internet

Tanınmışlar sosial şəbəkələrdə: Kim necə istifadə edir?

Baxış sayı: 1. 740
İnkişaf edən texnologiya gündəlik həyatımıza böyük təsir göstərir. Artıq sosial şəbəkə vasitəsi ilə insanlar arasında sərhədlər qalxıb, ünsiyyət  asanlaşıb, təhsil, səhiyyə və gündəlik həyatla bağlı problemlər daha tez başqalarına çatdırılır. İnformasiya çağı deyilən bu dövrdə sosial şəbəkənin gücünü danmaq olmaz. Ölkə başçılarından, siyasətçilərdən tutmuş şou-biznes nümayəndələrinə kimi hər kəs fəal şəbəkə istifadəçisidir.  
“Gencaile.az” Musavat.com-a istinadən tanınmışların sosial şəbəkə fəaliyyəti, izləyicilərinin sayı, paylaşımları barədə yazını təqdim edir.
Ilk olaraq ABŞ prezidenti Barak Obamadan başlayaq. O, fəal sosial şəbəkə istifadəçilərindən biridir. 75,7  milyon izləyicisi olan prezident 15 min tvit yazıb. O, bəzən isə “Twitter” üzərindən insanların suallarına cavab verir, canlı yayıma qoşulur.
Son zamanlar B.Obama LGTB-lərə dəstək xarakterli statuslar paylaşır. Sonuncu dəfə “Sevgi o zaman qalib gəlir ki, insanlar ayağa qalxır və bunun üçün mübarizə aparır” tvitini bölüşən prezident sonda LGTB-nin bayrağını da paylaşıb.
ABŞ prezidentliyinə namizəd olan Donald Tramp da fəal soaial şəbəkə istifadəçisidir. “Twitter”də 9 milyondan çox izləyicisi olan D.Tramp indiyə kimi 32 min tvit atıb. O, sonuncu dəfə televiziyaları tənqid edən status paylaşıb.
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da sosial şəbəkələrdə aktivdir. Onun “İnstagram”da 1, “Twitter”də 8 milyon izləyicisi var. Ərdoğan sonuncu dəfə “İnstagram” hesabında Mardində əsgərlərlə iftar edərkən çəkilən fotosunu paylaşıb. Ərdoğanı “Facebook”da 9 milyona yaxın sosial şəbəkə istifadəçisi izləyir.
Sabiq baş nazir Əhməd Davudoğlu da “Twitter”də aktiv olanlardandır. 4 milyondan çox izləyicisi olan Ə.Davudoğlu sonuncu dəfə kitabının dünən baş tutan imza günü barədə fikirlərini bölüşüb.
 
Türkiyənin məşhur jurnalisti Can Dündar da aktiv “Twitter” istifadəçisidir. Onun 3,8 milyon izləyicisi var.
Azərbaycan Prezidenti İlham Əliyevin “Twitter”də 222 min izləyicisi var. Ölkə başçısının hesabını adminlər idarə edirlər.
Ölkə başçısının “Twitter” səhifəsində sonuncu dəfə bir neçə saat əvvəl tvit paylaşılıb: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır”.
Prezident Administrasiyasının rəhbəri Novruz Məmmədov da sosial şəbəkədə fəaldır. Hətta bir neçə dildə statuslar da yazır.
N.Məmmədovun sonuncu tviti isə belədir: “Həyatın mənasını xalqa xidmətdə görən, bu yolda ən çətin maneələri müdrikliklə aşan Ulu Öndər daim böyük ehtiramla xatırlanacaqdır”.
Siyasətçilər qədər incəsənət nümayəndələri də sosial şəbəkədə aktivdir. Yeni yaradıcılıq işləri, konsertləri, həyat tərzləri barədə məlumatlar ötürən bəzi şou-biznes nümayəndələri sosial şəbəkədə siyasi və ictimai proseslərə də münasibət bildirirlər.
Dünyaca məşhur Madonnanın “İnstagram”da 7 milyon izləyicisi var. O, son zamanlar ancaq homoseksuallara dəstək mesajları yayımlayır.
17 milyon izləyicisi olan Ledi Qaqa sosial şəbəkədə daha şox konsertlərindən fotolar paylaşır. “İnstagram”da axırıncı dəfə müğənni Tibetin dini lideri Dalai Lama ilə görüşdən şəkil paylaşıb.
Türkiyənin məşhur sənət adamları isə sosial şəbəkədən əsasən qazanc əldə etmək üçün istifadə edirlər. Belə ki, milyonlarla izləyicisi olan məşhurlar şəxsi profillərində müxtəlif markaların fotolarını paylaşaraq, onları reklam edir və bunun qarşılığında müəyyən qonorar əldə edirlər.
Bu siyahıya Demet Akalın başçılıq edir. “İnstagram”da 4.6 milyon, “Twitter”də 5 milyon izləyicisi olan D.Akalın hər paylaşım üçün 10 min lirə alır.
Sosial şəbəkədə fəal olan və milyonlarla izləyici olan sənət adamları da az deyil. Aygün Kazımovanın 371 min, Röyanın 654 min, Tolikin 218 min, Sevil-Sevinc bacılarının 680 min, Hüseyn Əzizoğlunun isə 284 min izləyicisi var. “Sosial şəbəkədə reklam” ənənəsinə qoşulan yerli ulduzlar əsasən “barter” qarşılığı bu addımı atırlar. Onlar istifadə etdiyi geyim, aksessuar, ayaqqabıları mağazalardan bir neçə günlüyünə kirayə götürür və qarşılığında da onları reklam edirlər. Bəzən isə şirkətlər, firmalar öz mallarından sənətçiyə pay göndərirlər ki, onları sosial şəbəkələrdə reklam etsinlər.
Sonda belə qənaətə gəlmək olar ki, həyatımızın bir hissəsinə çevrilən sosial şəbəkə uzun müddət öz gücünü qoruyacaq.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir