sac

Süni şəkildə yaradılan gözəlliyin fəsadları

Baxış sayı: 1. 453

“Saçım uşaqlıqdan seyrək və qısa idi. Uzun saç həvəskarı olsam da, heç vaxt istədiyim qədər uzada bilmirdim. Rəfiqələrim məsləhət gördülər ki, qaynaq etdirim. İki aylıq maaşımı xərcləyib, qaynaq etdirdim. Bir müddət saçımda olan muncuqlara görə yata bilmirdim, amma gün keçdikcə alışırsan. 5 ay sonra qaynağı çıxardım,  saçlarım əlimdə qaldı. Bir il keçməsinə baxmayaraq, hələ də saçımın qalan hissəsini qurtarmaq üçün mübarizə aparıram”.

Bu sözləri uzun saç arzusuna çatmaq üçün qaynaq etdirən Günay deyir. Son vaxtlar qadınlar arasında dəb halını alan saç, dırnaq qaynağı fəsadsız ötüşmür. Süni yaradılan gözəllik təbiiliyin qənimi olur. Bəs qadınların sərvət xərcləyib başqasının saçları ilə yaratdığı “saçı uzun Suray xanım” obrazı, əlləri gözəl göstərən  dırnaqlar hansı xəstəliklərə yol açır?

 

600 manatlıq uzun saçlar

Əvvəlcə saç və dırnaq qaynağının qiymətlərini öyrənmək üçün bir neçə salonla əlaqə saxladıq. Ən ucuz qaynaq 300 manata başa gəlir. Əgər 300 manata saç uzatmaq istəyirsinizsə, saçı özünüzlə aparmalısınız. Saç olmadıqda isə bir günə 600 manat xərcləməklə, uzun, “şəlalə” kimi saçlara sahib ola bilərsiniz. Qaynaq yapışqanla yox, keratinlə olarsa, qiymət artır. 3 aydan bir isə minimum 100 manat xərcləməklə, korreksiya etdirməlisiniz. Uzun dırnaqlar da ucuz başa gəlmir. Dırnaqlar üçün  80-100 manatınızdan keçməlisiniz.

 

“Həmin saçların viruslu olmadığına heç kim zəmanət verə bilməz”

Uzun müddət saç ustası işləyən Viktoriya deyir ki, qaynaq təbii saçları zədələyir və saçda qırılmalar əmələ gəlir. Ustanın sözlərinə görə, saçı zəif olan qadınlara qaynaq etdirmək məsləhət görülmür: “Seyrək, nazik saçları olan xanımlara qaynaqdan istifadə etmək ümumiyyətlə məsləhət görülmür. Saç qaynağı zamanı adamın yaşı və sağlamlığı da nəzərə alınmalıdır. Güclü dərmanlar qəbul edən, dərisi həssas olan adamlara və yaşı 17-dən aşağı olanlara da qaynaq etdirmək olmaz. Bu yaşa qədər olan insanlarda saçlar yetərincə bərkimir. Qaynaqdan sonra fəsadların qarşısını almaq üçün vaxtı-vaxtında saç ustasının yanına getmək lazımdır. Çünki bu müddət ərzində saç uzanır. Bu zaman qaynaq olunan hissə aşağı düşür və görünür. Bu vaxt həmin saçlar dolaşa da bilər. Qaynaq olunan saç təbii saçı aşağı dartdığından, saçlar qırıla və ya dibindən qopa bilər. Ən böyük fəsad odur ki, bu, keçəlləşməyə səbəb ola bilər”.

Ustanın sözlərinə görə, müştərilər saçın gigiyenik baxımdan nə dərəcədə təmiz olmasına diqqət etmirlər: “Halbuki, saç vasitəsilə bir sıra xəstəliklərin keçmə ehtimalı var. Saç qaynağı kosmetoloji proses olsa da, gigiyenik tələblərə əməl edilməlidir. Başqasının başından kəsilən saçı sadəcə, yumaqla müştəriyə təklif etmək olmaz. Həmin saç kəsildikdən sonra müəyyən sterilizasiyadan keçirilməlidir ki, təhlükəli və yoluxucu xəstəliklər başqasına keçməsin. Müştərilər saçların gigiyenik sertifikatını tələb etməlidirlər. Həmin saçların xəstə insanın saçından kəsilmədiyinə, viruslu olmadığına heç kəs zəmanət verə bilməz”.

 

“Düzgün şəkildə edilmiş qaynağın heç bir fəsadı yoxdur”

Məşhur salonlardan birində usta işləyən Osman Çatal isə deyir ki, düzgün şəkildə edilmiş qaynağın heç bir fəsadı yoxdur. Daha çox risklər keratinlə edilən qaynaqda olur: “Keratin qaynaqları saça zərər verə bilər. Keratin saçda görünmədiyi üçün müştərilər daha çox ona üstünlük verir. Amma muncuqla edilən qaynaqlarda risk nisbətən azdır. Xüsusilə, mikro muncuqlardan saça zərər vermədən istifadə etmək lazımdır. Qaynaqlı saçı normal saç kimi istifadə edə bilərsiniz”.

Qaynaqdan sonra saç xüsusi qulluq tələb edir. Usta, xanımlara bir sıra məsləhətlər də verdi. Deyir ki, xanımların qaynaqdan sonra yaş saçla yatmağı məsləhət deyil. Yatmazdan əvvəl saç dolaşmasın deyə, onu hörmək və ya səliqə ilə yığmaq lazımdır. Qaynaqdan sonra hər gün saç xüsusi daraqla daranmalıdır.

 

“Allergik reaksiyalar verə bilər”

Dermatoloq Jalə Həsənova isə deyir ki, istər saç qaynağı, istərsə dırnaq qaynağı allergik reaksiyalar verə bilər: “Əslində, bu, pis deyil. Gözəllik, estetika üçün önəmlidir. Amma dəfələrlə bunun fəsadı ilə rastlaşan pasiyentlərim olub ki, müalicə etmişəm. Dırnaqlarından gelləri, saçlarından keratini çıxarmışam. Xüsusi xəstəliyi olan insanlara qaynaq etmək olmaz. Eqzema verər, allergik şoka qədər gətirib çıxara bilər. Əgər bunu edən insan qaşınma kimi hallara rast gəlirsə, bu o deməkdir ki, dəri götürmür. Qaynaq qaşınma verirsə, bundan azad olmaq lazımdır. İlk dəfə qaynaq etdirən insan saçın bir hissəndə, yaxud dırnağın birində bunu yoxlaya bilər. Heç bir dəyişiklik baş vermirsə, deməli, uyğundur. Hər hansı qaşınma, qabıqlanma kimi hallar olursa, deməli, qaynaq etdirən şəxsin bədəni bunu götürmür. Bu səbəbdən ehtiyatlı olmaq lazımdır”.

 

“İxtisaslaşmış usta yanına getmək lazımdır”

Dermatoloq Günay Tağıyeva isə deyir ki, qaynaq həm də saçlara yandırıcı təsir göstərə bilər. Bəzən qaynağın yaratdığı problemlər o qədər dərin olur ki, bu zaman saçları kökündən kəsmək lazım gəlir: “Saçlarda qaynaq ən çox göbələk xəstəliklərinə səbəb olur. Əgər qaynaq olunan tüklər xəstə tüklərdisə, onlardan sağlam tüklərə xəstəlik keçməyə başlayacaq. Nəticədə tüklər tökülə, dəridə səpkilər, şişkinlik əmələ gələ, dibi qabıq bağlaya bilər. Bundan əlavə, tüklərin uzanmasına da saç qaynağı mənfi təsir edir. Ən yaxşı halda isə saçlar uzanan kimi qırıla bilir və inkişafdan qalır. Öz saçlarınız xeyli nazik və zəif olduqda da, onların uzadılmasından imtina etmək lazımdır, çünki bu zaman onların daha çox zədələnmə təhlükəsi olur. Saçların uzadılması prosedurasından qabaq, maskaların köməkliyi ilə onları yaxşıca qidalandırmaq və möhkəmləndirmək lazımdır. Saçların uzadılmasını mütləq yaxşı salonda və ixtisaslaşmış ustanın yanında etmək lazımdır”.

“Gözəllik ondur, doqquzu dondur” deyiblər. Bu doqquzun içinə əvvəllər makiyaj daxil idisə, indi bu siyahıya süni saç, dırnaq uzatmalar da əlavə olunub. Zaman keçdikcə, gözəlliyin sirləri artır. Amma onun yaratdığı fəsadlara da diqqət edib, gözəlliyin qurbanı olmayaq.

 

Aygün ƏZİZ