Qeyri-infeksion xəstəliklərlə necə mübarizə aparmalı?

Baxış sayı: 1. 770

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə (QİX) mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu strategiya “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünya üzrə yoluxucu xəstəliklərdən ölənlərin sayının növbəti illərdə azalması gözlənildiyi halda, QİX-dən ölənlərin sayının 2030-cu ilədək artması proqnozlaşdırılır.

Strategiyada qeyd olunur ki, son 10 ildə ölkəmizdə qan dövranı sistemi xəstəlikləri 5%, tənəffüs üzvlərinin xəstəlikləri 11%, endokrin sistemi xəstəlikləri 2,5 dəfə, o cümlədən şəkərli diabet 3,7 dəfə, sinir sistemi xəstəlikləri 15%, bədxassəli yenitörəmələr 30% artıb. Qeyd olunan müddət ərzində dünya üzrə QİX ilə xəstələnmə halları təxminən 14% artıb. Ölümün səbəbləri arasında QİX əsas yer tutur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin QİX ilə bağlı apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycanda QİX-in böyük əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır.

“Strategiya bu sahədə böyük dönüş yaradılmasını qarşıya məqsəd qoyur”

Millət vəkili Musa Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, strategiyanın qəbul olunması dövlətin, prezidentin əhalinin sağlamlıq məsələlərinə verdiyi diqqət, qayğının göstəricisidir. Onun sözlərinə görə, bütün dünyada qeyri-infeksion xəstəliklər çox geniş şəkildə yayılıb. Ömürlük əlillik, xəstələnmənin böyük faizi bu qrup xəstəliklərin hesabınadır: “Azərbaycanda son illərdə ürək-damar, onkoloji, ağciyər, şəkərli diabet kimi bu qəbildən olan qeyri-infeksion xəstəliklərinin artması, onlardan insanların əziyyət çəkməsi, dünyasını dəyişməsi, iş qabiliyyətinin itirilməsi çox ciddi faktorlardır. Təkcə bugünkü deyil, gələcək nəslin də sağlamlığını təhlükə qarşısında qoyan məsələlərdir. Buna görə də belə bir strategiyanın qəbul olunması, onun həyata keçməsi üçün proqramın hazırlanması, müvafiq dövlət qurumlarına konkret tapşırıqlar verilməsi bu sahədə böyük dönüş yaradılmasını qarşıya məqsəd qoyur, əhalinin daha sağlam və rifah halında böyüməsini şərtləndirir”.

M.Quliyev bildirdi ki, siqaret çəkmənin, alkoqollu içkilərdən suistifadə etmənin azaldılması üçün strateji məqsədlərin qarşıya qoyulması, konkret qanunvericilikdə dəyişikliklərin olunması, maarifləndirici tədbirlərin həyata keçirilməsi, idman-sağlamlıq komplekslərinin fəaliyyətinin yüksəldilməsi, iş yerlərində, məktəblərdə idmanla, gimnastika ilə bağlı sağlamlaşdırıcı tədbirlərin aparılması strategiyada ön plana çəkilir: “Eyni zamanda onkoloji xəstəliklərlə mübarizə, onların qarşısının alınması, vaxtında müayinəsinin aparılması, bu xəstəliklərə tutulan insanlara yardım göstərilməsinin tam dövlət büdcəsi vəsaiti hesbaına həyata keçirilməsi çox ciddi məsələlərdir. Monitorinqlərin aparılması, ölkədə vəziyyətin öyrənilməsi, xəstəliklərin geniş yayıldığı bölgələrdə səbəblərin araşdırılması, aradan qaldırılması da strategiyada öz əksini tapıb”.

“Gənc nəslin sağlam böyüməsində strategiyanın çox böyük əhəmiyyəti olacaq”

Millət vəkili deyir ki, ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının üzvü kmi, təşkilatın strategiya ilə bağlı qarşıya qoyduğu məsələlərin də istər qanunvericilik, istər hüquqi bazanın genişləndirilməsi, istər də praktik həyata keçirilməsi baxımından həll etməyə məsuldur. Startegiyada da bu məsələlər öz əksini tapıb. Xarici ölkələrdən ekspertlərin, alimlərin, bu sahədə tədqiqat aparanların ölkəmizə dəvət olunması bizim mütəxəssislərlə iş aparılması, həm profilaktik tədbirlər həyata keçirilməsi, həm də xəstəlik baş verdiyi hallarda onun aradan qaldırılmasına dəstəyin verilməsini təmin edəcək.

M.Quliyevin sözlərinə görə, gənc nəslin tərbiyəsində, onların sağlam böyüməsində strategiyanın çox böyük əhəmiyyəti olacaq. Böhran, iqtisadi çətinliklər dövründə belə bir strategiyanın qəbul olunması isə dövlətimiz üçün əhalinin sağlamlığı, sosial rifahının əsas şərt olmasının göstəricisidir: “Bu strategiya qəbul olunubsa, arxasında maliyyə vəsaiti, təşkilati iş duracaq. Biz bu strategiyanın əhəmiyyətini görəcəyik. Vərəm, onkoloji xəstəliklər, şəkərli diabetlə bağlı dövlət proqramları var. Belə bir startegiyanın qəbul olunmasının arxasında ürək-damar xəstəliklərinin qarşısının alınması və müalicəsi ilə bağlı bir dövlət proqramı qəbul olunsa, yaxşı olardı”.

Sağlam həyat tərzi aşılanmalıdır

Millət vəkili deyir ki, sağlam həyat tərzi üçün məktəb yaşlarından maarifləndirməyə ehtiyac var. Çünki sağlam həyat tərzi uşaq və gənclik illərindəın formalaşmalıdır. Sonradan bunları etmək olmur: “Azərbaycanda insanlar son vaxtlar daha çox aktiv həyat tərzi keçirməyə başlayıblar. Parkların yaradılması, Dənikənarı bulvarın böyüdülməsi, gözəlləşdirilməsi, idman meydançalarının, olipmiya komplekslərinin yaradılması təkcə yeniyetmələrin deyil, bütün kateqoriya insanların sağlam həyat təzinə keçməsinə şərait yaratmaq üçündür. Son illər sağlam qidalanmaya üstünlük verən insanlarımızın sayı getdikcə artmaqdadır”.

M.Quliyev onu da bildirdi ki, sağlam qidalanmanın formalaşdırılması üçün televiziyalarda yemək reklamlarının azaldılmasına ehtiyac var: “Çünki nə qədər sağlam qidalanma kimi təqdim etsələr də, reklamlar insanları daha çox yeməyə və sağlamlığa xidmət etməyən qidalar qəbul etməyə həvəsləndirir. O cümlədən şəkərli, yağlı, karbohidratlı qidaların çoxluğu insanları bu qidaları qəbul etməyə həvəsləndirir. Televiziyalar bu reklamları azlatsalar, əhalinin sağlamlığına daha çox xeyir vermiş olarlar”.

“Qeyri-infeksion xəstəliklərlə mübarizə ekologiyadan başlayır”

Tibb sahəsi üzrə ekspert, professor Adil Qeybulla qəzetimizə açıqlamasında bildirdi ki, qeyri-infeksion xəstəliklər dedikdə, yoluxucu xarakterə malik olmayanlar nəzərdə tutulur. Bu xəstəliklər qrupunun isə çoxsaylı əhatə dairəsi var. Ekspert hesab edir ki, bununla yanaşı, icbari tibbi sığortanın tətbiqi ilə bağlı iş aparmaq da lazımdır: “İcbari tibbi sığortanın tətbiqinə qədər isə əhalinin kütləvi dispanserizasiyasına ehtiyac var. Talassemiya geni daşıyanlar, vərəmli xəstələr, vərəmin tolerant formasının, Rusiya həbsxanalarından başlanğıc götürən formasının daşıyıcıları, endemik flor və yod çatışmayan yerlərdə yodla bağlı, malyariya, insanın genetik xəsətəlikləri ilə bağlı ümumi dispanserizasiya keçirilsə, hər kəsin tibbi pasportu olsa, orada ştrix kodla qeydiyyat aparılsa, əhəmiyyətli bir iş görülmüş olar. Bu, insanların genetik xəstəliklərinə, sağlamlıq prosesinə nəzarət cəhətdən önəmlidir”.

A.Qeybullanın sözlərinə görə, qeyri-infeksion xəstəliklərlə mübarizə ekologiyadan başlayır: “Bu gün Azərbyacan ərazisinə daxil olan məhsulların böyük əksəriyyəti GMO-dur. Ekoloji məsələlər dedikdə, ərzaq, içməli su problemi, ətraf mühit, radiasiya, dərman təhlükəsizliyi və s. var. Azərbaycanda yod, flor çatışmazlığından yaranan xstəliklər var. Talassemiya geni daşıyanlar çoxdur. Xeyli xəstəliklər var ki, onların özləri ilə bağlı ayrıca dövlət proqramı ola bilər. Yaxud da ümumi sağlamlıq proqramı çərçivəsində bunlar öz həllini tapa bilər. Əhalinin dispanserizasiyası çox vacibdir. Bu olmasa, bəlkə də qeyd etdiyim məsələlərə nəzarət edə bilmərik”.

Ekspert deyir ki, Azərbaycan əhalisinin müəyyən hissəsinin ölkə xaricində olduğu nəzərə alınsa, xəstəliklərlə bağlı təqdim olunan statistik rəqəmlər reallıqda daha böyükdür.

“Planın nə dərəcədə effektli olmasını zaman göstərəcək”

A.Qeybulla bir daha qeyd etdi ki, strategiyada göstərilən xəstəliklərin aşkar olunması üçün kütləvi dispanserizasiya aparılmalıdır. Bundan sonra mübarizə aparmaqla bağlı işlər görülməlidir: “Sovet dövründə bunun müəyyən mexanizmləri var idi. Ondan sonra görüləcək tədbirlərlə bağlı danışmaq olar. Azərbaycana gələn və gedilən keçid zonalarında əhalinin yoxlanılması həyata keçirilə bilər. Bu prosesi də başa vurub, ümumi mənzərəni dəyərləndirmək olar. Profilaktik tədbirlər məhz real vəziyyətin dəyərləndirilməsindən asılıdır. Real vəziyyəti bilmədən tədbir görmək çətindir”.

Ekspert onu da bildirdi ki, strategiyada əks olunan məsələlər çox önəmlidir və onların icrası üçün xüsusi dövlət proqramının olmasına ehtiyac var idi: “Həyat tərzinin dəyişdirilməsi, azhərəkətliliyin azaldılması, qidalanma tərzi ilə bağlı insanların maarifləndirilməsi, kütləvi idmana keçilməsi kimi faktorların dövlət proqramı şəklində aparılması situasiyanı xeyli dəyişə bilər. Bu gün keçirdiyimiz bəzi xəstəliklərin əsasında mental şüurdan tutmuş, ekoloji faktorlara qədər geniş iş getməlidir. Xarici ölkələrin də bu sahədə təcrübələrindən istifadə olunmalıdır. Planın nə dərəcədə effektli olmasını isə zaman göstərəcək”. (kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir