Bir vaxtlar dünyaya meydan oxuyan SSRİ adlı bir imperiya kapitalizm üzərində üstünlüklərini nümayiş etdirmək üçün bəşəriyyəti heyran qoyacaq nəhəng layihələrin həyata keçirilməsini planlaşdırmışdı. Belə layihələrdən biri 1930-cu ildə Stalinin şəxsi iştirakı və tövsiyəsi ilə hazırlandı. Bu məqsədlə kommunizmin nəhəng simvolu adlandırılan Sovetlər sarayının inşası qərara alındı. Layihəyə görə Sovetlər sarayının hündürlüyü 420 metr olmalı idi. Onun üzərində isə Vladimir Leninin böyük heykəlinin yerləşdirilməsi planlaşdırılmışdı. O vaxt bu binanın Nyu-Yorkdakı göydələnlərdən də hündür olması və bu müstəvidə insanlar arasında sosializmin kapitalizmə meydan oxuması rəyi formalaşdırılması ideoloji mübarizənin önünə çıxarılmışdı. Yaxşı hava şəraitində bina 20-25 kilometr məsafədən diqqəti cəlb etməli idi. Yeni binannın inşası üçün Moskvdakı Volxonka adlı təpəni seçmişdilər. Həmin vaxt Volxonkada Xilasedici Xrist məbədi yerləşirdi. Amma bu heç kimi narahat etmədi. Qərara alındıki, Xilasedici Xrist məbədi sökülsün. Bu məqsədlə də məbədi partladaraq Volxonka təpəsini təmizlədilər. Məbədin yerində Sovetlər sarayının inşasına 1932-ci ildə başladıldı və tikinti işləri Almaniya SSRİ üzərinə hücum edənə kimi davam etdirildi. Bu məqsədlə o dövr üçün böyük hesab edilən 10 milyon rubl ( indiki qiymətlərlə 250-300 milyon dollar) xərclənmişdi. Binanın təxminən 1942-1943-cü illərdə tikilib başa çatdırılması nəzərdə tutulmuşdu. Ancaq müharibənin başlaması ilə tikinti yarımçıq saxlanıldı. Tilkintidən isə hərbi məqsədlər üçün istifadə etməyə başladılar. Onun bir hissəsini sökərək barrikadalar qurulmasında istifadə etdilər. Müharibə başa çatandan sonra binanın inşasının başa çatdırılması qərara alındı. Lakin həmin dövrdə Stalinin başı daha çox müharibənin dağıntılarının aradan qaldırılmasına yönəlmişdi. Stalinin ölümündən az əvvəl yenidən Sovetlər sarayının inşasının davam etdirilməsi gündəmə gəldi. Amma Stalinin ölümündən sonra ölkəni idarə etməyə başlayanlar sarayın inşasının davam etdirilməsindən imtina etdilər. Bu dəfə sarayı sökərək yerində nəhəng hovuz inşa edilməsi qərara alındı. SSRİ dağılandan sonra 90-cı illərin ortalarında bu hovuz da söküldü və onun yerində yenidən Xiasedici Xrist məbədi inşa edildi. 30-cu illərdə inşa edilən saraydan qalan yeganə yadigar isə “Kreml” adlanan yanacaqdoldurma stansiyasıdır.
Saxalin tuneli
SSRİ dövründə gündəmə gətirilən və ilk baxışdan reallaşdırılması fantastika təsiri bağışlayan layihələrdən biri də Saxalin tuneli idi. Bu tunellə Saxalinin ana-torpaqla biləşdirilməsi nəzərdə tutulmuşdu, Layihəyə əsasən materiklə adanı ayıran boğazın altından 10 kilometr uzunluğunda tunel çəkilməli idi. Tunelin 5 il müddətində başa çatdırılması qərara alınmışdı. Tunelin tikintisinə ötən əsrin 50-ci illərinin əvvəllərində başladıldı. Tikintidə ucuz işçi qüvvəsi kimi əsasən xalq düşmənləri hesab edilən məhbuslardan istifadə edilirdi. Üç il ərzində Xabarovskdan tunel ətrafına 120 kilometr uzunluğunda dəmiryolu çəkildi. Dəmiryolu vasitəsi ilə oraya tunelin tikintisində istifadə edilən inşaat materialları daşındı. Eyni zamanda tunelin tlkintisi davam etdirildi. Lakin burada da işlərin başa çatdırılmasına Stalinin ölməsi mane oldu. Nəticədə qazılan tunelə su doldu və tikinti dayandırıldı.
