sosial sebekeler

Sosial şəbəkələrdə yardım aksiyası, yoxsa fırıldaqçılıq?

Baxış sayı: 1. 583
“2 yaşlı bu uşaq ürək çatışmazlığından əziyyət çəkir. Həyatı təhlükədədir. Əməliyyatı ancaq xaricdə həyata keçirilir. Kömək etməklə 2 yaşlı körpənin həyatını xilas etmiş ola bilərsiniz. Hesab nömrəsi….”
Hər gün “facebook”da bu cür elanlarla qarşılaşırıq. Bəzən belə elanlara etinasız yanaşsaq da, diqqətimizi cəlb edən olanda, özümüz də paylaşırıq. Bəzənsə ürəyimizdə şübhə yaranır ki, görəsən, elan həqiqəti əks etdirirmi? Təəssüflər olsun ki, bu gün sosial şəbəkələr köməyə ehtiyacı olan insanlara yardım etməklə yanaşı,  fırıldaqçıların da pul qazanmasına vəsilə olur. Elə buna görədir ki, çox vaxt “qurunun oduna yaş da yanır”. Bəs sosial şəbəkələrdə paylaşılan elanların həqiqətə uyğun olub-olmadığını necə müəyyənləşdirmək olar? Fırıldaqçıların insanların hissləri ilə oynayaraq pul qazanması insanlarda xeyirxahlıq hissini məhv etmirmi? Suallarımıza cavab tapmaq üçün  mütəxəssislərlə söhbətləşdik.
Elanın doğru olub-olmadığını necə aydınlaşdırmalı?
Sosial-psixoloq Əhəd Kazımov bizimlə söhbətində bildirdi ki, artıq texnologiya erasıdır və bu erada insanların sosial şəbəkələrdə yardım istəməsi normaldır: “Çünki problemi sosial şəbəkələr vasitəsilə paylaşanda daha çox effektiv nəticə əldə edirlər. Dəfələrlə şahidi olmuşuq ki, sosial şəbəkələrdə hansısa imkansız xəstə üçün xeyriyyə aksiyası keçirilib və bu məsələ Heydər Əliyev Fondunun  rəhbərliyinin diqqətini çəkib və Fond tərəfindən bütün səhiyyə xərcləri qarşılanıb Bu baxımdan belə şeylərin sosial şəbəkələrdə paylaşılması yaxşıdır. Amma təbii ki, məsələnin fırıldaqçılara işləyən tərəfi də var. Heç kim fırıldaqçıların qurbanı olmaqdan sığortalanmayıb. Belə şeylər Amerikada da, İngiltərədə də  ola bilər. Fırıldaqçılar bilirlər ki, sosial şəbəkədə acınacaqlı bir şəkil qoyub bank hesabı yerləşdirsələr, insanlar inanıb pul köçürəcəklər. Bu da onu göstərir ki, biz xeyirxah xalqıq”.
Ə. Kazımov fırıldaqçıların qol-qanad açmaması üçün könüllü bir qrupun yaranmasına ehtiyac olduğunu deyir: “Bu qrup paylaşılan elanda göstərilən xəstələrlə evlərində görüşüb, məsələnin nə dərəcədə doğru olub-olmadığını yoxlaya və bu barədə sosial şəbəkə iştirakçılarına məlumat verə bilər”.
Qeyd edək ki, Əhəd Kazımovun “facebook” səhifəsində tez-tez köməyə ehtiyacı olan müxtəlif uşaqlar barədə elanlara rast gəlirik. Müsahibimiz deyir ki, o elanları səhifəsində paylaşır ki, onların dürüstlüyünə əmindir: “Bir də ona fikir verirəm ki, paylaşılan elanda telefon nömrəsi olsun. Bir də görürsən ki, yalnız şəkil və bank hesabı paylaşırlar. Burada artıq şübhə yarana bilər. Çünki telefon nömrəsi olanda, kim istəsə zəng edə, suallar verə, lap görüşə də bilər. Bu baxımdan elanda xəstə ilə bağlı bütün məlumatların, bank hesabının, kimin adına olmasının, telefon nömrəsinin olması mütləqdir”.
“Əvvəlcə ekspert qrupumuz yoxlayır, sonra yardım edirik”
“LAYF” xeyriyyə ictimai birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyir ki, imkan daxilində əməliyyatla sağalmaq ehtimalı olan insanlara, xüsusilə uşaqlara yardım edirlər: “Təşkilatımız talassemiya, qan donorluğu sahəsində çox ciddi bir quruma çevrilib Çox böyük qan donoru bazamız var. Hətta, deyim ki, Azərbaycanda ən böyük qan donoru bazası bizdədir. Talassemiyalı xəstələrin qana ehtiyacı olduqda, bizə müraciət edirlər. Biz dərhal bazadan istifadə edib onları qanla təmin edirik”.
M.Abbasbəyli deyir ki, onlara müraciət edənlərin həqiqətən yardıma ehtiyacı olub-olmadığını yoxlayırlar: “Bizim ekspert qrupumuz ehtiyac sahibinin sənədlərini yoxlayır, gedib evində baxırlar ki, doğurdanmı xəstəliyi var və bu xəstəlik üçün filan məbləğdə maddi vəsait tələb olunur. Yoxladıqdan sonra vəsait toplamaq üçün biz onu ictimailəşdiririk”.
Abbasbəyli etiraf edir ki, bu gün ayrı-ayrı adamların “facebook”da şəkil qoyub, bank hesabı yerləşdirərək, yardım istəməsini heç də hamı birmənalı qarşılamır: “Bu elanlara həmişə inanmaq olmur. Bəlkə də elanların əksəriyyəti reallığı əks etdirir. Amma arasında fırıldaqçılar olduğundan insanlar onları ayırd edə bilmir. Yaxşı olardı ki, bu məsələ mərkəzləşdirilmiş şəkildə, hansısa təşkilat vasitəsilə həyata keçirilsin ki, fırıldaqçılıq ehtimalı sıfıra ensin”.
Müsahibimiz ehtiyac sahibləri üçün vəsaitlərin toplanması ilə bağlı sistem hazırladıqlarını bildirdi: “Sistem vasitəsilə müəyyən olunur ki, məsələn, toplanmalı olan 10 min manatın nə qədəri yığılıb. 3 min manat yığılıbsa, təşkilatımızın saytında göstəriləcək ki, 7 min manat qalıb. Çünki adamlar hesaba pul köçürəndə bilmir ki, nə qədər vəsait yığılıb və daha nə qədər lazımdır. Bəlkə elə lazım olan vəsait artıq toplanıb”.
“Sosial şəbəkələrdən əvvəl də belə fırıldaqçılar olub”
 
Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, “xeyriyyəçiliklə” məşğul olan fırıldaqçılar 10-15 il olar ki, peyda olub: “Sosial şəbəkələr olmamışdan əvvəl də bu cür fırıldaqçılar idarələrə gəlir, yaxud məktub yazır, zəng edib yardım edilməsini xahiş edirdilər. O vaxt hüquq-mühafizə orqanları ilə bir neçə hadisə araşdırıldı, məlum oldu ki, əksəriyyəti səmimi deyil. Belə insanlar elə o vaxtdan xeyriyyə işini gözdən salıb. Amma indi sosial şəbəkələr vasitəsilə bu iş daha da genişlənib. Buna görə də insanlar artıq belə şeylərə ciddi reaksiya vermir. Ola bilsin ki, onların arasında həqiqətən də o maddi vəsaitə ehtiyacı olan adamlar var. Amma ehtiyac sahibləri bu fırıldaqçıların oduna yanırlar. Baxmayaraq ki, Azərbaycanda qəlbən xeyriyyəçilik etmək istəyən insanlar var. Amma fırıldaqçılar xeyriyyəçiliklə məşğul olmaq istəyən insanların inamını öldürürlər”.
Psixoloq Elnur Rüstəmov deyir ki, tarixən insanların xeyirxahlığından istifadə edənlər olub: “İndi də olacaq. Bütün insanlar eyni deyil. Buna görə də diqqətli olmaq lazımdır. Bunun üçün müəyyən təşkilati dəstək, komissiya olmalıdır ki, həmin insanın köməyə həqiqətən ehtiyacı olub-olmadığını müəyyənləşdirsin. Bir də görürsən, kimsə elan göndərir ki, paylaşım. Elanda isə səhih məlumat yoxdur. Paylaşmayanda da pis adam olursan. Paylaşanda da sabah elanın fırıldaqçılar tərəfindən hazırlandığı bəlli olur və sənə inam qırılır. Buna görə düşünürəm ki, bu cür elanları paylaşanda etibarlı adamların təqdimatına diqqət yetirmək lazımdır. Xeyriyyəçiliklə bağlı aksiya, tədbir keçiriləndə, nəzarət edənin səhih, dürüst, cəmiyyət tərəfindən qəbul olunan insan olmasına fikir verdikdən sonra  onu dəstəkləmək olar. Bir də görürsən ki, tədbir keçirilir, xəstə özü ortaya çıxmır. Bu cür hallarda insanlarda yaxşılıq etməyə qarşı inam ölə bilər.
Bax, məsələnin ən problemli tərəfi budur. Əgər görsək ki, xeyriyyəçilik adı altında kimsə alver edir, pul qazanır, həqiqətən də ehtiyacı olan insanlara kömək etmək prosesində çətinlik yaşayacağıq. Buna görə də insanlarımız diqqətli olmalıdırlar. Bundan sonra bu cür hallarla tez-tez qarşılaşacağıq. Yaxşı olardı ki, səhiyyə ilə bağlı müəyyən təşkilatlar bu prosesi həyata keçirsinlər, nəzarət etsinlər”.
“Bizə şübhə edənlər, sənəd istəyənlər də var idi”
 
Jurnalist Rövşən Abdurəhmanlı bir müddət öncə “facebook” vasitəsilə iş yoldaşının beyin iflicindən əziyyət çəkən övladı üçün xeyriyyə aksiyasına başlamışdı. Deyir ki, aksiyanı həyata keçirdiyi müddətdə ona çox fərqli yanaşmalar göstərən insanlarla qarşılaşıb: “Bizə şübhə edənlər, sənəd istəyənlər var idi.  Amma ümumilikdə, çoxluq inanaraq, yardım əlini uzadırdı. Şübhə ilə yanaşanları çox gözəl başa düşürəm, onları qınamıram. Çünki sosial şəbəkələrdə fırıldaqçılıqla məşğul olanların sayı artıb, insanlar indi daha həssasdırlar”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir