Uşağı hədsiz himayə etmək onu qorxaq və əsəbi edir

Baxış sayı: 1. 616

Tez-tez yaşlı nəslin nümayəndələrindən “bizim dövrün uşaqları belə deyildi”, “indiki uşaqlar çox bilir” kimi sözlər eşidirik. Doğrudan da, müasir uşaqlar əvvəlki nəslin uşaqlarından çox fərqlənir. Texnikada inkişaf, internetin həyatımıza fəal müdaxiləsi, dəyişkən həyat tərzi, stress uşaqların xasiyyətinə həyatının ilk illərindən təsir edir.

Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, əvvəllər ailələrdə çoxuşaqlılığa üstünlük verilirdi, indisə ən çox üç uşaqla kifayətlənirlər. Böyüklərin diqqəti isə bütünlüklə uşağa yönəlir. Xüsusilə də ailədə tək olan uşaqlar himayənin hədsiz dərəcədə çox olmasından əziyyət çəkirlər. Böyüklərin yeganə sevinci olan uşaq çox ərköyün böyüyür, istədiyi hər bir şeyi edir, qadağalar isə demək olar ki, olmur. Bu cür tərbiyənin isə fəsadları pis ola bilər. Psixoloqa görə, elə də ailələr var ki, uşağa diqqət və qayğı göstərmək üçün kifayət qədər vaxtları və ya istəkləri olmur. “Qadınlar ya rahat yaşamaq üçün dayələrin xidmətindən istifadə edir, özü internetdə vaxtını keçirir və ya telefonla söhbət edir və s. Elə də qadınlar var ki, onlar iş fəaliyyətindən ayrıla bilmir. Vaxtlarının çox hissəsini işdə keçirir, rəfiqələri ilə harasa gedir və s. Nəticədə uşaq diqqətsiz qalır. Uşağın xasiyyəti və psixoloji sağlamlığı formalaşdığı dövrdə uşaq valideynlərini kifayət qədər görmür”.

R.Rzayeva bildirir ki, belə uşaqlarda valideynlərinin diqqətini cəlb etmək istəyi çox güclü olur: “Bu səbəbdən də uşaq çox naz və tərslik edir, böyükləri manipulyasiya etmək istəyir. Çox vaxt, xüsusilə də, məktəbəqədər olan dövrdə uşaq valideynlərin diqqətsizliyini oyuncaqlarla və ya kompüter oyunları ilə kompensasiya edir. Bu cür uşaqlar yeniyetməlik dövründə bir sıra çətinliklərlə üzləşə bilərlər. Onların qəribə məşğuliyyətləri, dostları ola bilər. Ən pis halda isə narkotik vasitələrə və spirtli içkilərə meyl edirlər”.

Onun dediyinə görə, uşağı hədsiz himayə etmək, hər şeydən qorumaq, hər dəqiqə onunla nəsə baş verəcəyindən qorxmaq və bunu öz davranışınla açıq bildirmək uşağı da qorxaq və əsəbi edir: “”Hiper” himayə uşaqların psixologiyasının formalaşmasında mənfi iz buraxır. Belə uşaqlar kifayət qədər müstəqil ola bilmirlər. Tək övladı olan analar öz uşaqlarını hədsiz dərəcədə çox qorumağa çalışırlar. Onlarda uşağın sevgisinə qarşı qısqanclıq hissi də özünü göstərir. Uşaqlarını dostlarından, həmyaşıdlarından belə qorumağa çalışan analar, əslində onların təcrübə qazanmasının qarşısını alırlar. Belə uşaqlar müstəqil böyüyən uşaqlara nisbətən daha sadəlöhv olur, qərar verməkdə çətinlik çəkir və təsir altına tez düşürlər”.

Müsahibimiz qeyd edir ki, uşağın xarakteri onun həyatının ilk beş ilində formalaşır: “Əgər ana uşağa kifayət qədər diqqət verə bilmirsə, onun düzgün tərbiyə alması üçün uşaq baxçasına və başqa xüsusi dərnəklərə yönəltməsi məsləhətdir. Uşaq bu cür dərnəklərdə mütəxəssislərin köməyi ilə düzgün tərbiyə ala biləcək. Burada onlara rəsm çəmək, özünə xidmət göstərmək, plastilindən nəsə düzəltmək və s. kimi məşğuliyytələr öyrədiləcək. Uşağın hobbisi də formalaşa bilər. Uşaq sosial mühitdə adaptasiya olmağı, müstəqil davranmağı da asanlıqla öyrənər”.

Rzayeva diqqətə çatdırır ki, informasiyanın çoxluğu da uşağın xasiyyətinin formalaşmasına təsir edir: “Uşağın məlumatlı olması bir tərəfdən yaxşıdır. Amma uşaqların və yeniyetmələrin çoxu informasiyanı seçməkdə çətinlik çəkirlər və lazımsız informasiyaları da qəbul edirlər. Yaxşı olar ki, internetdən istifadə edərkən valideynlər uşaqları yönləndirsinlər. Əks halda, uşaqlar məsələn, özündə qəddarlığı və zorakılığı əks etdirən kompüter oyunlarını, video məlumatları, mənasız və pis təsir edən forumları seçə bilərlər”.

Psixoloq məsləhət görür ki, bunun qarşısını almaq üçün uşaqlara televizora baxmağı, internetdən istifadə etməyi qadağan etmək düzgün deyil: “Yaxşı olar ki, xüsusi proqramlar vasitəsilə uşaqlara pis təsir edə bilən sayt və kanalların girişini bağlayasınız” deyən mütəxəssis əlavə edib ki, uşaqların internetdən çox istifadəsi onların sosiallaşmasında çətinlik törədir: “İnternet müasir cəmiyyətin bir hissəsinə çevrilib. Uşaqlar da böyüklərə baxıb onlardan nümunə götürərək internetdə bir növ “virtual” yaşamağa başlayırlar. Sosial şəbəkələrdə ünsiyyət canlı ünsiyyətin sadələşdirilmiş formasıdır. Bu səbəbdən də sosial şəbəkələrdə ünsiyyət qurmağı adət edən uşaqlar real həyatda öz yaşıdları ilə belə görüşəndə ünsiyyət qurmaqda çətinlik çəkə bilərlər. Uşaq canlı ünsiyyət zamanı özünə güvənmir və qapalı olur. Ünsiyyətdə çətinlik uşaqlıqda müəyyən problemlər yaratsa da, böyüdükcə problemlər daha da ağırlaşa bilər. Ünsiyyət qura bilməmək həm şəxsi, həm də işgüzar həyatda ciddi problemlərə səbəb ola bilər. Bu səbəbdən də yaxşı olar ki, uşağı kompüter və mobil telefondan ayırıb həmyaşıdları ilə oynamağa həyətə, parka aparasınız”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir