Nermin Eliyeva

Toksik ailə mühiti və onun psixoloji təsirləri

Baxış sayı: 533

Ailə – insanın ilk sosial çevrəsi, ilk emosional dayağı və şəxsiyyətin formalaşdığı əsas məkandır. Lakin hər ailə bu funksiyanı sağlam şəkildə yerinə yetirmir. Bəzən ailə daxilindəki münasibətlər o qədər zərərli və gərgin olur ki, bu ailə üzvlərinin psixoloji vəziyyətinə, özlərinə olan münasibətinə və gələcək həyat keyfiyyətinə dərin təsirlər buraxır. Belə mühitə “toksik ailə mühiti” deyilir.

 

Toksik ailə mühiti nədir?

Toksik ailə mühiti, ailə üzvləri arasında sağlam olmayan, zərərli və travmatik münasibətlərin dominant olduğu bir mühitdir. Bu mühitdə sevgi və dəstəkdən çox, emosional təzyiq, manipulyasiya və nəzarət hökm sürür. Ailə daxilindəki münasibətlər qarşılıqlı hörmət və anlayışa deyil, qorxu və itaətə əsaslanır.

Əlamətləri:

* Daimi və səbəbsiz tənqid, alçaltma

* Müqayisə, günahlandırma və laqeydlik

* Emosional manipulyasiya və şantaj

* Fikirlərin və hisslərin ifadəsinə qadağa

* Səssiz zorakılıq və passiv-aqressiv davranışlar

* Valideynlər tərəfindən emosional nəzarət və təhdidlər

Bu davranışlar uşaq və yeniyetmələrin şəxsiyyətinin formalaşmasına, özünüdərk prosesinə və emosional tənzimləmə bacarıqlarına ciddi təsir göstərir.

 

Toksik mühitin psixoloji təsirləri.

1) Özünü dəyərsiz hiss etmək:

Daim alçaldılmaq və qəbul edilməmək fərddə “mən kifayət qədər yaxşı deyiləm” inancını formalaşdırır. Bu inanc sonradan özgüvən çatışmazlığına və passiv davranış modelinə səbəb olur.

2) Anksiyete və depressiya:

Təhlükəsizlik hissinin olmaması, uşağın daim müdafiəsiz və qorxu içində yaşamasına səbəb olur. Bu isə zamanla depressiv əhval-ruhiyyə, panik atak və ya xroniki narahatlıq kimi psixoloji pozuntulara gətirib çıxara bilər.

3) Münasibət qurmaqda çətinliklər:

Sevgi və qayğının nə olduğunu doğru şəkildə təcrübə etməyən bir uşaq, gələcəkdə münasibətlərdə ya həddindən artıq yapışqan (codependent), ya da tamamən uzaq və emosional bağlılıqdan qaçan bir fərd ola bilər.

4) Emosiyaların idarəsində problemlər:

Emosiyaların inkar edildiyi və cəzalandırıldığı ailə mühitində böyüyənlər, hisslərini bastırmağa meylli olur. Bu isə daxili gərginlik, emosional partlayışlar və ya duyğusal uyuşma (numbness) kimi vəziyyətlərə səbəb ola bilər.

5) Daimi özünü günahlandırma:

Toksik ailə mühitində fərdlər hər şeyin məsuliyyətini öz üzərinə götürür, valideynlərinin xoşbəxt və ya qəzəbli olmasına görə özlərini günahkar hiss edirlər. Bu da gələcəkdə “davamlı özünü sorğulama” və “həddindən artıq məsuliyyət yükü” hissi yaradır.

Necə tanıyaq?

Toksik münasibətlər içərisində olan insanlar, xüsusilə uzun illər bu mühitdə yaşamışlarsa, vəziyyəti normallaşdıra bilər və travmanın fərqində olmazlar. Aşağıdakı suallar bu mühiti tanımaqda sizə kömək edə bilər:

1) Ailə üzvləriniz sizi dinləyirmi, yoxsa daim susdururlar?

2) Duyğularınızı ifadə edəndə sizi alçaldırlarmı?

3) Ailəniz sizi dəstəkləyirmi, yoxsa daim tənqid edirlər?

4) Münasibətlərinizdə qorxu və günahkarlıq hissi yaranırmı?

Əgər bu sualların bir neçəsinə “bəli” cavabı verdinizsə, bu, toksik münasibətlərin varlığını göstərə bilər.

 

Çıxış yolları: Nə etmək olar?

Toksik mühitdən uzaqlaşmaq bəzən fiziki olaraq mümkün olmasa da, emosional sərhədlər qoyaraq və psixoloji dəstək alaraq öz rifahınızı qoruya bilərsiniz.

 

Tövsiyələr:

* Sərhədlərinizi müəyyən edin: Hər bir insanın psixoloji sərhədləri olmalıdır. Bunları qorumaq və pozulmasına icazə verməmək sizin haqqınızdır.

* “Yox” deməyi öyrənin: Zərərli davranışları qəbul etməmək güc və şəfqət tələb edir. Özünüzə bunu verməyə icazə verin.

* Mütəxəssis dəstəyi alın: Psixoloq və ya terapevtlə çalışmaq, travmalarla sağlam şəkildə işləməyə kömək edə bilər.

* Dəstəkçi sosial çevrə qurun: Sizi anlayan və qiymətləndirən dost və ya dəstək qrupları ilə ünsiyyətə girin.

* Özünə qayğı praktikaları tətbiq edin: Meditasiya, idman, yazı yazmaq, sənət və digər özünütənzimləmə yolları ilə daxili gücünüzü bərpa edə bilərsiniz.

 

Nəticə

Unutmayın ki, ailə sevgi, anlayış və təhlükəsizlik məkanı olmalıdır. Əgər bu mühit sizə daimi stress, qorxu, dəyərsizlik hissi yaşadırsa, bu artıq toksik münasibətlər siqnalıdır. Özünüzü qorumaq, psixoloji rifahınızı önə çəkmək və dəstək almaq hüququnuz var. Sağlam bir zehin sağlam bir ailə mühitindən başlayır.

 

Psixoloq Nərmin Əliyeva




8 şərh “Toksik ailə mühiti və onun psixoloji təsirləri

  1. Ümüd Beylerovs

    Həqiqətən çox faydalı oldu mükəmməlin irəlisində təşəkkürlər Nərmin xanım dəyərli tövsiyələriniz üçün

    Cavabla
  2. Naibə Musayeva

    Mənim üçün çox maraqlı və faydalı bir yazı oldu. Həqiqətən də ailə insanın ən vacib çevrəsidir və o mühitdəki münasibətlər həyatına çox təsir edir. Amma məncə, bəzən yazı çox rəsmi olur, daha gündəlik danışıq dilində yazılsa, insanlar oxumağa daha çox maraq göstərərdi. Yazdığınız suallar da çox faydalıdır, insan özü ilə əlaqədar çox şey görə bilir.

    Cavabla
  3. Rahilə Qasımova

    Yazı çox faydalı və maraqlı oldu. Toksik ailə mühitinin insan həyatına necə təsir etdiyini çox gözəl izah etmisiniz. Ancaq bir şeyi soruşmaq istərdim: Toksik mühitdən uzaqlaşmaq psixoloji olaraq nə qədər çətindir? Məsələn, adam bu cür mühitdə uzun müddət yaşayıbsa, oradan çıxmaq necə mümkündür? Yoxsa bu, sadəcə fiziki olaraq ayrılmaqla bitmir, yəni insanın beynində də bir dəyişiklik lazımdır?

    Cavabla
    1. Nərmin Əliyeva

      İlk olaraq məruz qaldığın o zərurlu mühitdən çıxmalısan. Psixoloji olaraq özünü buna hazır hiss etməlisən. Beyin daim qorxu, manipulyasiya və stresse alışdığından, həmin mühitdən ayılanda belə yene eyni münasibət tipini axtarır. Buna görə ilk olaraq psixoloji dəstək lazımdır. Fərdi terapiya və travma üzərində işlənməlidir. Özünə olan dəyərini və sərhədlərini müəyyən etməlisən. Çətinlik səviyyəsi dedikdə isə toksik mühitdən psixoloji olaraq uzaqlaşmaq fiziki uzaqlaşmadan daha uzun çəkir.

      Cavabla
  4. Nurlan Novruzov

    Toksik ailə mühitində böyümüş biri olaraq, mən də bu cür münasibətlərin insanın özünü necə hiss etməsinə və gələcək həyatına necə təsir etdiyini şəxsi təcrübəmdən bilirəm. Sərhədləri qorumaq və emosional olaraq müstəqil olmaq çox vacibdir. Bu mövzunun daha çox işıqlandırılması çox faydalı olacaq.

    Cavabla

Naibə Musayeva üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir