nene-baba

Nənə-babasız ailələrin dramı

Baxış sayı: 636

İndiki ailələr bir neçə nəsil əvvəlki ailə modelindən çox fərqlənir. Fərqlənmək nədir, get-gedə qopub uzaqlaşır ənənəvi ailə modelindən və yeni bir ailə modeli yaranır artıq.

Bu ailə modelində demək olar ki, nisbətən daha müstəqil, daha çox sağlamlıq baxımından mühafizəkar və demokratik bir mühit formalaşır. əgər yeni ailə quruluşu keçmişdən qalan bəzi gərəksiz mükəlləfiyyətlərdən boyun qaçırmaq, içindəki fərdləri çox sıxmadan, əzmədən hər kəsin psixoloji, mənəvi və fiziki baxımdan düzgün formalaşa biləcəyi bir modelə keçməkdirsə, əlbəttə, bu, alqışalayiqdir. Amma bəzi köhnə dəyərləri də geridəqalmışlıq olaraq dəyərləndirib, bir sıra gərəksiz şeylərlə eyni çuvala doldurmaq heç doğru olmazdı. Məsələn, uşaqların böyük ailə mühitində yetişməsi, nənə-baba yanında böyüyüb, hər gün onlardan sevgi görməsi, nəsə dinləyib öyrənməsi niyə pis olsun, axı? Kim buna pis deyə bilər ki?

Bu gün cəmiyyətimizdə iki nəsil arasında gedən, amma çox da açılıb-ağardılmıyan ziddiyyət, həyat tərzlərindəki fərqliliklər, anlaşmazlıqlardan ailədə ən çox uşaqlar öz payını alır. Yəni “gəlinlər və qaynanalar”,  “atalar və oğullar” adlı əsirlərlə davam edən soyuq savaşlarda itirən həmişə ailədə böyüyən uşaqlar olur. Artıq iki ayrı dövrün insanının bir evin içində səssiz-sakit yaşaması olduqca çətinləşib. Böyüklər buna “ayaqlar baş olub” deyir, kinayəylə, təəssüflə yanaşırlar. Halbuki insanlar yavaş-yavaş fərd olmağı öyrənirlər. Bu prosesin içində də assimilyasiya olan birinci növbədə geniş ailə modelidir. Beləcə, gənc ailələrdə doğulan balaca balalar da nənədən, babadan aralı böyüməyə başlayırlar.

Nənə-babanın yanına qonaq getməklə, onların yanında böyümək, yəqin razı olarsınız ki, eyni şey deyil. Digər tərəfdən, xüsusilə iqtisadi səbəblərdən artıq evli cütlüklər az uşaq sahibi olmaq istəyirlər. Bu səbəndən də ailələr keçmişə nisbətən daha az insandan ibarət olur. Halbuki keçmişdəki insanlar ailələrinin böyüklüyü ilə fəxr edir, onun izdihamı ilə qürur duyurdular. Demək olar ki əksəriyyətimizin nənə-babası, hətta ata-anası ailədə 6-7, bəlkə də, daha çox uşaq olub. Böyük bir ailədə yaşamağın mənfi cəhətləri olsa da, bir çox faydası da var.

Bu faydaları indi valideynlər qucaq-qucaq pul tökərək psixiatrlardan, pedaqoqlardan almağa çalışırlar. Halbuki insanın xislətində olmalı olan bir çox şey əslində, onun göz açdığı ailədə görüb vərdiş etdiyi davranış tərzləri ilə formalaşır. Böyük ailə modelinin insanlarda aşıladığı bir çox faydalı vərdişlər var.

nene-baba

Ailə üzvləri özlərini tək hiss etmirlər

Yalnızlıq günümüzün ən böyük problemlərindən biridir. Bu duyğu xüsusən daha az fərdi olan ailələrdə qaçılmazdır. Böyük ailələrdə isə tək qalmaq demək olar ki, mümkün deyil. Bu cür ailələrdə hər gün ayrı bir hadisə və ya həyəcan yaşanır. Buna görə də günlər monoton keçmir və bu cür geniş ailələrdə yaşayan insanlar daha müsbət bir həyat tərzi formalaşdırırlar.

 

Səbir duyğusu inkişaf edir

Səbirli olmaq, xüsusilə çox sayda insan olan ailələr üçün ən vacib məsələdir. Çünki bu cür ailələrdə adətən tualet, hamam, televizor, fen aparatı eyni anda işləyə bilər, səs-küy çox olar. Nəyəsə növbənin çatmasını gözləmək məcburiyyətində qalmaq və bu kimi bir çox xırda, gözə görünməyən məişət məsələləri ilə insan səbirli olmağı böyük ailələrdə yaşayaraq öyrənə bilir. Hətta deyə bilərik ki, məcburiyyətdən, öz-özündən formalaşan bu səbirlilik halının cəmiyyətdəki münasibətlərdə, ünsiyyət prosesində insana bir çox faydası var.

 

İnsanlarla asanlıqla ünsiyyət qurmaq mümkün olur 

Böyük ailələrdə fərqli şəxsiyyətə, xarakterə sahib insanlar olur və bu insanların hər biri, bir-biri ilə dil tapmağı bacarır, bir süfrənin ətrafına toplaşır, küsüb-barışmağın da təhərini bilirlər. Ailə üzvləri davamlı ünsiyyətdə olduqları üçün bu ailələrin üzvləri cəmiyyətdə asanlıqla ünsiyyət qura bilir, hər kəslə dil tapmağı bacarırlar.

 

Fədakarlıq hissi formalaşır

Ailə üzvlərinin çoxluğu səbəbindən bacı-qardaşların bir-birləri üçün bəzən bir çox şey qurban verməsi lazım gəlir. Yeri gəlir, kiçiklər böyükərin paltarları ilə böyüyür, yeri gəlir, böyüklər işləyib kiçikləri oxudur. Hər gün süfrə başında bir çörəyi paylaşmaq belə insana fədakar, rəhmli və mərhəmətli olmağı öyrədir.

nene-baba

Yaşlılara, böyüklərə hörmət formalaşır

Xüsusilə nənə və baba ailədə hörmətlə yanaşılması ən vacib insanlar sayılırlar. Belə ailələrdə hər kəsin öz yeri olur. Nənə-babaya qoyulan hörmət ayrı, ana-ataya olan hörmət bir ayrı, böyük qardaşa, bacıya qarşı hörmət isə tamamilə fərqli formalaşır, beləcə, insanlar hələ kiçik yaşlarından həyatda yerini, həddini bilməyi öyrənirlər. Bütün bu tərbiyəvi davranışlar davamlı tətbiq olunduğu üçün vərdiş halına gəlir və beləcə ömür boyu davam edir.

 

Paylaşmaq mədəniyyəti öyrənilir

Böyük ailələrdə hər şeyi paylaşmaq məsələsi tez-tez ortaya çıxır. Çünki ailə üzvləri paylaşmaq mədəniyyətini özləri də bilmədən inkişaf etdirirlər və bu, onlara cəmiyyətdə də böyük faydalar gətirir. Əlində olanı başqaları ilə bölüşən, qonşusu, iş yoldaşı çətinə düşəndə ona dayaq olan birini kim sevməz axı? Belə insanlarda dəstək olmaq, paylaşmaq kimi davranışlar uşaqlıqdan formalaşdığı üçün bu, məcburiyyət yox, vərdiş hesab olunur. Bu da insanı cəmiyyətdə, insan münasibətlərində, dost-tanış arasında hörmətli edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir