. Bəli, evdə oturmaq, təcrid olunmaq çox çətindir. Ancaq hər kəs psixoloji cəhətdən özünü hazırlamalıdır ki, bu, keçici günlərdir, yaşayırıq və karantin şərtlərinə ailəmiz, cəmiyyətimiz üçün əməl etməliyik. Heç bir mənfi hisslərə qapılmayın. Bu, bir sınaqdır və bu sınaqdan uğurla çıxacağıq. Çox çətin günlər yaşayırıq, gündəlik həyat tərzimizdən imtina etmişik, ancaq biz millət olaraq güclüyük. Evdə qalaq. Özümüzü, sevdiklərimizi, millətimizi qoruyaq. Panik yanaşma psixoloji cəhətdən həyəcan, stress, qorxu kimi emosional proseslərin yaranmasına gətirib çıxarır. Nəticədə sağlamlıq problemləri yaranır, səhhətimiz zərbə altına düşür. Belə vəziyyətdə düzgün yanaşma mövqeyində olmalıyıq və panik mövqe seçməməliyik. Tam rahat tərzdə baş verənləri qəbul etməliyik, sağlamlığımıza diqqət etmək üçün stressi özümüzə yaşatmamalıyıq”.
Psixoloq yazılan statusların əhəmiyyətinə də toxundu: “Bu dövrdə sosial şəbəkələrdə kimin nə yazdığı çox önəmlidir. Çox həssas dönəmlər yaşayırıq və hər kəsdən xahiş edirəm ki, sosial şəbəkələrdən ehtiyatla davranın, yazdıqlarınıza, çağırışlarınıza diqqət edin. Media işçisi olmayan özünü media, həkim olmayan özünü həkim, psixoloq olmayan özünü psixoloq kimi göstərib, fikirlər bildirib çaşqınlıq yaratmasın. Hər bir baş verə biləcəklərin qarşısını almaq üçün öncədən dövlətimiz qabaqlayıcı tədbirlərini görür. Dövlətin bu istiqamətdə gördüyü işlər, verdiyi qərarlar təqdirəlayiqdir. Bu qərarlara tabe olmalıyıq. Biz əsasən Nazirlər Kabinetinin verdiyi qərarları icra etməliyik. Ümumdünya Səhiyyə Təşkilatı gündəlik məlumatlar verir. Düzgün məlumatları düzgün mənbələrdən əldə etməyi tövsiyə edirəm. Karantin dövrü ağı qaradan seçmək, düşünmək və özümüzə hesabat vermək üçün bir vasitədir. Əziz dostlar, nə qədər ki, evdəyik, gələcəyi düşünün, yəni planlar qurun və pozitiv düşünün. Pozitiv düşüncələrlə biz Covid 19-a qalib gələcəyik. Mən də evdəyəm. Dövlətimizin karantin rejimi ilə bağlı qoyduğu tələblərə tam əməl edirəm. Hər kəsi bir psixoloq kimi, evdə qalmağa çağırıram. Özümüz, cəmiyyətimiz və millətimiz üçün biz bunlara əməl etməliyik. Bu həm də bizim vətəndaşlıq borcumuzdur”.
Cavanşir ABBASLI