ushaq yatmaq

Uşağı 5 dəqiqəyə necə yatızdırmaq olar? – ANALAR OXUSUN

Baxış sayı: 3. 006

Bir çox evlərdə uşağın yatmağı işgəncə halını alır. Hələ iki, üç azyaşlı uşaqlarla vəziyyət daha da pisləşir. Necə ki, bizdə. Əkiz uşaq anası kimi bu, mənə ikiqat çətin idi. Uşaqları yatızdırmaq üçün min cür yoldan istifadə etmişəm. Ancaq ən effetiv üsulun məhz bu olduğunu anlamışam.

Əkiz övlad valideynlərinə məsləhətim, uşaqları tək-tək bu üsula öyrəşdirməkdir. Mən böyük əkiz tayı digərindən bir həftə əvvəl öyrətməyə başladım. Əsas çətinlik onda idi ki, böyük tay yellənməyə, balaca isə qucaqda yatmağa öyrəşmişdi. Bəzən böyük oğlumu bir saata yaxın yelləncəkdə yellətdiyimiz olurdu. Digər əkiz tay isə qucaqdan yerinə qoyulan kimi oyanırdı, yenidən qucağa istəyirdi. İndi isə günorta və gecə yuxuya getmələri cəmi 5 dəqiqə çəkir.

 

Hazırlıq

Sadəcə daha iradəli və bir az da “daşürəkli” olub uşağı öz yatağına qoyaraq gözləməlisiniz. “Mənim ürəyim gəlməz”, “elə içdən ağlayır, hıçqırır ki, dözə bilmirəm”, “bizim uşaq üçün deyil bu üsul” deməyin! Bu üsul bütün uşaqlar üçün keçərlidir.

Üsulun əziyyəti bir neçə gün (daha dəqiq desək, 3 gün) olur. Bunun üçün siz əvvəlcə evdəkiləri xəbərdar etməli və onlara da qərarlı olmağı başa salmalısınız. Bəzən analar uşağın ilk gün ağlamağına dözsə də, ata, yaxud digər qohumlar buna qarşı çıxır, gəlib uşağı yataqdan götürürlər. Belə hallar olmamalıdır! Bu zaman uşağın anasına qarşı fikri dəyişə bilər, xüsusən yaşı 2-dən yuxarıdırsa. Anasının qərarının keçərli olmadığını görmək uşağı sarsıda bilər. Uşaq anasının əsas tərbiyəçi olduğunu məhz bu cür şeylərlə dərk etməlidir.

İlk günün çətinliyi

Birinci gün uşaq nəyin baş verdiyini anlamır, axı niyə anası onu yırğalamır, niyə əvvəlki kimi nazı ilə oynamır deyə əsəbləşir, ağlayır. Bu halda əgər uşaq artıq hər şeyi başa düşən yaşdadırsa, ana ona böyük insan olduğunu və yatmağı öyrənməli olduğunu deməlidir. Çox ağlasa, başını sığallamaq, belini ovuşdurmaq kimi yüngül hərəkətlər edə bilər. Uşaq yatağından qalxıb çox ayaq üstə durarsa, onu yenidən yerinə yatızdırmalı, uyğun yuxu pozisiyasını almağa kömək etməlidir. Asta səslə layla oxuya da bilər. Yaxşı olar ki, ana uşaq səhər öz yerində yatdığı üçün xırda bir hədiyyə də versin.

Əgər uşaq 1 yaşında, yaxud daha balacadırsa, ona qucaqlayıb yatması üçün oyuncaq verilə bilər. Yuxarıdakı yatırtma üsulu onlara da aiddir. Uşağı yaxşı olardı ki, 6 ayından etibarən bu üsula öyrədəsiniz.

İlk günün çətinliyi sizi qorxutmasın, uşağın yaşından asılı olaraq bəzi hallarda 40 dəqiqə, bəzən isə 2 saata yaxın davam edə bilər bu proses. Əmin olun ki, 2-ci və 3-cü günlər daha asan olacaq. Sizin uşağınız istisna deyil.

 

Məsləhət

Uşağı hər gün eyni vaxtda səhər (saat 8:30-dan gec olmayaraq) yuxudan durğuzmağa, axşam isə eyni vaxtda (21:30-dan gec olmayaraq) yatızdırmağa öyrədin.

Bizə uşaqlar balaca olanda tez-tez “uşaqdı, nə vaxt istəsə onda da yatar” deyirdilər, ancaq bu, çox səhvdir. Uşağa hörmət yuxudan başlayır. Azyaşlılar gecə ən azı 10 saata yaxın yatmalıdırlar. Gecə 1-də yatan uşaq ən çox nə qədər yata bilər ki? Yaxud onun günorta saatlarında yuxudan durması nə dərəcədə düzgündür?

Daha bir məqam da oyundur. Uşaq əgər yatmaq istəmirsə, demək valideynlərindən, oyundan doymayıb. Oyuncaqlar və televizor uşağın ehtiyaclarını ödəyə bilməz. Onun əsas ehtiyacı siz valideynlər və sizinlə oynayacaqları oyunlardır. Oyundan doyan uşaq rahat yatar.

Unutmayın, uşaq böyütmək işgəncəli yox, əyləncəli olmalıdır. /ailem.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir