toy

Toy adətlərimiz: yaşatdıqlarımız, unutduqlarımız… – II YAZI

Baxış sayı: 454

Ailə, ailə dəyərləri xalqımızın ən qiymətli sərvəti olduğu üçün hər zaman yeni ittifaqların qurulması toyla, çal-çağırla reallaşıb. İllər uzunu toy adət-ənənələrinin yaşadılması, onların hər birinin ardıcıl şəkildə həyata keçirilməsi ilə ərsəyə gələn toyların özü ona verdiyimiz dəyərin göstəricisi olub. Bu adətlərdən yayınmaq istəyənlər həmişə xalq tərəfindən qınaq edilib. Elə buna görə də hər kəs toy adətlərindən kənara çıxmamağa çalışıb və beləliklə də möhtəşəm toy adətlərimiz yaşadıla bilib.

Bəs bu gün? Yəqin ki, artıq insanların bir-birini qınaq etməsi də elə keçmişdə qalıb. Odur ki, toy adətlərimizdən getdikcə uzaqlaşırıq. Bunun acı nəticəsi isə bugünkü toylarımızdır. Elə bu səbəbdən də toy adətlərindən danışmaq, onları yada salmaqla, yaşadılanları və unudulanları bir daha xatırlamaq istədik.

 

Vağzalı

“Vağzalı” Azərbaycan toyunun rəmzidir. Əvvəllər gəlini aparmaq üçün qız evinə gələn oğlan adamları qızgilin qapısında, həyətində bir saata qədər rəqs edər, şənlənərdi. Elə ki, “Vağzalı” səsləndi, deməli, artıq gəlinin çıxması zamanı çatmışdır. Bu mərasim də ağsaqqalların nəzarəti ilə həyata keçirilirdi.

Bu musiqi səslənəndə hər kəsi ötən illərə qonaq edər, ailə qurduğu anı xatırladar. Elə buna görə də “Vağzalı” səslənəndə gözlərdən yaş axar. Çünki “Vağzalı” həm də bir qızın ata evini tərk etməsi musiqisi kimi qəbul olunub.

İllərdir, “Vağzalı”nı da unutduqlarımızın ardınca göndərmişik. İndi həm qızı, həm də oğlanı evdən çıxarmaq dəbi var. Bu zaman isə “Vağzalı”nın səsini çox az-az eşitmək olur.

Restoranlarda keçirilən toylar isə demək olar ki, “Vağzalı”nın qəniminə çevrilib. İndi əksər gənc restorana Avropa musiqiləri ilə girməyi üstün tutur. Heç nə anlamadığımız bu musiqilər “Vağzalı”ımızı əlimizdən alıb. Hansı ki, uzaq məsafədən belə eşitdiyimiz bu musiqi həmişə bizi riqqətə gətirib, saflığı, təmizliyi, müqəddəsliyi ehtiva edib. Bu musiqi özündə adət-ənənələrimizi, ağsaqqal nəsihətini, ağbirçək tövsiyəsini yaşadıb. Lakin çox təəssüf ki, bugünkü gənclər arasında bu musiqini sevənlərin sayı gündən-günə azalır.

 

Toy

Toydan danışmaq istəyərkən adamın gözləri yaşarır. Çünki toylarımızda artıq toydan əsər-əlamət qalmayıb. Ötən illərlə müqayisədə toylar o qədər dəyişib ki, kənardan izləyənə bu, bir azərbaycanlı toyu təsirini bağışlaya bilmir.

Əvvəlki toylarda əsas məqsəd rəqs, demək-gülmək, şadyanalıq etmək idi. Yeyib-içmək ikinci məsələ idi. Hazırda isə yeyib-içmək, süfrələri min bir adda nemətlərlə doldurmaq, qonşudan daha yaxşı toy etmək yarışı üstünlük təşkil edir.

Əvvəlki toylarda bir-birinin ardınca səslənən xalq, bəstəkar mahnılarının yeri verilib dəqiqəbaşı yazılan əttökən mahnılara, diskotekalara. Gurultudan toyda nə oturmaq olur, nə də yanındakı insanın bir kəlməsini eşitmək. Sanki camaat bu toylara yemək-içmək, bir də guppultu səsini eşitməyə yığışır.

Baxarkən düşünürsən, hanı o əliçubuqlu, istəkləri yerinə yetirən, ardıcıl şəkildə hər kəsin rəqs etməsinə şərait yaradan toybəyiləri, maraqlı söhbətləri ilə hər kəsin diqqətini özünə çəkən tamadalar… Sazı sinəsində bütün məclisi heyran edən aşıqlar, xanəndələr, müğənnilər…

Fanaqrama ilə keçən toylarımız… Ağız deyəni qulaq eşitməyən toylarımız… Yallıların yerini saatlarla çəkən diskotekaların aldığı toylarımız…

Uşaqların yoxa çıxdığı toylarımız… Söhbət yaxın qohumlardan gedir. Hamı bilir ki, indiki toylarda evdən yalnız bir, ya iki nəfər iştirak edə bilər. Buna görə də restoranlarda keçirilən toylara uşaqlar aparılmır. Nəinki uşaqlar, çox vaxt yeniyetmə, gənclər də gedə bilmir. Çünki qonaq say ilədir, yer say ilədir. Bu səbəbdən də uşaqlar, yeniyetmə-gənclər adətlərimizdən kənarda qalır. Bu, nəinki toy adətlərinin unudulmasına, qohumluq əlaqələrinin pozulmasına gətirib çıxarır. Bu barədə isə hələlik narahat olan az sayda adam var.

Ah, toylarımız, səni bu gedişlə hara aparırlar?..

 

Duvaqqapma, əlöpmə, qonaqlıq

Duvaqqapma toyun səhəri günü keçirilən mərasimdir. Bu mərasimdə də yemək, çay verilir. Əvvəllər həmin gün gəlinin cehizi gətirilər, mərasimdə iştirak edənlərə göstərilərdi. Gəlinin xonçaları açılar, camaata çay verilərdi.

Sonra isə gəlinlə tanış olmaq üçün o, camaat olan yerə dəvət olunar, ortalığa qoyulmuş stula əyləşər, balaca oğlanlardan biri onun duvağını başından çıxararaq qaçırıb həyat yoldaşına verər və əvəzində ondan şirinlik olaraq pul alardı.

Həm də duvaqqapma mərasimi xüsusi qaydada keçirilər, yaşlı qadınlardan biri şeirlə qıza xoşgəldin edər, qayınananın, qayınatanın, baldızın, qayının gəlinə atası-anası, bacı-qardaşı qədər yaxın, doğma olduğu bu şeirin misralarında öz əksini tapardı.

Bu adət demək olar ki, şəhər yerlərində tamamilə unudulub. Kəndlərdə isə az şəkildə yaşadılır. İndi cehiz gəlin köçməmiş evinə yığılır. Duvaqqapma isə demək olar ki, keçirilmir.

Toyun üçüncü günü gəlinin həyat yoldaşı ilə ata evinə gəlməsinə “əlöpmə” deyilərdi. Valideynlərdən halallıq almaq məqsədi daşıyan bu adətlə onların əli öpülərdi. Hazırda bu mərasim keçirilmir.

Lakin yeni ailə quranları ailəsi ilə birlikdə qonaq çağırmaq ənənəsi hələ də davam edir. Etiraf edək ki, biz nədənsə qonaqlıqlara üstünlük verənlərik. Odur ki, bu adəti də qoruyub saxlaya bilmişik.

 

Tamamilə unudulan toy adətlərimiz

Toy adətlərindən danışdıq: həm yaşadılanlardan, həm də forması dəyişdirilənlərdən. Lakin toy adətlərimiz var ki, onlar tamamilə unudulub. Məsələn, “çörəküstü” mərasimi. Bu mərasim kənd yerlərində toy çörəyi bişiriləndə həyata keçirilirdi. Belə ki, qonşu, qohumlar təndirdə çörək bişirilən zaman şirniyyat xonçaları ilə çörəküstünə gələr, ev sahibinə gözaydınlığı verərdilər. Təndir başında toy çörəyindən kəsib yeyər, şirniyyatlarla çay içər, yeri gələndə çörəyin bişirilməsinə, daşınmasına kömək edərdilər.

Hazırda kəndlərimizdə təndir salıb ailəsi üçün çörək bişirən qadınlar çox az sayda qalıb. İllərdir ki, kənd camaatı çörək sexlərinə sifariş etməklə çörək tələbatını ödəyir. Özünə əziyyət verib təndir salmaq, qol çırmayıb xəmir hazırlamaq artıq ötən illərdə qalıb.

Tamamilə unudulan mərasimlərdən biri də “parçabiçimi”dir. Bu mərasim həm şəhər, həm də kənd yerlərində toydan bir-iki gün əvvəl qız evində keçirilərdi. Belə ki, oğlan evi qız üçün alınan geyim, bəzək, zinyət əşyalarını gətirər, həyətdə qurulan mağarda və ya evdə keçirilən mərasimə dəvət olunanlara göstərərdi. Qız evi yemək verər, çay paylayar, qonaqlar isə nəlbəkiyə nəmər qoyardılar. Bu, sonrakı illərdə dəyişilmişdi. Qonaqlar nəməri artıq nəlbəkiyə deyil, dəftərə adlarını yazdıraraq verirdilər. Bu gün isə həmin mərasim heç bir kənd və şəhərdə qalmayıb.

Uşaqlığımızın ən gözəl xatirəsi olan toy adətlərindən biri də qapı, maşın qabağı kəsmə də tamamilə unudulub. Yadımdadır, uşaq vaxtı, eşidəndə ki, yaxınlıqdakı yoldan gəlin maşını keçəcək, qızlı-oğlanlı yığışıb uzun sim və ya ip tapırdıq, həmin yerdə yolu kəsib, gəlin maşınını gözləyirdik. Maşın karvanı gələndə ortalığa çıxıb pul verməsini sürücüdən istəyirdik. Sürücüdən pul alandan sonra yolu açıb maşınların keçməsinə icazə verirdik.

Sonralar bu adətlər unuduldu. Həm də pul verən də olmadı. Bizdən sonrakı uşaqlar danışırlar ki, yolu kəsirdik, lakin, sürücülər bizi aldadıb pul vermədən sürətlə ötüb keçirdilər. Burada adamın ağlamağı gəlir. Bir şirinlik gözləyən uşaqları aldatmaq nə deməkdir? Axı maşın qabağı kəsmək, yolu bağlamaq bizim qədim toy adətlərindən biri olub. Bunu nə haqla yoxa çıxardıq?..

Gəlin evdən çıxanda “qapıkəsmə” adlı bir toy adətimiz də var idi. Bu da indi yavaş-yavaş sıradan çıxır. Ya heç qapı kəsilmir, ya da qapı kəsənə şirinlik verilmir. Bu da adətlərin unudulması, yaddan çıxması deməkdir.

 

Başlıq və süd pulu

Toy adətlərindən ən əsası başlıq pulu idi. Bu adət oğlan evinin adamlarının qız evinə toy danışıqlarına getdiyi zaman həyata keçirilirdi. Belə ki, oğlan atası qız atasından başlıq pulunun nə qədər olacağını soruşurdu. Lakin qız atası bu məbləğin nə qədər olacağını dilinə gətirmir, “hamı necə, biz də elə”,- deyirdi. Başlıq pulu el arasında müəyyən olunurdu, hər kəs də qız evinə o qədər pul verirdi. Zaman-zaman pulun məbləğı dəyişirdi, lakin bu toy adətinin bir vaxt tam sıradan çıxacağı heç kimin ağlına gəlmirdi.

Hazırda bu adət tamamilə unudulub. İstər kənd, istər şəhər olsun nə ataya başlıq pulu, nə də anaya süd pulu verən var. Hansı ki, illərlə qız evdən gəlin köçəndə qayınatası qızın anasına süd pulu verirdi. Düzdür, bunun məbləği o qiymətli südün dəyərindən dəfələrlə az olsa da, lakin rəmzi mənası toy adətlərimizin baş tacı idi.

 

Kimdir müqəssir?

İki yazıda toyaqədərki və toydansonrakı adətlərin əksəriyyətindən söhbət açdıq. Yaşadılanlardan, unudulanlardan, tamamilə sıradan çıxanlardan danışdıq. Yaşadılanlar çox gözəldir, təqdirəlayiqdir. Unudulanlar, tamamilə sıradan çıxanlar isə bizim günahımızdır. Bəzən bu günahı zəmanəyə yükləməyi sevirik. Lakin zaman nə etsin ki? Bu məsələdə müqəssir özümüzük. Adətləri unuda-unuda illəri illərə verən biz…

Lakin bu qədər gözəl adətlərin sıradan çıxmasına təəssüflər olsun. Təəssüf ki, onları qoruyub saxlaya bilmədik. Bir zamanlar toylarımızdakı adətlərə həsədlə tamaşa edən Avropaya özümüzü oxşada-oxşada bu həsəd hissini aradan qaldırdıq. Bizim də toylarımız onlarınkı kimi sönükləşdi, solğunlaşdı. Çünki adət-ənənələr toyların rəngi, işığı, təmtərağı idi. Lakin biz bu təmtərağı tamamilə başqa şeylərdə görməyə başladıq. Çox təəssüf…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir