market

Supermarketlərdə düşünülmüş cibgirlik

Baxış sayı: 1. 028

Bu gün istehlakçıların hüquqlarının qorunması ilə bağlı qanunvericilikdə kifayət qədər müddəa yer alsa da, reallıqda bu müddəalar elə kağız üzərində qalır. Əksəriyyətimizin tez-tez rastlaşdığımız ənənəvi problemimiz vitrin qiymətlərilə kassa qiymətlərinin üst-üstə düşməməsidir. Adətən çox çeşiddə məhsul alanda o qədər də bunun fərqinə varmırıq. Amma 1-2 məhsul alanda qiymətlərdəki fərqlər dərhal nəzərə çarpır. Məsələn, vətəndaş aldığı məhsulun qiymətinin vitrində gördüyü qiymətdən baha olduğunu kassada öyrənir. Etiraz etdikdə isə mağaza rəsmiləri “yanlışlıq olub” deməklə, problemi həll olunmuş hesab edirlər. Əlbəttə, bu hal bir-iki dəfə olanda yanlışlıq sayıla bilər. Dəfələrlə baş verdikdə isə düşünülmüş cibgirlik olduğunun fərqinə varırsan…

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirir ki, hər həftə 2-3 belə telefon şikayəti daxil olur:

“Satışda müasir texnologiyalar tətbiq olunduqca, istehlakçıların hüquqlarının pozulması halları da onunla paralel artır. İri sahibkarlar daha sivil, daha çevik yolla vətəndaşın cibinə girirlər. Satışların avtomatlaşdırılmış aparatlar vasitəsilə təşkilindən sonra şikayətlər alırıq. Adını da qoyurlar yanlışlıq. Bu “yanlışlıqlar”ın hamısı bilərəkdən edilir. Hələ olmayıb ki, vitrindəki qiymət kassadakı qiymətdən baha olsun. Məsələn, vitrində məhsulun qiyməti 3 manat 50 qəpikdirsə, kassada 3 manat 80 qəpik göstərilir. Bu, doğrudan da yanlışlıqdırsa, qoy bir dəfə də vətəndaşın xeyrinə olsun, niyə olmur?!”.

 

Hüquq müdafiəçisi bidirir ki, mağaza müştəridən kassadakı qiyməti tələb etsə belə, alıcının etiraz etmək, vitrində gördüyü qiyməti ödəmək hüququ var:

“Marketdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda ucuz olan qiymət keçərlidir. Belə olan halda, istehlakçı müdiriyyətə məlumat verməlidir. Bütün hallarda istehlakçı İqtisadiyyat Nazirliyinin “195-2” çağrı mərkəzini  məlumatlandırmalıdır. Belə məsələlər istehlakçı hüquqlarının pozulması halı kimi şərh olunmalıdır”.

 

E.Hüseynov deyir ki, buna bənzər hal “Bakı Metropoliteni”ndə də yaşanır:

“Sərnişin gediş üçün kartını turniketə yaxınlaşdırıb və bu vaxt normal olaraq yaşıl işıq yanıb. Sərnişin keçid zamanı ləngiyib və dərhal aparatda qırmızı işıq yanıb. Əgər turniket gedişhaqqını çıxıbsa, niyə ani vaxtda bağlanmalıdır? Bunun özü də istehlakçı hüququnun pozulmasıdır. Texnologiya tətbiq olunduqca, elə oyunlar çıxarırlar ki, istehlakçının pulunu yeyirlər. Metrodakı məsələ də elə buna bənzərdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir