Sevinc Elsever

Valideynlər qızlarını işgəncənin içinə göndərirlər – SEVİNC ELSEVƏR YAZIR

Baxış sayı: 881

Boşanmaq istəyən, amma boşanıb getməyə yeri olmayan, ata yurduna üz tuta bilməyən yüzlərcə qadınımız var. Əlimin içi kimi əminəm.

Bu qadınların əksəriyyəti çoxuşaqlıdır. Bir uşağı olan qadının bu mənada çoxuşaqlı qadına nisbətən bəxti gətirib. Bir uşaq gözə çox görünmür. Ata evinə bir uşağı ilə qayıdan qadına çox vaxt qapı açılır, bu da o halda baş verir ki, qadının valideynləri həqiqətən haldan anlamış olsun.

Bəzən qoltuğunda bir uşağı olan qadın da bilmir hara getsin, necə getsin?

Bu günümüzün qəhrəmanına çevrilmiş üç uşaqlı Əfsanə də deyir ki, ərim məni döyürdü, söyürdü, getdim ata evinə, məni qəbul etmədilər. Dedilər, gəlinliklə evdən çıxmısan, kəfənlə qayıtmalısan.

Bəlkə Əfsanənin tək canına qalsaydı, ata-anası onun üzünə qapı açardı. Bəlkə ürəkləri insafa gələrdi, bütün mühafizəkar adətlərin üstündən xətt də çəkə bilərdilər.

Amma o üç uşağı da saxlamaq, yedirtmək, geydirmək onların gözünə durub. Heç yerdə işləməyən, işləyəndə də aldığı məvacibi gizləyən, öz doğma balalarına dırnağının ucunda darı qıymayan yüzlərlə atalar var. Vicdanı ilə aliment verən, boşanmadan sonra da uşaqlarının qayğısına qalan, atalıq vəzifəsini və borcunu adam kimi dərk edən kişilər çox azdır. Boşandığı qadını evsiz-eşiksiz, pulsuz-parasız buraxmaq üçün hər cür çirkinliklərə əl atanlar nə çox!

Erkən yaşlarda ərə verilən bu qızlar əlbəttə ki, təhsilsizdir. Ata-ana bilir ki, təhsili, sənəti olmayan qızlarını da, onun uşaqlarını da qoca yaşlarında onlar dolandırmalıdır. Ona görə də valideynlər ürəklərinə daş basaraq, qızlarını zülmün, işgəncənin içinə göndərirlər.

Əfsanələrin analar da eyni taleni yaşayıblar, onlara da ata evinin qapıları bağlanıb, onlar da nə vaxtsa geri göndəriliblər, hər cür zülmə dözüblər. Bu gün də öz qızlarından eyni şeyi gözləyirlər. Əfsanələrin ataları isə uşaqlarının gözü qarşısında qadınını qırmanclayan o kişidən heç nə ilə fərqlənmirlər.

Yardımlıdan üç uşağı ilə Bakıya üz tutmuş gənc qadın tanıyırdım. Əfsanə ilə eyni taleyi yaşayıb. Erkən yaşlarda ərə verilib. Ər evində hər gün döyülürmüş, uşaqlarının gözü qarşısında əzilirmiş. Qadın üç uşağını da götürüb ata evinə gedir. Aatası dəhşətli şərt irəli sürür: ya uşaqları atasına ver, ya da uşaq evinə, mənim onları saxlamağa gücüm çatmır!

Qadın uşaqlarını nə şiddət göstərən, sevgidən, sayğıdan uzaq ərinə etibar edə bilir, nə uşaq evinə! Uşaqlarını da götürüb Bakıya üz tutur. O qadını tanıyanda bulvarda süpürgəçi kimi işə başlamışdı, anamgilin qonşuluğunda kirayə qalır, uşaqlarını dolandırırdı.

Əfsanə üçün kənddə ümid yeri qalmadığından, şəhərə üz tutub.

Yüzlərlə qadın Əfsanə kimi evini tərk etmək, zülm əlindən qurtulmaq istəyir. Yüzlərlə qadın Əfsanə kimi yeddi yetimlə bir dərədə qalmış vəziyyətdədir.

Bu qadınlara kimsə sahib çıxmalıdır. Dövləti ata, qardaş kimi öz arxalarında hiss etməlidirlər.

Hazırda Əfsanənin sığındığı Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə də sözdə Əfsanəni anlayır, ona sahib çıxır, kömək etmək istəyir. Eyni zamanda bunları deyir:

“Mən ailələrin dağılmağının heç vaxt tərəfdarı olmamışam. Hər dəfə sığınacaqda yerləşən qadınlar “boşanmaq istəyirəm” deyəndə səbirli olmağı, daha yaxşı düşünməyi tövsiyə etmişəm. Nəticədə barışıblar, ailələrinə dönüblər”.

Kəmalə xanım davam edir:

“Adım kimi əminəm ki, Əfsanənin anası onu geri döndərmək üçün böyük mücadilələr edəcək. Haqq verə bilməsəm də, bu barışığa çox təəssüf ki, bəzi reallıqlar var. “Neçəbaşlı” qohumluqlar var bu tayfanın içində, daha bir neçə ailənin içinə nifaq salarsa, bundan heç kim karlı çıxmaz”

Dəhşətli bir vəziyyətdir. Əfsanənin düşdüyü vəziyyət düşündüyümüzdən də ağırdır. Bu vəziyyətdə sığındığı sığınacaqda ona qucaq açanlar da onu geri, döyüb-söyən ərinin ocağına göndərə bilər. Eynən Əfsanənin öz ata-anası kimi. Kəmalə xanım bu boşanmadan heç kimin karlı çıxmayacağını düşünür.

Əfsanə özünü qurban etməyə məhkumdur!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir