Süni düyünü necə tanımalı? – YOLLARI

Baxış sayı: 2. 585

Bu günlərdə sosial şəbəkələrdə düyülərin plastikdən hazırlanmasını əks etdirən video yayılıb. Çində çəkilən bu videoda görünür ki, ucuz mal arxasınca qaçan istehlakçılar düyünü fabrikdə sintetik materialdan hazırlayırlar. Ancaq bu düyünün də tərkibi tamamilə sintetik deyil. Onun əsasını kartof kraxmalı təşkil edir, az miqdarda plastik isə ona düyü forması vermək üçün istifadə olunub.

“Gencaile”az deyerler.org-a istinadən bildirir ki, videoda yeni məhsulu istifadə edən aşbazlar bildirirlər ki, bu cür düyüdən hazırlanan bir boşqab sıyığı yemək, polietilen paketi udmağa bərabərdir. Əsl düyüləri ələ götürəndə onların birinin böyük, birinin balaca, bəzilərinin qırıq olduğu görünür. Sintetik düyülər isə hamısı standart – eyni ölçüdə və formada olur. Hətta onları yanaşı qoyduqda süni düyü daha çox göz oxşayır, nəinki, təbii yolla əldə edilən düyü. Qeyd edək ki, sintetik düyünü onun hazırlanma vaxtına, bişdikdən sonrakı görünüşünə görə də ayırd etmək olur. Belə ki, sintetik məhsul bişmə zamanı nə qədər qaynamağından asılı olmayaraq, əzilmir. Uzunmüddətli qaynamadan sonra suyun üzərində polietilen plyonka yaranır.
Bir müddət öncə də satışda saxta düyülərin olması barədə iddialar səslənirdi. İddialara görə, müxtəlif ölkələrdən gətirilən bu məhsulların GMO-lu və orqanizm üçün təhlükəli olduğu vurğulanırdı. Qeyd edək ki, paytaxtda xarici ölkələrdən gətirilmə və mənşəyi məlum olmayan düyülərin satışda olduğu iddia edilir. Biz də marketlərdə daha çox hansı ölkələrin istehsalı olan düyülərin olduğunu, həmçinin insanları narahat edən sintetikadan hazırlanmış çin istehsalı olan düyülərin bizim də ölkəmizdə satışda olub olmadığını öyrənmək üçün bir neçə marketə baş çəkdik. Satışda çoxluğu yerli düyülər təşkil etsə də, Pakistan, Hindistan, Rusiya, İran və digər ölkələrdə istehsal olunan düyülərə də rast gəldik.

Qiymətlər isə müxtəlif idi. Xarici ölkələrdən gətirilən düyülərin qiyməti yerli düyülərdən baha idi. Qeyd edək ki, xarici düyü adı altında satılan düyülərin üzərində Azərbaycanda qablaşdırılması haqda kiçik yazıya rast gəlinirdi. Satıcılar alıcıların daha çox yerli düyülər aldığını bildirirdilər. Satıcı Elnur Rüstəmov alıcıların daha çox Hindistan düyülərini aldığını bildirdi: “Amma ən yaxşısı elə yerli düyülərdir. Xaricdən gətirilən düyülər əslində Bakıda qablaşdırılır”.

Alıcı Turanə Abdullayeva internetdə sözügedən videonu izlədiyini və bundan narahatlıq keçirdiyini bildirdi: “Çin məhsulları onsuz da ölkəni zəbt edib. Onların hamısı zərərlidir. İndi də bu düyü məsələsi çıxdı ortaya. Biz düyüdən çox istifadə edən millətik. Mən özüm tez-tez plov bişirirəm. Amma həmişə yerli düyüdən istifadə etmişəm. Puldan ötrü insanların səhhəti, həyatı ilə oynayırlar. Amma inanmıram ki, Azərbaycan bu cür düyüləri satışa buraxıb əhalini zəhərləsin”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda satışda sintetik düyülərin olmasının mümkünsüz olduğunu dedi: “Düyünün kraxmaldan və digər qatqılardan müəyyən standartlar əsasında hazırlanması birmənalı şəkildə istisna olunmur. Onun tərkibinə plastmasın qarışdırılması heç bir standartda nəzərdə tutulmayıb. Belə bir şey mümkün deyil. Düşünürəm ki, Azərbaycanda plastik qarışığı olan düyü yoxdur. Lakin Azərbaycanda Genetik Modifikasiya Olunmuş (GMO) düyülər var. Məsələn, qızılı və sarı düyülər Genetik Modifikasiya Olunmuş düyülərdir və əslində qida üçün yararsızdır. Prezidentin bu barədə xüsusi tapşırıqları olub ki, bu kimi halların qarşısı alınsın. Ancaq buna məhəl qoyan yoxdur. İstehlakçılar mediada yayılan bu məsələlərə rəğmən primitiv təcrübələr apara bilərlər. Məsələn, düyünü yandırsınlar. Spesifik bitki qoxusu verməyən və yanan düyü əlbəttə ki, saxta düyüdür. Yaxud da düyünü içində su olan bir nəlbəkiyə töküb 10 gün saxlasınlar. O düyü cücərməsə, demək ki, saxtadır və süni yollarla hazırlanıb. Bu təcrübəni istənilən insan evdə etməklə də yoxlaya bilər”.

Biz də qurum sədrinin dediyi təcrübəni sınaqdan çıxardıq. Belə ki, yerli və Hindistan istehsalı olan iki düyünü ayrı-ayrılıqda kiçik bir nəlbəkiyə qoyub yandırmağa çalışdıq. Ancaq düyülər yanmadı. Bu isə onun sintetikadan hazırlanmadığını deməyə əsas verir.

Daha çox xarici ölkələrdən gətirilən düyülərin süni yolla hazırlanması fikrinə gəlincə, qurum sədri plastmasdan hazırlanan düyülərin ölkəmizə gəlmə şansının olmadığını bildirdi: “Mən inanmıram ki, İrandan gətirilən düyü plastmasla qarışdırılmış düyü olsun. Ancaq süni düyü olması ola bilər. İrandan Azərbaycana GMO düyülərin gətirilməsi istisna olunmur. Çünki İranda İslam ölkəsi olmasına baxmayaraq GMO məhsulları yetişdirilir. O cümlədən də digər ölkələrdən gələn düyülər GMO ola bilər. Ancaq sintetikadan hazırlanan düyülər ölkəmizdə satışda yoxdur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir