Müsahibimiz “Lider” TV-nin tanınmış aparıcısı Rəhman Rəsulovdur. “Gencaile.az”saytıının “Kişi sözü” rubrikasında Rəhmanla onun peşə fəaliyyətindən, karyerasından, futboldan, “Qarabağ”dan və gələcək ailə həyatından danışmışıq.
– Rəhman, özünü 2-3 cümlədə necə ifadə edərdi?
– Əslində çox mehriban və hamı ilə dil tapmağı bacaran.Həm də çox sərt və əsəbi. Sözü gec də olsa üzə deyən qırmızı adam…
– Hansı sahə üzrə təhsil almısınız?
– Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram-kino aktyoru” fakültəsini bitirmişəm. Oynadığım ən yaddaqalan obrazım (mənə görə) “Hekayəti vəziri xani lənkəran” əsərində Xan roludur…
– Necə oldu jurnalistikaya gələsi oldunuz?
– Mən jurnalist deyiləm. Aparıcıyam. Jurnalistin araşdırmaları, publisistik yazıları və s olmalıdır. Məndə hələ ki, qeyd etdiklərimin heç biri olmayıb… Bəlkə gələcəkdə oldu. Onda bu barədə danışarıq.
– Apardığınız proqramlardan hansı öz xoşunuza daha çox gəlir?
– Hər şey verilişin heyətindən asılıdır.İ ndiyə qədər də çox şadam ki, özünə hörmət edən mehriban insanlarla çalışmışam. Deməli hər şey əladır. Xüsusən də “Tap dostum”da…
– Dostlar tapa bilirlərmi siz nə istəyirsiniz? Ümumiyyətlə, dostlarınız varmı? Onlar kimlərdir? Hansı sahənin adamlarıdır?
– Dostlar ağızdan çıxan sözdən ki,başa duşmədi sənin nə istədiyini – onda nə oldu daha. Mən məni başa düşən adamla dostluq edə bilirəm. Az olsa da var belələri. Hansı sahənin adamının olması mənim üçün vacib deyil. Əsas dostluqdur.
– Elə olurmu ki, çəkilişlərdə çətinliklərlə üzləşəsiniz, çıxılmaz vəziyyətə düşəsiniz?
– Siz elə bilirsiz ki, TV və radioda hər şey yağ kimi – efirdən göründüyü formada gedir? Hər çəkiliş əsəb və çətinliklə başa gəlir. Əsas odur ki, bütün bu situasiyalardan üzümüz ağ çıxa bilirik.Özümüzdən başqa heç kim də bunu hiss etmir…
– Yəqin gülməli hadisələr də olur…
– Bir neçə il bundan qabaq dedilər ki, vəssalam, indi çəkdiyimizi efirə verəciyik. Məşqlər bitdi. Özümü toparladım, çəkdik və axırda bəlli oldu ki,bu da məşq imiş…
– Futbol azarkeşisiniz. Bəs nəyə görə jurnalistikanın bu istiqamətinə yönəlməmisiniz?
– Aparıcı kimi futbola yönəlsəydim, bəlkə də futbolu bu qədər sevməzdim. Belə yaxşıdır.
– “Xəzər Lənkəran”, yoxsa “Qarabağ”?
– Əlbəttə ki, “Xəzər Lənkəran”. Beynəlxalq yarışlarda isə bütün Azərbaycan klubları və “Fənərbaxça”, “Barcelona”.
– Oyunlara kimlə gedirsiniz?
– Futbolu sevən dostlarla gedirəm. Özü də gedib oturub sakit baxan adamlarla yox. Əsl azarkeşlik edən dostlarla.
– “Qarabağ”dan bu il nə gözləyirsən? “Seltik”i keçmək sürpriz olacaq, yoxsa “Qarabağ” üçün bu, keçiləsi rəqibdir?
– “Qarabağ”ın Bakıdakı oyununun əsas hissəsi məncə 1-0 hesabı ilə bitəcək. Oyun penaltilərə qədər uzanacaq. “Qarabağ” turu keçəcək.
– “Facebook”dan daha çox nə məqsədlə istifadə edirsiniz?
– “Twitter”, “Facebook” və “İnstagram”ın demək olar ki,aktiv istifadəçilərindənəm. İndiki zamanda dünyada baş verənlərdən birbaşa xəbərdar olmaq və işlə bağlı paylaşımlar üçün. Hərdən olur ürəyimi məhz statuslar vasitəsilə boşaldıram.
– Sosial şəbəkədə sevgi etirafları olurmu?
– Sevgi etirafı, sözün açığı, çox azdır.
– Toy nə vaxtdır?
– Dəvətnamə verəndə “facebook”da qeyd edəcəm…
– Deyirlər, nişanlı qalmaq əməlli-başlı xərc aparır…
– Əməlli-başlı xərcdir. Amma adam rahat xərcləyir. Problem yoxdur.
– Evlənməyə hazırlaşan Rəhman necə düşünür – Ailənin dayanıqlığı üçün başlıca prinsiplər hansılardır?
– Bu fikir şablon olsa da deyəcəm: Əsas iki nəfər bir-birini başa düşsün. Qalan bütün deyilənləri boş ver getsin.
– Evin “komandiri” kim olmalıdır?
– Evin komandiri kişi özüdür təbii ki.
Söhbətləşdi: Vüsal