“Üç ağ” – duz, şəkər, undan uzaq durun deyirlər. Lakin məhz bu məhsulların Azərbaycanda istehsal və istehlakının artmasının şahidi oluruq. Məsələn, fevral ayında açıqlanan rəqəmlərə görə, ölkədə şəkər istehsalı 25 faiz artıb. Dövlət Statistika Komitəsinin apreldə açıqladığı rəqəmlərdə isə duz istehsalının 13 faiz artdığı məlum olur. Komitənin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında 19 min 342,6 ton duz istehsal edilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 174,3 ton çoxdur. Hətta 2024-cü ilin 1 aprel tarixinə hazır məhsul ehtiyatı olmayıb.
Duz dağına dönən ömrümüz
Maraqlıdır, artımın səbəbi nədir? Ən əsası, dünyada əksər insanların duzdan imtina etməyə, yaxud istifadəni azaltmağa çalışdığı halda bizim duz sevgimiz nədən qaynaqlanır?
Duz sevgimiz hətta atalar sözləri, məsəllərdə də özünü büruzə verir. Məsələn, “aşın tamı duz ilə, adamı tanı söz ilə”, yaxud, “ömrün duz dağına dönsün”, – deyirik. Həmçinin atalarımız deyir ki, “adamı tanımaq üçün onunla bir pud duz yemək lazımdır”. Yəni bir adamla 16 kiloqram duz yeməliyik ki, onun necə insan olduğunu bilək.
Rəqəmlərin artmasında vergi xidmətinin rolu var
Mütəxəssislər duz istehsalının artımını ixrac və ölkədə duza olan tələbatın artması ilə əlaqələndirirlər. İqtisadçı Fuad İbrahimov bildirdi ki, əvvəllər duz yığımı kortəbii şəkildə baş verirdi, indi isə iqtisadi dövriyyəyə cəlb edilir, rəsmi şəkildə istehsal olunur: “Bəzi duz yataqlarından istifadə olunmurdu. İndi həmin yataqlar iqtisadi dövriyyəyə cəlb edilirlər. Bundan əlavə, əvvəlki dövrlərə nəzər salsaq, uçotun istehsal prosesindəki vəziyyəti indiki kimi deyildi. Uçot prosesi sağlamlaşır və bu da statistikada özünü göstərir. Rəqəmlərin artmasında vergi xidmətinin xüsusi rolu var”.
Mütəxəssis vurğulayır ki, duz bazarında heç vaxt defisit olmur. Tələbat nədirsə, o da istehsal edilir: “Duz istehlakı bazarı elədir ki, nə qədər lazımdırsa, o qədər istehsal olunur. İstehlakla yanaşı, nəzərə almaq lazımdır ki, idxal da edirik. Bu səbəbdən rəqəmlərin artması normaldır”.
Duz sevən xalq olsaq da…
Duz sevən xalq olsaq da, onun orqanizmə olan zərərləri danılmazdır. “Üç ağdan uzaq durun” deyimi boşuna yaranmayıb. Zərərli qidalar siyahısında duz ilk üçlükdədir. Mütəxəssislər bildirirlər ki, duz yalnız təzyiqi qaldırması ilə məşhur deyil, xüsusilə təmizlənmiş duz insan sağlamlığına ciddi təhlükə yaradır.
Sənaye mühəndisi Sayat Quliyeva deyir ki, qida rasionumuzdakı natrium mənbəyi olan duz insan orqanizmində maye balansını tənzimləməkdə mühüm rol oynayır. Mütəxəssisin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanların gündə beş qramdan az duz istehlak etməsini tövsiyə edir: “Natrium xlorid insan orqanizmində sintez olunmayan tək mineraldır ki, insan onu duz vasitəsilə alır. Bədənimizdə duza mineral azlığı, yaxşı qidalanmama, tərləmə, dad alma hissinin yaranmaması, stress və yorğunluq zamanı ehtiyac yaranır. Bununla yanaşı, içdiyimiz suların tərkibində yod çatışmazlığı mövcuddur. Bu çatışmazlıq qalxanabənzər vəzlərin xəstəliyini yaradır. Yodlaşdırılmış duzlar isə belə halların qarşısını almaqda kömək edir. Bu səbəbdən ÜST duzun yodlaşdırılmasını dünyada yod çatışmazlığının qarşısının alınması üçün əhəmiyyətli səhiyyə strategiyası hesab edib”.
Hipertoniya, insult, böyrək xəstəlikləri, artıq çəki…
Mütəxəssis deyir ki, qida sənayesində məhsulun keyfiyyət xüsusiyyətləri və istehlakçı tərəfindən qəbul edilməsi tərkibindəki duzun miqdarı ilə bağlıdır: “İşlənmiş qidalar, ət məhsulları (kolbasa, sosiska və s.), duzlu çərəzlər (çipslər, krekerlər, duzlu fıstıq, günəbaxan tumları və s.), pendir və başqalarını buna nümunə göstərmək olar. Duzun istifadəsi nəinki qida istehsalında geniş yayılıb, günümüzdə fərqli sahələrdə, dəriçilikdə, maldarlıqda, sutəmizləmə sistemlərində istifadə edilir. Bu səbəbdən istehsalın artması normaldır”.
Zərərlərinə gəldikdə isə mühəndis deyir ki, hazırda duzun rəflərdəki ömrünü uzatmaq üçün istehsalda qatqılardan istifadə edilir: “Duz orqanizmdə maye balansını tənzimlədiyi üçün həddindən artıq qəbulu bədənimizdə maye artıqlığına səbəb ola bilər ki, bu da üzdə, əllərdə, ayaqlarda şişkinlik yaradır. Eyni zamanda, insan orqanizmində yüksək qan təzyiqi (hipertoniya), insult kimi ürək-damar, böyrək xəstəlikləri, artıq çəki kimi bir sıra problemlərə səbəb olur. Bununla yanaşı, hazırda duzun rəflərdəki ömrünü uzatmaq, nəm çəkmə səbəbindən yaranan topalanma, bərkimə və s. problemlərin qarşısını almaq üçün qida əlavələrindən istifadə edilir. Bunlardan ən geniş yayılan E173 (Alüminium hidroksid) və E171 (Titanium dioksid) kodu ilə tanınan qatqılardır. Bu qatqılar nəm çəkməyə qarşı istifadə olunur və təhlükəli qida əlavələri qrupuna aiddirlər”.
Hansı duzlardan istifadə etməliyik?
S.Quliyeva bildirir ki, duzun istehlakında keyfiyyətinə görə daş və bişirilmiş duz daha əhəmiyyətli hesab edilir: “Himalay duzu və rafinə edilməmiş qaya duzunu nümunə göstərmək olar. Bəzən insanlar duz miqdarının azaldılması məqsədilə dadlandırıcı olaraq duzun əvəzinə yeməklərdə ətirli ot, limon suyu, şərab, sirkə kimi əlavələrdən də yararlanırlar”.
Son olaraq, həkimlər tövsiyə edirlər ki, yuxarıda sayılan təhlükələrdən qorunmaq üçün süfrələrdən duzqabılar çıxarılmalı, yeməklərdə bərk, təhlükəsiz, keyfiyyətli və təmiz qaya duzundan istifadə edilməlidir.
Aygün ƏZİZ