PtIQGeakTJ5sp5xwRBWoNAf2zBmvJHRYh1gsGWlk

Türkiyə turizminə açılan yeni pəncərə

Baxış sayı: 580

Diyarbəkir Türkiyə turizmində alternativ cazibə mərkəzinə çevrilməkdədir. Şəhər şərqdən Türkiyə turizminə açılan bir pəncərədir. Şəhər tarixi turizm potensialı ilə açıq səma altında muzey kimidir.

Diyarbəkir – bəşəriyyətin ilk məskunlaşdığı, ictimai quruluşu müəyyən edən qanunların yazıldığı, ilk məbədlərin yarandığı, Şumer, Babil kimi dünya sivilizasiyasının inkişafına töhfə verən sivilizasiyaların diyarıdır. Şəhər ümumilikdə Fars, Assur və Hurrilərin qurulduğu, zəngin bir mədəniyyət xəzinəsinə malikdir. Bir çox sivilizasiyaların beşiyi olmuş şəhər öz memarlıq və mədəniyyətində hər bir sivilizasiyanın izlərini yaşatmaqdadır.

Türkiyə Mədəniyyət Nazirliyinin təşkil etdiyi Diyarbəkir Sur Mədəniyyət Yolu Festivalı günlərində mediatur çərçivəsində bölgəyə axışan insanların Diyarbəkirin zəngin mədəniyyəti ilə yanaşı, adını tarixə yazdıran abidələrini də heyranlıqla ziyarət etdiklərinin şahidi olduq.
Çin səddindən sonra ikinci

Diyarbəkir qalası (Diyarbəkir Surları) Böyük Çin Səddindən sonra dünyanın ən uzun və ən geniş müdafiə divarıdır. Divarların təməlinin qoyulduğu dəqiq tarix məlum deyil. 349-cu ildə Bizans imperatoru II Konstantin şəhəri Sasanilərə qarşı divarlarla əhatə edərək, bölgənin hərbi və inzibati mərkəzinə çevirib.

 

Sivilizasiyaların kitabələri

Qala divarlarının əhatə etdiyi İç Qala Muzey Kompleksi ziyarətçilərinə tarixə səyahət təklif edir.

İç Qala Sur rayonunun inzibati mərkəzi sayılır. Burada Artuklu Sarayı, Jandarma Binası, Köhnə həbsxana, Kolordu binası, ədliyyə binaları, Komandir Atatürk Binası, Hz. Süleyman məscidi və 27 səhabə türbəsi, Müqəddəs Georgi kilsəsi, Aslan bulağı və Artuklu tağı yerləşir.
İç Qalanın xaricindəki divarlar 82 qala və dörd ayrı qapıdan ibarətdir. Bəzi qalalar əfsanələri, fiqurları və yazıları ilə diqqəti cəlb edir. Diyarbəkir surlarının uzunluğu 5500 metrdir və hündürlüyü dəyişir. Üzərində bir çox sivilizasiyaların kitabələri var.

2015-ci ildə Almaniyanın Bonn şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin yığıncağında “Diyarbəkir Divarları və Hevsel Bağları Mədəni Peyzaj Bölgəsi” UNESCO-nun Dünya İrs Siyahısına daxil edilərək mədəni və tarixi cəhətdən unikal quruluşu ilə dünyəvi dəyər kimi qeydə alınıb.

“İç Qala çox məşhurdur. “Diyarbəkirin ürəyi” deyə bilərik. Xüsusilə həftə sonları bu ərazi insanlarla dolu olur. Tarixi ərzində müxtəlif qurumlar burada xidmət göstərdiyi üçün inzibati rayon sayılır. İndi bura Muzey Kompleksi ərazisidir. Türkiyədə bunun başqa nümunəsi yoxdur”, – deyə bələdçi Ramazan Çelikturk məlumat verir.

 

Anadolunun ilk və ən qədim məscidi

Diyarbəkir əsrlər boyu dini tolerantlıqdan uzaqlaşmayaraq, hər dövrdə etnik və dini mozaikasını qoruyub saxlamağa nail olub. Bu səbəbdən burada müxtəlif dövrlərə aid çoxlu məbəd tikilib və onların əksəriyyəti günümüzə qədər gəlib çatıb.

Şəhərdəki tarixi məscidlərin ən böyüyü olan Ulu Cami Anadolunun ilk və ən qədim məscidlərindən biridir. Məşhur Şam Əməvi Məscidinin əksi olaraq şərh edilən Diyarbakır Ulu Camisi islam dünyasının 5-ci Hərəm-i Şərifi olaraq qəbul edilir. 900 ildən çox tarixi olan həyətdəki günəş saatı məşhur alim El-Cəzirinin əsəridir.

Hz. Süleyman-Nəsiriyə Məscidi 1155-1160-cı illərdə tikilib. Məsciddə Xalid Bin Vəlidin oğlu Süleyman və Diyarbəkirin ərəblər tərəfindən tutulması zamanı şəhid olan 27 səhabə dəfn olunub. Səhabələrin məzarının burada olması məscidi ziyarətgaha çevirib.

Diyarbəkirdə tarix boyu müsəlmanlar, xristianlar, yəhudilər və müxtəlif məzhəblərə məxsus insanlar bir yerdə yaşayıblar. Müqəddəs George kilsəsi, Assuriya Qədim Məryəm kilsəsi, Mar Petyun Chaldean kilsəsi və s. qədim məbədlər bu tarixin sübutlarıdır.

Əhəmiyyətli yollar üzərində yerləşdiyi və zəngin bir ticarət şəhəri olduğu üçün Diyarbəkirdə han və karvansaralara da rast gəlinir.

 

Mühüm ticarət körpüsü

Ongözlü körpü mühüm ticarət yollarının kəsişməsində yerləşir. Dəclə çayı üzərindəki körpü on tağdan ibarətdir. Qismən və ya tamamilə dağıldığı və bir neçə dəfə yenidən inşa edildiyi hesab edilən körpünün inşa ili üzərindəki kitabədə qeyd edilən 1065-ci il – Mərvanilər dövrünü əhatə edir. Diyarbəkirdə həmçinin Haburman körpüsü (Çermik), Qara körpü, Sancak körpüsü, Ambar çayı körpüsü, Halilviran körpüsü, Devegeçidi körpüsü, Çüngüş körpüsü, Kemhük körpüsü (Silvan) da mühüm körpülər sırasındadır.

Neolit dövründən Osmanlıya qədər

Diyarbəkirin ilk muzeyi olan Arxeologiya Muzeyi İç Qaladakı muzey kompleksində 19-cu əsrdə tikilmiş iki binada yerləşir. 2023-cü ilə qədər onun kolleksiyasında 30 min eksponat olub. Arxeologiya Muzeyində aparılan qazıntılar, alış-veriş və müsadirə yolu ilə əldə edilən əsərlər Neolit dövründən başlayaraq Köhnə Tunc, Assur, Urartu, Ellinistik, Roma, Bizans, Artuqlu, Səlcuqlu, Ağqoyunlu və Osmanlı dövrlərinə aid edilir, xronoloji və tipoloji ardıcıllıqla sərgilənir.

Diyarbəkir Muzeyi, Cahit Sıtkı Tarancı Muzeyi, Ziya Gökalp Muzeyi, Əhməd Arif Ədəbiyyat Muzeyi Kitabxanası və s. muzeylər də ziyarətçilərin ən çox baş çəkdikləri yerlərdir.

 

Zerzevan qalası 

Diyarbəkirdən 45 kilometr məsafədə 124 metr hündürlükdə yerləşən Zerzevan qalası təkcə yerli sakinlərin deyil, həm də bölgəyə gələn turistlərin baş çəkdiyi abidədir. İndi qalanın xarabalıqları qalıb. Diyarbəkir və Mardin rayonları arasında yerləşən qala Bizans dövründən Roma imperiyasının sərhəd qarnizonu olub.

Qala həm yerüstü, həm də yeraltı quruluşa malikdir. Ərazidə aparılan arxeoloji qazıntılar yeraltı tikililərin mövcudluğunu üzə çıxarıb. Tapılan Mitra məbədinin sirrini açmaq üçün yenidən qazıntılara başlanacaq. Ərazi turizm üçün açıqdır.

 

Tarix qoxan yerlər

Diyarbəkir minillik tarixi, ədəbiyyatı, inancları və həyat tərzi ilə bir folklor xəzinəsidir. Yerli xalq rəqsləri kifayət qədər rəngarəngdir. Nağara və tütəklərin müşayiəti ilə ifa edilən Diyarbəkir rəqsləri bölgədəki tayfaların sevgisindən, iztirabından, bəzən də sosial vəziyyətindən bəhs edir.
Minlərlə illik tarixə malik olan şəhərdə bir çox sivilizasiyanın qoyub getdiyi müxtəlif yemək mədəniyyətləri mövcuddur. Diyarbəkir mətbəxinin əsas inqrediyentləri quzu əti, yerli ədviyyatlar (sumaq, keşniş, qara bibər və s.), düyü, sakatat sortları, yağ və bulqurdur. Diyarbəkir lahmacunu və kadayıfı ilə yanaşı, pendiri ilə də məşhurdur. Ən məşhur yeməkləri qabırğa dolması, vərəq tavası, meftunə və ciyər kababıdır.

Ənənəvi sənətkarlıq növləri arasında zərgərlik, ipəkçilik və misgərlik xüsusi yer tutur. Bu gün də əhəmiyyətini qoruyan əl işləri arasında “hörmə qolbaqlar”, “keşniş boyunbağılar”, “gümüş işləməli nallar” və “çəkmələr” Diyarbəkirin əhəmiyyətli əl sənətləri arasındadır. Şəhərdə əl toxuması və xalça və kilim istehsalı da həyata keçirilir.

Diyarbəkirə gələn yerli və xarici turistlər tarixi mahalı böyük məmnuniyyətlə ziyarət edir və şəhərdən xoş təəssüratlarla ayrılırlar.

 

Təranə Məhərrəmova
Diyarbəkir-İstanbul-Bakı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir