1d6380f1f78e1450184f883826cb0117

Yeniyetmələrin hərəkətlərinin günahkarı kimdir? – PSİXOLOQ RƏYİ

Baxış sayı: 1. 166

Bu həftə 156 nömrəli orta məktəbin XI sinif şagirdinin IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər etməsini özündə əks etdirən videonun yayılması gündəmi zəbt etdi. Vaxtaşırı yeniyetmələr – şagirdlər arasında baş verən xoşagəlməz olaylarla bağlı videolar, məlumatlar mediada, sosial şəbəkələrdə yer alsa da, sözügedən video cəmiyyəti əməlli-başlı hiddətləndirdi. Əlbəttə, ilk növbədə bunun səbəbləri araşdırılmalıdır. Bu kontekstdə müzakirələr zamanı cəmiyyətdə fikirlər müxtəlifdir. Kimi artıq bəzi qız şagirdlərin də kriminallaşmasının günahını sosial şəbəkələrdə, kimisi valideynlərdə, kimisi məktəbdə, kimisi cəmiyyətdə axtarır. Kim daha çox günahkardır? Yeniyetmələrin, gənclərin tərbiyəsində kimin məsuliyyəti daha çoxdur? Burada kəsişən nöqtələr, yaranmış uçurum haradadır?

Mövzuyla bağlı Fəlsəfə doktoru proqramı üzrə dissertant, BQU-nun Psixologiya kafedrasının baş müəllimi, Psixoloq Nərmin Abdullayevanın yeniyetmələr arasında baş verən hadisə barədə fikirlərini öyrəndik:

Nermin Abdullayeva

Günlərdir yeniyetmələr arasında baş vermiş məlum hadisə ilə bağlı müzakirələr davam edir, günahkar axtarılır. Maraqlıdır ki, məktəblilərin tərbiyəlilik göstəricilərində problem olduqda:
-Ailə məktəbi günahlandırır, tərbiyə prosesindəki öz rolunu, təsirini unudur;
-Məktəb ailəni günahlandırır, tərbiyə prosesindəki öz rolunu, təsirini unudur;
-“Ailə, məktəb tərbiyəsi görməmisən?”deyərək cəmiyyət isə hər ikisini günahlandırır, ancaq tərbiyə prosesindəki öz rolunu, təsirini unudur.

Gördüyümüz kimi tərbiyə probleminə kompleks yanaşılmır, halbuki, məktəblilərin tərbiyəsi həm ailənin, həm məktəbin, həm onların birgə əməkdaşlığının, həm bütövlükdə cəmiyyətin, həm də digər amillərin təsir dairəsindədir.

Bəli, məktəblilərin tərbiyəsi böyük ölçüdə həm ailənin, həm məktəbin üzərinə düşür, ancaq bununla bitmir. Tərbiyə prosesində tərbiyə imkanları və iştirak baxımından ailə və məktəb baş amillərdir. Məktəblilərin tərbiyəsinə təsir edən digər amillər də vardır: bioloji və sosial irsiyyət; mikro, makro, mezo, meqa mühit; təlim materiallarının tərbiyəvi məzmunu və tərbiyəvi təsir imkanlarının səviyyəsi; fərdin öz fəallığı, özünütərbiyə; KİV-in psixoloji təsiri və s.

Bir psixoloq olaraq məni düşündürür:
1) Məktəblilərdə rast gəlinən davranış pozuntularını, aqressiyanı nələr yaradır, nələr artırır, nələr dövr etdirir, nələr qidalandırır və nələr azalda bilər? -Həmin mənbələri ailədə, məktəbdə, cəmiyyətdə, müxtəlif amillərin təsir gücündə axtarmalıyıq.

2) Bullinqə məruz qalmış yeniyetmə bu cür zorakılığa ilk dəfə, yoxsa dəfələrlə məruz qalıb? Niyə özünü müdafiə edə bilmir? Onun özgüvən əskikliyi haradan, nədən qaynaqlanır?

3) Bullinqə məruz qalmış yeniyetmənin əhval-ruhiyyəsində və s. olan dəyişikliyi, zorakılığa məruz qalmasını niyə ailəsi vaxtında hiss etməyib?

4) Bullinqə məruz qalmış yeniyetmə niyə ailəsi ilə, ən azından ailədə özünə ən yaxın hesab etdiyi ailə üzvü ilə bu barədə danışmayıb?

5) Bullinqə məruz qalmış yeniyetmə, ümumiyyətlə, başına gələn hadisəni güvəndiyi kimləsə bölüşüb?

6) Bullinqi törədən məktəblinin valideynləri niyə övladının əməlindən, telefonunda olan görüntüdən, sosial media üzərində etdiyi paylaşımdan, övladının aşkar, birbaşa, psixoloji (emosional), sözlü, fiziki, kiber zorakılığından məsələ ictimailəşəndən sonra xəbər tutdu, vaxtında xəbərdar olmadı? Telefondan, internetdən istifadəyə nəzarət edirlərmi? Necə olur ki, əksər hallarda məktəblilər gizlin, fake hesablar işlədirlər, valideynlərini əngəlləyirlər? Niyə övlad törətdiyi əməl barədə, öz səhvi barədə valideyninə deyə bilmir, onda peşmanlıq hissi olmur? Niyə düzgün davranış evdə, məktəbdə, hər yerdə uşağın davamlı davranış tərzinə çevrilmir?

7) Bullinqi dəstəkləyən, görüntüləri çəkən məktəblinin valideynləri niyə övladının telefonunda olan görüntüdən, sosial media üzərində etdiyi paylaşımdan, övladının kiber zorakılığından məsələ ictimailəşəndən sonra xəbər tutdu, vaxtında xəbərdar olmadı?

8) Kənardan səssizcə hadisəni müşahidə edən şəxsin etinasızlığının, sakit dayanaraq zorakılığı dəstəkləməsinin səbəbi nədir?

9) Məlum görüntülər yayılandan sonra məktəblinin davranışını, zorakılığını pisləyənlər niyə həmin görüntülərin təsiri altında öz aqressiv, təhqiramiz şərhləri, çıxışları ilə zorakılığı törətmiş məktəbliyə qarşı psixoloji təzyiqi, kiber zorakılığı davam etdirdilər?

10) Niyə cəmiyyət, insanlarımız uşaqların, gənc nəslin tərbiyəsində öz rolunu, sosial məsuliyyətini unudur?

Bütün bunlar sübut edir ki, bullinq bir “qrup davranışıdır” və burada:
1) Bullinqi törədən şəxs;
2) Bullinqə məruz qalmış şəxs;
3) Bullinqi, bulleri birbaşa və ya dolayı şəkildə dəstəkləyən şəxs;
4) Bullinqə məruz qalmış şəxsi birbaşa və ya gizlin şəkildə müdafiə edən şəxslər var.

Bullinq hallarının qarşısını almaq və aradan qaldırmaq istəyiriksə, gərək onların hər biri ilə ayrılıqda işlər aparaq.

Bu hadisədə iştirak edən hər üç yeniyetmənin və onların valideynlərinin timsalında övlad-valideyn münasibətlərində olan böyük boşluqları, problemləri gördük və bu digər valideynləri ciddi şəkildə narahat etməlidir. Məktəblilərin davranışında, tərbiyəsində olan qüsurlar övlad-valideyn münasibətlərində olan boşluqlardan, eyni zamanda ailə-məktəb arasındakı zəif əlaqədən, məktəbdəki psixoloji xidmət səviyyəsindən, məktəblilərin davranış, duyğusal sahədəki problemlərindən, empatiya hissinin zəifliyindən, ailədə, məktəbdə məktəblilərin empatiya hissinin yetərincə inkişaf etdirilməməsindən və s. irəli gəlir.

Bizə məlum olan budur ki, hadisə dərs vaxtı, məktəbdə baş verməyib, məktəb, direktor, məktəb psixoloqu, müəllim ona görə məsuliyyət daşıyır ki, aqressiyaya meyilli olan məktəblini vaxtında təyin edə bilməyib deyə digər zəruri pedaqoji və psixoloji tədbirlər əvvəldən görülməyib. Direktorun verdiyi məlumata əsasən, məktəbə hadisəylə bağlı məlumat daxil olandan sonra bullinqi törətmiş məktəbli ilə işlər aparılıb.

Elm və Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində çalışan direktorlar, məktəb psixoloqları, müəllimlər üçün bullinq və digər psixoloji mövzularda silsilə şəklində ixtisasartırma təlimləri təşkil olunur. Təlim zamanı zorakılıq, onun bir forması olan bullinq, bullinqin əlamətləri, növləri, formaları, bullinq davranışının təsirləri, həyata keçiriləcək tədbirlər və s. haqda təlim iştirakçıları maarifləndirilirlər, bullinq hallarını təyin etmək üçün müəllimlərdə diaqnostik bacarıqlar, bu problemin qarşısının alınması və aradan qaldırılması üçün isə onlarda konsultativ və terapevtik bacarıqlar yaradılır, məktəb psixoloqu ilə əməkdaşlıq etməyin zərurəti izah olunur.

 

Psixoloq Nərmin Abdullayaeva ilə kontakt qurmaq istəyənlər 0552591476 və 0516241476 nömrələri ilə əlaqə saxlaya bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir