23

SSRİ-nin milyarder gəlini: sevgilisinə günə min dollar ödəyən yunan qızı

Baxış sayı: 1. 417

Otuz il bundan öncə bu məhəbbət hekayəti, az qala, bütün dünyanın diqqət mərkəzində idi…

Tərəflərdən biri məşhur yunan milyarderi Aristotel Onassisin qızı 26 yaşlı Kristina Onassis idi.

Kristina SSRİ paytaxtına işlə bağlı təşrif  buyurmamışdı. O, qırx yaşlı sovet vətəndaşı Serqey Kauzovla evlənməyə hazırlaşırdı.

1978-ci ilin 1 avqust tarixində yoldan keçən piyadalar hansısa cütlüyün sevincli halda nikah sarayından çıxdığını gördülər. Ah, kaş ki bu insanlar necə inanılmaz, gözlənilməz və məşhur nikahın şahidi olduqlarını anlayardılar…

Kauzov və Kristina eyni sahədə çalışırdılar. Kauzov SSRİ Dəniz Donanması Nazirliyinin əməkdaşı idi. Kristina isə 1975-ci ildə atasının ölümündən sonra onun var-dövlətinə sahib olmaqla yanaşı, ticarət gəmiçiliyinə nəzarəti də əlinə keçirmişdi.

Cütlük 1977-ci ildə Parisdə tanış olmuşdu. Kauzov elə də yaraşıqlı deyildi – 40 yaşı, seyrək saçları vardı… Əvvəl-əvvəl Serqey  gənc Kristinanı bir o qədər də cəlb etmir. Amma… milyonçu qız hansısa sərfəli işə görə Kauzova kifayət qədər böyük məbləğdə pul təklif etdiyi vaxt Kauzov bundan imtina  edir və məhz bu hərəkət Kristinanı təəccübləndirir. Onun həyatında hələ belə kişi olmamışdı…

Kristinanın atası dünyanın ən gözəl qadınlarını hansı yolla olursa-olsun, almağa hazır idi. Bu barədə Kristina atasına bənzəyirdi. O da kişiləri özünə bağlamaq üçün hər şeyə hazır idi.

Kristina daim özündən narazı idi: 16 yaşında ilk dəfə cərrahiyyə əməlliyyatı etdirərək burnunun formasını dəyişdirmişdi.

O, keçmiş sevgilisinə onun yanında olması üçün gündə min dollar ödəyirdi. Atası öləndən sonra Kristina pulun köməyilə ögey anasından da canını qurtarmışdı…

Serqey Kauzovla evlilikdən sonra Kristina Moskvada şəxsi evinin olmasını arzulayır. Cütlük ev üçün müraciət edəndə məmurlar onlara bir variant təklif edir: Sorokinin mənzilinin yanında ikiotaqlı mənzil boşdur. Əgər Sorokinə başqa mənzil təklif olunsa, Kauzov-Onassis ailəsi artıq beşotaqlı evə sahib ola bilər.

Ancaq Valentin Sorokin başqa evə köçmək təklifi ilə razılaşmırdı. Sorokinə mənzilin Çili Kommunist partiyasının baş katibi Luis Korvalana gərək olduğunu eşitdirsələr də, o, fikrindən dönmür.

Məsələni birdəfəlik həll etmək üçün  Kristina  “Mossovet”in kabinetində kolyesini, sırğalarını və barmağından brilyant üzüyünü çıxarıb sakitcə məmurun qarşısına qoyur. Məsələ yerindəcə həll olunur: Sorokinin əşyaları elə həmin an mənzildən bayıra atılır…

Şair ədalətin bərqərar olması üçün hər şey edir – yuxarılara məktub yazır, ancaq çifayda. Kapitalizm kommunizmə qalib gəlir…

Leonid İliç Brejnev şəxsən onları evlənmələri münasibətilə təbrik etmişdi. Cütlük bal ayını keçirmək üçün Baykal gölünə yollanır.

Amma nikah yalnız iki il davam edir. Kauzova nikahdan iki tanker və Londonda mənzil xatirə qalır…

Kauzovla evlilik dövründə Kristina Kommunist partiyasının fonduna  500 000 dollar köçürmüşdü…

1988-ci ildə 37 yaşlı milyarder qızı Kristina Buenos-Ayresdə  (guya)  infarktdan vəfat edir. Ancaq onun ölümünün əsl səbəbi kimi narkotik göstərilir.

Bu günə qədər Mərkəzi Kəşfiyyat İdarəsi Serqey Kauzovun KQB-yə işlədiyini düşünür. Amerika xüsusi xidmət orqanları əməkdaşlarının fikrincə, Kauzov Kristina Onassislə münasibətləri KQB-nin sifarişi və öncədən hazırlanmış planı əsasında  qurub.

KQB-nin keçmiş generalı Oleq Kaluqin isə bu versiyanı təkzib edir:

“Mən Kristina ilə Serqeyin münasibətlərinə xeyir-dua verdim. Serqey heç vaxt KQB-yə çalışmayıb. O, Kristina ilə telefon danışıqları zamanı tanış olmuşdu. Onların mətbuatda dərc olunmuş fotoları əsl qalmaqal yaratdı. Kauzovu dərhal Moskvaya geri çağırdılar. KQB rəhbəri Yuri Andropov olanlardan çox narazı idi və Serqeyi həbslə hədələyirdi. Ancaq mən Kauzovu müdafiə etdim. Andropova söylədim ki, onu həbs etsək, beynəlxalq qalmaqal yaranacaq. Amma onlar evlənsələr və oğulları dünyaya gəlsə, SSRİ vətəndaşı Onassis imperiyasının varisi olacaq. Beləcə, ara sakitləşdi və Kauzovla Kristina 1978-ci ildə evləndilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir