Bir neçə saat sonra Avropa böyük futbol bayramına başlayacaq – Fransada, Avropanın mədəniyyət, sevgi, romantika, ətir paytaxtı sayıla biləcək şəhər – Paris qitənin futbol paytaxtına çevriləcək.
Futbol həyəcanı yəqin ki, hər evdə hiss olunacaq. Xüsusilə nəzərə alsaq ki, budəfəki çempionatda qardaş ölkə Türkiyə də iştirakçılar sırasına düşə bilib. Azərbaycan seçməsinin yenə də AÇ-də yoxluğu bizi bu dəfə də yalnız “qırmızılar”a azarkeşliklə kifayətlənməyə məcbur buraxır.
Hər halda, ilk dəfə 24 komanda ilə keçirilən çempionatın maraqlı keçəcəyi gözlənilir. Bəs görəsən, bizim tanınmışlar AÇ-ni izləyəcəklərmi? Kimə, hansı komandaya azarkeşlik edəcəklər və hansı yığmanı favorit hesab edirlər? Bax elə bu sualları ictimai həyatdan, ədəbiyyatdan, efirdən tanıdığınız bəzi tanınmışlarımıza vermişik.
Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi:
– Açığı futboldan çox başım çıxmır. Böyük marağım da yoxdur. Yalnız “Qarabağ”, “Qalatasaray”, bir də Türkiyə millisi oynayanda izləyirəm.
Rahil Sayadoğlu, ANS-in “Şəbəkə” verilişinin aparıcısı:
– Avropa çempionatını mütləq izləyəcəyəm. Saat 17:00 və 20:00-da baş tutan oyunlara baxmaqda biraz çətinliyim olacaq. Çünki iş saatlarıma düşür. Amma çalışacağam ki, bir gözüm kompyuterdə olanda, digər gözüm də oyunda olsun. Lakin 23:00-da baş tutacaq oyunları böyük maraqla izləyəcəyəm.
İtaliyaya azarkeşlik edəcəm. İtaliya millisi və klubları mənim döyünən ürəyimdir. Çexlərin və türklərin qələbəsinə də sevinəcəm. Xüsusilə Türkiyə millisi bizə ayrı cür doğmadı. Əgər bu komandaların heç biri uğur qazana bilməsə, mənə görə Ukrayna da pis variant deyil. Xoxolların çempionluğu ruslara göz dağı olardı.
Favorit komanda isə bir neçədir. Son vaxtlar Belçikanın çempionluq şansları artıb. Əla oyun sərgiləyirlər. İngiltərə və İspaniya da çox güclüdü. Amma düşünürəm ki, çempionluğu Almaniya bayram edəcək. Alman “maşın”ı qarşısıalınmazdır.
Varis Yolçiyev, yazıçı:
– Əlbəttə, izləyəcəm. Türkiyəyə azarkeşlik edəcəm. Favoritlər isə zənnimcə, daha çox Fransa və Almaniyadır. Ancaq Portuqaliya və İngiltərənin də şansı böyükdür.
Fərhad Mehdiyev, Qafqaz Universitetinin professoru, politoloq:
– Mən ümumiyyətlə futbolla maraqlanmıram. ona görə də AÇ-ni seyr etməyəcəm.
Sahilə İbrahimova, yazıçı:
– Təəssüf ki, futbolla qətiyyən maraqlanmıram. Odur ki, çempionatı izləməyəcəyəm.
Şahin Diniyev, “Kəpəz” klubunun baş məşqçisi, milli komandanın eks çalışdırıcısı:
– Çempionatı təbii ki, maraqla izləyəcəm. İspaniyaya azarkeşlik edəcəm. Favoritlərə gəlincə isə Almaniya, İspaniya və İngiltərəni daha şanslı görürəm.
Rəşad Sultan, həkim-ginekoloq:
– Mütləq baxacam. Türkiyə olan yerdə başqa komandanı ancaq bir halda tuta bilərəm, orda Azərbaycan olarsa.
Favorit hər halda Almaniyadır. Son dünya çempionudurlar, başqa şərhə yer qalmır. Amma İtaliya, İspaniya və Fransa da var. Xorvatiya gizli favorit ola bilər.
Azər Qismət, jurnalist:
– Çempionatı mütləq izləyəcəyəm. Düşünürəm ki, budəfəki çempionat ötən dəfəkindən daha yaddaqalan olacaq.
Daha çox Portuqaliya və İspaniya komandalarına azarkeşlik edəcəyəm.
Hansı komndanın favorit olacağına gəlincə, daha çox Fransa və Almaniya üzərində dayanıram. Ancaq daha çox məncə, Almaniya.
Leyla Mustafayeva, teleaparıcı:
– Açığı, bu dəfə maraqlanmadım. Heç bilmirəm, hansı ölkələr, hansı komandalar oynayır.
Rəşad Ergün, “Komanda.az” saytının baş redaktoru:
– Təbii ki, Avropa çempionatını izləyəcəm. Bu, hər futbolseverin gözlədiyi turnirdir.
Türkiyə və Ansi Aqollinin çıxış etdiyi Albaniya millisinə azarleşlik edəcəm.
Favorit kimi gördüyüm komandalar Almaniya, Belçika və İspaniya milliləridir.
Aydın Xan Əbilov, kitabxana.net portalının rəhbəri, yazıçı-kulturoloq:
– Mən futbola baxmıram və izləməyəcəyəm də. Əlavə onu da bildirim ki, İslama və Azərbaycan qanunlarına görə qumar yasaq edildiyindən Ramazan ayına təsadüf edən bu lotereyalı futbol oyunlarına baxmaq günahdır.
Rəşat Kəsəmənli, şair:
– Sözsüz ki, baxacam. Səbrsizliklə gözləyirəm oyunları. Azarkeşlik etdiyim yalnız Turkiyə millisi olacaq. Favorit ise Fransa və İngiltərəni görürəm.
Mirhacib Məcid, “Qol.az” saytının baş redaktoru:
– Bəli, çempionatı izləyəcəm. Təbii ki, Türkiyəyə azarkeşlik edəcəyəm. Amma favorit olaraq İspaniya millisini görürəm.
Rumiyyə Miraslan, “Moderator.az” saytının əməkdaşı:
– İlk öncə onu qeyd edim ki, futbola baxmağa zamanım olmur. Futbola baxmağa ayıracağım zamanı hansısa bir maraqlı işə sərf edərəm deyə düşünürəm. Məşhur bir tamaşamız var, dəyərli aktrisamız Nəsibə Zeynalova o tamaşada futbolçular haqqında çox gözəl bir söz işlədir: “Bir yumru topun dalıyca düşüb, oyana qaçırlar, bu yana qaçırlar, arada da qol deyə qışqırırlar”. Məni qınamayın, indi mən də eynən həmin düşüncədəyəm.
Ancaq evdə həyat yoldaşım və 8 yaşında oğlum sözün əsl mənasında, futbol “xəstəsi” olduğuna, həmçinin də mediada çalışdığıma görə futbol xəbərlərindən agaham. Qarşıdakı Avropa Çempionatından da az da olsa məlumatım var. Öncəliklə bütün komandalara uğurlar arzulayıram.
Türkiyəyə azarkeşlik edəcəyəm və ailəlikcə edəcəyik. Favorit komandam da Türkiyədir.
Fərid İslamov, gənc sahibkar, “Banco.az” portalının rəhbəri:
– Əlbəttə, izləyəcəm. Mən iki komandaya azarkeşlik edəcəm – bize daha yaxın olduğu üçün Türkiyə millisinə və əlavə olaraq Almaniya millisinə. Düşünürəm, çempionun elə Almaniya olma ehtimalı yüksəkdir.
Gencaile.az