1438340938_71a4141321099ea7f5b59d7a81deaf43

Osmanlı sultanları niyə Həccə getmirdilər?

Baxış sayı: 2. 405
Bildiyimiz kimi Həcc hər müsəlman üçün (müəyyən şərtlər ödənilməklə) vacib olan beş şərtdən biridir. Bəs 7 əsr ərzində demək olar ki, dünyanın ən böyük imperiyasından birinə rəhbərlik etmiş Osmanlı sultanları nədən Həccə getməmişdilər?
Bu haqda araşdırmanı təqdim edirik.
Həcc, yoxsa müsəlmanların əmin-amanlığı
Tarixi mənbələrə əsaslansaq heç bir Osmanlı sultanı Həcc ziyarətində olmayıb.
Sultan Səlimin Misiri istilasından sonra islam xəlifəliyi statusunun da sultanlara keçməsi ilə dini rəhbər olan sultanlar nədən islamın bu 5 vacib şərtindən birini  yerinə yetirməyiblər?
İslam hüququna görə cihad fərzi-kifayədir, həcc isə fərzi-ayindir. Yəni cihad sosial bir ibadət, həzz isə fərdi ibadətdir. Müsəlmanların əmin-amanlığını təmin etmək, onların həyatlarını, malını, namusunu düşməndən qorumaq bir rəhbər kimi sultanların boynuna düşdüyündən onlar üçün əsas şərt müsəlmanları qorumaq olub. Kobud desək, heç bir sultan rəhbəri olduğu müsəlmanların həyatlarını təhlükəyə atıb şəxsi mənafeyi naminə Həcc ziyarətinə gedə bilməzdi. Bu barədə peyğəmbərin bir hədisi əsas götürülürdü. Peyğəmbərə səhabələri sual verir ki, hansı əməl daha fəzilətlidir. O isə cavab verir, Allaha və peyğəmbərinə inam, cihad və Həcc ən fəzilətli əməllərdir. Göründüyü kimi bu hədisdə Həcc üçüncü sırada dayanır.
Fəth, yoxsa Həcc
Osmanlı sultanları biz düşündüyümüz qədər də komfortlu həyat sürməyiblər. II Səlimə qədər bütün Osmanlı sultanlarının ömrü demək olar ki, at belində, səfərlərdə, mübarizdə, fəthlərdə keçib. Qarşılarına islamı yaymaq məqsədi qoyan sultanlar cihad edir, imperiyanı Avropaya doğru genişləndirərək bu yerlərdə islamı yaymağa çalışırdılar. Belə bir halda onların bu fəthləri dayandırıb Həccə getməkləri isə mümkünsüz idi.
Səfər çətinlikləri
Orta əsrlərin şərtlərini nəzərə alsaq İstanbuldan Məkkəyə ziyarətə getmək 3 aydan az olmazdı. Piyada səfər isə daha çox 6-7 aya mümkün idi. Təbii ki, sultanlar heç bir zaman səfərə tək çıxmırdılar. Bu mümkün deyildi. Sultanın səfəri zamanı məiyyəti, hərəmi, xidmətçiləri, yəni demək olar ki, bütün saray onunla getməliydi. Bu da xərc aparan və təhlükəli işdi. Təbii ki, Sultanın təhlükəsizliyini təmin etmək üçün ordu da onunla getməli idi…
Sultanın ordu ilə Həccə ziyarətinə getməsi həm ordunu təyinatı üzrə istifadə etməmək, həm də artıq xərc sayılırdı ki, bu da ciddi ənənələrə söykənmiş Osmanlı dövlətində mümkünsüz idi.
Sultan sarayda olmalıdır
Osmanlı xalqı padşaha olduqca bağlı idi. Sultan vacib səfərlər, fəthlər xaric həmişə taxtda olmalı, ölkənin başında dayanmalı idi. Bundan başqa dövlət sistemində son qərarlar da sultana məxsus olduğundan demək olar ki, dövlətin bütün idarəetmə işlərində sultan özü birbaşa iştirak etməli olurdu.
Sultanın ölkəni aylarla başsız qoyub Həccə getməsi isə xalq içində narazılıq yarada bilərdi. Üstəlik sultanın Həccdə olduğunu bilən düşmən dövlətlər də hücum edə bilərdilər. Saray içində çevrilişlər baş verə, üsyanlar baş qaldırardı.
Bütün bu fitnə-fəsadları önləmək üçün Sultanın sarayda olması vacib idi.
Həccə getmək cəhdi
Bütün bu çətinliklərə baxmayaraq Gənc Osman kimi tanınan II Osman Həcc ziyarətinə getməyə cəhd göstərib, ancaq qayınatası olan Şeyxülislam Əsəd Əfəndi fətva verərək – “Padşahlara Həcc lazım deyildir, oturub ədl eyləmək əvladır…” – sultanı ziyarətdən daşındırmağa çalışır.
Şeyxin cəhdlərinə baxmayaraq Sultan inadından dönmür, qafiləni hazırlatdırıb yola çıxmaq istəyir. Bu zaman Osmanlıda baş vermiş gərginlik üzündən yeniçərilər üsyan qaldıraraq Gənc Osmanı taxtdan endirərək öldürürlər.
Osmanlının 32-ci sultanı Abdüləzizin isə təğyiri-libas olub Həcc ziyarətinə getdiyi söylənilsə də bu fikir təsdiqini tapmayıb.
Həccə getməməyin əvəzi
Osmanlı sultanları Həccə getməsələr də hər zaman islamın bu müqəddəs şəhərinə hörmət və ehtiramla yanaşmış, Kəbə evinin inşası, təmiri  prosesində səxavətlə iştirak etmişlər. Misal üçün, sel nəticəsində dağılan Kəbəyi-Müəzzəmənin bugünkü binasını IV Murad tikdirmişdir.
Bundan başqa minarələrin tikilməsi, təmiri, Kəbə örtüyünün  dəyişdirilməsi, minarələrin işıqlandırılması,  hacıların pulsuz qalması üçün yerlər, su kanalları inşa etdiriblər.
Hər il İstanbuldan Məkkə-Mədinəyə “Surre Alayları”, yəni hədiyyələr, nəzirlər göndərilib.
Hətta Sultan Abdulməcidin zəvvarların ayaqları qumda yanmasın deyə Kəbənin təvaf yerini kaşı ilə döşətdirdiyi və kaşıların üstünə hacıların ayaqlarını basa biləcəyi bir şəkildə adını yazdırdığı da deyilir.
Yuxarıda sadaladığımız məlum səbəblərdən heç zaman Həccə getməmiş Osmanlı sultanları, islam xəlifələri hər zaman bunun mənəvi yükünü duymuş, islamın vacib şərtinin ehtiramını başqa mümkün vasitələr saxlamağa çalışmışlar.  (kulis.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir