Ana olmaq hər bir qadın üçün həm şərəfli, həm də məsuliyyətli bir hadisədir. Bu ada heç də hər kəs layiq ola bilmir. “Mənim balam” rubrikamızın bu günkü qonağı aktrisa və aparıcı Aysel Nazim də məhz bu məsələ ilə bağlı ona ünvanlanan suallarımızı cavablandırdı. Aktrisa 8 yaşlı oğul anasıdır. Aysel xanım deyir ki, övladı Hakan Efe Can dünyaya gəldiyindən bu yana sanki həyat onun gözündə bir başqa gözəlliyə qərq olub.
– Aysel xanım, övladınızı tərbiyə edərkən hansı üsuldan istifadə edirsiniz?
– Övladımı öz üsullarıma uyğun şəkildə böyüdürəm. Bilirsiniz ki, nənə-baba yanında böyüyən uşaqlar ərköyün olur. Belə ki, uşağa ana başqa söz, nənə isə başqa söz deyir. Bu zaman uşaq ananın sözünə əhəmiyyət vermir. Can dünyaya gələndə, evdə valideynlərimə dedim ki, əgər mən uşağa hər hansı bir şeyi səhv desəm, mənim səhvimi onun yanında üzümə vurmasınlar. Mənim “olmaz” dediyimə siz heç zaman “olar” deməyin. Onun tərbiyəsi ilə mən məşğul oluram. Canın ən çox çəkindiyi insan da elə mənəm.
– Övladınıza əsəbiləşəndə onu necə cəzalandırırsınız?
– Ondan küsürəm. Oğlum üçün bu ən böyük cəzadır. Mən ondan küsəndə onun üçün sanki dünya dağılır. Mənim könlümü almağın yollarını axtarır. Mahnı oxuyur, şəkillər çəkir, müxtəlif vasitələrlə şirinlik edir. Küsmək mənim ona qarşı bir silahımdır (gülürük). Bu xasiyyət məndə də var. Mən də çox sevdiyim insanlarla uzun müddət küsülü qala bilmirəm. Əgər həqiqətən dəyər verdiyim biri ilə hər hansı problem yaşasam, onu yerindəcə həll etməyə çalışıram.
– Küsməkdən başqa hansı xüsusiyyəti sizə çəkib?
– O da mənim kimi çox tərsdir. Bu xüsusiyyəti atasında da var. Ancaq bir qədər xəsisdir. Nə atası, nə də mən xəsis deyilik. İkimiz də ürəyiaçığıq. Deyəsən xəsislikdə əmisinə çəkib. Heç kimə heç nəyini verməz. Bu xüsusiyyətinə görə əslində çox sevinirəm. Biz çox ürəyiaçıq olduq, hər kəslə hər şeyi paylaşdıq. Əlimizdə nə vardısa onu payladıq, ancaq qədrimizi bilən olmadı. Ona görə deyirəm ki, qoy xəsis olsun. Əlindəkinin qədrini bilsin.
– Övladınızı kimə əmanət edirsiniz?
– Cana iki yaşına qədər özüm baxmışam. İki yaşından sonra işləməyə davam etdim. Ondan sonra nənəsi baxdı. Oğlumun hər şeyi ilə mən məşğul oluram. Ancaq nə etsəm də, o yenə də nənə balasıdır (gülürük).
– Həm aparıcı, həm də aktrisasınız. Bəs övladınıza yetəri qədər zaman ayıra bilirsinizmi?
– Oğlum mənim üçün hər şeydən öndə gəlir. Onun valideyn iclasına, istirahətinə, asudə zamanlarının keçirilməsinə qədər hər şeyinə mən nəzarət edirəm. Yeri gələndə onun oyun yoldaşı oluram, birlikdə nahar edirik, gəzməyə gedirik. Tez-tez teatra, muzeyə aparıram. Canın hər şeyinə zaman ayırıram. Elə olur ki, yuxuma haram qatıram, gecələri yatmıram. Təki ona sevgimi, qayğımı lazımi səviyyədə ötürə bilim.
– Oğlunuz sizi televiziyada izləyirmi?
– O, mənim bir efirimi belə qaçırmır. Mən bir müddət aktrisa kimi fəaliyyət göstərdim, veriliş aparmadım. Can bunun fikrini çəkirdi, deyirdi ki, nə üçün sən veriliş aparmırsan, sənin verilişlərini izləmək istəyirəm. Mən efirdə olarkən televizordan məni öpən yerdə anam şəkillərini də çəkmişdi. Oğlum mənimlə fəxr edir. İstəyir ki, o da məşhur olsun. Deyir, necə ki çölə çıxanda sənə yaxınlaşıb şəkil çəkdirirlər, istəyirəm ki, mənimlə də şəkil çəkdirsinlər. Sanki mənimlə yarışır.
– Belə başa düşdük ki, övladınız bir az sizi qısqanır?
– Bəli, qısqanclığı var. Kənardan hər hansı uşaq yaxınlaşıb mənimlə şəkil çəkdirmək istəyəndə deyir ki, bu mənim anamdır. Elə bilir ki, şəkil çəkdirməklə onun anasını əlindən alacaqlar. Hər kəsə qarşı mehriban uşaqdır. Ancaq məni məxsusi şəkildə sevir. Ümumiyyətlə insan övladı ilə xoşbəxt olur. Mən özümü övladımla xoşbəxt hiss edirəm.
– Qeyd etdiniz ki, oğlunuzun sizə sevgisi məxsusidir. Gələcəkdə bu sevgi sizə deyil, başqa bir qadına qarşı yönəldikdə, sizin ona reaksiyanız necə olacaq?
– Mən istəyirəm ki, gələcəkdə hər hansı bir xanıma qarşı sevgi bəsləyərsə, onun sevgisi qarşılıqlı olsun. Oğlumu xoşbəxt görmək mənə kifayət edər. Onun verdiyi sevgini qarşı tərəfin də verməsini istəyərəm. Mənə bundan başqa heç nə lazım deyil. Bir ananı balasını xoşbəxt görməkdən başqa nə sevindirə bilər ki?
– Adətən məşhurların övladları kulisdə böyüyürlər. Sizin övladınız necə?
– Can mənimlə bir çox çəkilişlərə gedib. Kino, konsert, televiziya çəkilişlərində yanımda olub. Amma onun elə zamanı yoxdur ki, mənimlə bütün günü çəkilişlərə getsin. Dərslərindən əlavə qalan zamanda hazırlığa, idmana gedir, pianino ilə məşğul olur. Onun özünün də çox vaxtı olmur. Ancaq mən çəkilişə gedəndə o da evdə boş olarsa, onu özümlə aparıram. Anamdan başqa onu heç kimə əmanət edə bilmirəm.
– Dayəyə etibar etmirsiniz?
– Bu mövzu ilə bağlı çox həssasam. Can uşaq olanda mən ona dayə tutmuşdum ki, onu gəzdirsin. Ancaq pəncərədən dayənin özünə belə nəzarət edirdim. Anamdan başqa onu heç kimə əmanət edə bilmirəm. Adətən deyirlər ki, analıq hissi övladı dünyaya gətirəndən sonra yaranır. Ancaq bu hiss məndə övlad sahibi olmamışdan əvvəl də var idi. Bəlkə də bu, bürcümün xüsusiyyətlərindən irəli gəlir. Mən xərçəng bürcüyəm. Bu bürcdə altında doğulan qadınlar ən yaxşı həyat yoldaşı və ana olurlar. Onlar övladlarına bağlı biridirlər. Ən çox da ailə qurmağı övladım olsun deyə istəyirdim. Oğlum dünyaya gəlməmişdən əvvəl öz yeməyimə, içməyimə diqqət yetirirdim. Düşünmürdüm ki, filan şeyi mənim ürəyim istəyir. Əgər bu mənim uşağıma xeyirdirsə, onu yeyirdim. Cana hamilə olduğum vaxtlar rasionumdan çıxartdığım qidalar olub. Belə ki, dönərdən, qazlı içkilərdən və sair zərərli qidalardan imtina etmişəm. Ona görə də bu gün Can sağlam bir uşaqdır. Can həyatıma daxil olandan bəri qidalananda da, hər hansı işi görəndə də, birinci oğlumu düşünmüşəm. Ana olandan sonra insanın məsuliyyəti ikiqat artır.
– Deyirlər, indiki dövrdə oğlan uşağını böyütmək qız uşağını böyütməkdən daha çətindir. Bu fikirlə razısınızmı?
– Heç də. İndiki dövrdə oğlanı da, qızı da böyütmək çox çətindir. Ümumiyyətlə valideyn olmaq məsuliyyətli bir işdir. Hər kəs bu məsuliyyəti daşıya bilmir. Məncə, bu məsuliyyəti daşıya bilməyənlər valideyn olmamalıdır. Uşağa tam şəkildə həyatını ayıra biləcək insanlar valideyn olma haqqına malik olmalıdır. Əgər dünyaya uşaq gətirirsənsə, o heç nədən korluq çəkməməlidir. Nə sevgidən, nə qayğıdan, nə də məhəbbətdən. Əgər bunları dünyaya gətirdiyin övladına verə biləcəksənsə, onu dünyaya gətir. Verə bilməyəcəksənsə, dünyaya gətirməyin bir mənası yoxdur. Həyatın onlar üçün hansı sürprizlər hazırladığını biz bilə bilmirik. Nə qədər ki onlar bizim himayəmizdədirlər, onlara hər bir şərait yaratmalıyıq.
– Cəmiyyətimizdə qız uşaqlarına qarşı da böyük bir aqressiya var.
– Bunların hamısı cahillikdən irəli gəlir. Düşünürlər ki, oğul övladları olsun, nəsilləri davam etsin. Övladın qız və ya oğlan olmasının heç bir fərqi yoxdur. Əsas odur ki, xeyirli övlad olsunlar. Bilmək olmaz, bəlkə dünyaya gətirdiyin oğlun sabah başına hansı bədbəxtlikləri gətirəcək. Əsas odur ki, cəmiyyət üçün xeyirli övladlar yetişdirək. Onları bu neqativlərdən, pis əməllərdən uzaq tutaq. Mən çalışıram ki, son zamanlar yaşanan pis hadisələrdən oğlumu uzaq tutum. Onsuz da böyüdükcə özü anlayacaq. Çalışıram ki, gündəmdə olan hadisələr ona təsir etməsin.
Elə hesab edirəm ki, uşaq üçün ən böyük örnək onun valideynidir. Valideyn özü yaxşı nümunə olmayandan sonra uşaqdan necə yaxşı əməllər gözləyə bilər? Ana əgər evdə öz valideynləriylə pis danışırsa, övladının onunla yaxşı rəftar etməsini gözləməməlidir. Ən birinci fiqur, nümunə valideynin özü olmalıdır. Hərdən baxıram ki, oğlum valideynlərimlə, dostlarımla danışığıma fikir verir. Bilirəm ki, o da mənə oxşamağa çalışır. Ona ən böyük nümunə mən özüməm.
– Gələcəkdə onu necə görmək istəyirsiniz?
– Ən əsası qərarlı bir insan olmasını istəyirəm. Mən çox qərarlı biriyəm. Bir şeyə qərar verərkən məqsədindən geri dönməsin, sevdiyi peşənin axıra qədər dalınca getsin. Misal üçün, mən Xarici Dillər Universitetini bitirmişəm və bir müddət tərcüməçi kimi işləmişəm. Ancaq mənim uşaqlıq arzum aktrisa olmaq idi. Sonunda öz peşəmin arxasınca getdim və istəyimə nail oldum. Tutduğum bu yolda valideynlərim də mənə dəstək verdilər, mən də övladıma dəstək olacağam. O, incəsənəti sevir. Güzgünün qarşısına keçib verilişlər aparır. Kameraya yad biri deyil. Mən Azərbaycan Dövlət Televiziyasında işləyəndə o da verilişlər aparırdı. Bundan başqa, Röya Ayxanın, Abbas Bağırovun klipinə də çəkilib. Dünyaca məşhur cazmen olmaq istəyir. Təki olsun. Gələcəkdə onunla birgə veriliş aparmağı düşünürəm. Əslində bu təklifi də mənə oğlum verib.
Xəyalə Rəis