“Döyüş köstəbəkləri” – gizli yeraltı qayıqlar
Kapitalist sistemi ilə səssiz yarışda SSRİ-ni idarəedənlərin ağlına nəinki göydələn sarayların, nəhəng fantastik tunellərin inşası, həm də yer altında hərəkət edən və o dövrdə “Döyüş köstəbəklərı” adı verilən gizli yeralti qayıqların istehsal edilməsi gündəmə gəlmişdi. SSRİ-nin ali dairələrinə bu ideya çox xoş gəlmişdi və onların göstərişi əsasında ixtiraçı alim A. Treblev tərəfindən raket formasında yeraltı qayıq hazırlandı. Qayıq yer altında saatda 10 kilometr sürətlə gedirdi. Aparat xüsusi kabel vasitəsi ilə yer üstindəki idarəetmə mərkəzindən idarə edilirdi. Bu aparat ötən əsrin 40-cı illərinin sonlarında Uraldakı Blaqodat dağı altında sınaqdan da çıxarıldı. Amma sınaq arzu edilən səviyyədə baş tutmadı və nəticədə bu ideyadan imtina edildi. Lakin ötən əsrin 60-cı illərində SSRİ-ni idarə edən Xruşşov imperialistlərin yalnız kosmosda deyil, yer altında da məhv edilməsi ideyasını yenidən gündəmə gətirdi. Nəticədə yeni yeraltı qayığın hazırlanması məqsədi ilə professor Babayev və akademik Saxarovun iştirakı ilə işə başlanıldı. Beləliklə gərgin axtarışlardan sonra nüvə reaktoru ilə işləyən qayıq hazırlandı. Bu yeraltı qayıq bir ton partlayıcı və 5 nəfər heyətdən ibarət olmalı idi. Bu dəfə yeraltı qayığın ilk sınağı uğurla başa çatdı. “Köstəbək” qayıq piyada sürəti ilə 10 kilometr yeraltı ilə getdi. Ancaq ixtraçıların bu sevinci uzun sürmədi. Növbəti yeraltı sınaq zamanı köstəbək-qayıq partladı və onun heyəti də həlak oldu. Breljnev hakimiyyətə gələn kimi layihənin perspektivi olmadığını bildirdi və onun üzərində işlərin dayandırılması barədə göstəriş verdi.
“Avtomobil 2000”
Ötən əsrin 80-ci illərinin əvvəllərində SSRİ-də ən qabaqçıl texnologiyaya əsaslanan və mühəndislər tərəfindən “ikiminlik” adlandırılan ” İstra” avtomobilinin istehsalı ilə bağlı işlər başladı. Yeni müasir avtomobilin hazırlanması Konstruktor və eksperimental işlər idarəsinə tapşırıldı. Yeni avtomobil istehsalı “Avtomobil 2000” proqramı adını aldı. Mühəndislər həqiqətən də qısa müddətdə gözəl dizayna malik avtomobil hazırladılar. Maşının kuzası düralminiumdan hazırlanmışdı. O 68 at gücündə 3 silindrli ELKO 3.82.92T turbodizeli ilə təchiz edilmişdi. Avtomobilin sürəti saatda 185 kilometr idi. Avtomobil təhlükəsizlik yastığı, gecə vaxtlarında təhlükəsiz hərəkət etməyə imkan verən avtomatikgörmə qurğusu, həmçinin maşının texniki nasazlığı barədə xəbər verən diaqnostika aparatı ilə təmin edilmişdi. Amma sınaq zamanı məlum oldu ki, mühərrikin təkmilləşdirilməsinə və onda ortaya çıxan xırda problemlərin aradan qaldırılmasına ehtiyac var. Lakin SSRİ-nin dağılması nəticəsində “Avtomobil 2000” üzərində iş maliyyə çatışmazlığı ucbatından dayandırıldı. Hazırda bu avtomobilin yeganə sınaq istehsalı olan nüsxəsi Moskavdakı retro-avtomobillər muzeyində saxlanılır.
Əziz Mustafa