Ana olmaq böyük bir məsuliyyət tələb edir. Uşağın tərbiyəsi, sağlam psixologiyada böyüməsi daha çox ailədən asılıdır. Burada isə ən böyük vəzifə ananın üzərinə düşür. Mütəxəssislər analara uşaqlarına ən azı 3 yaşınadək özləri baxmasını, daim yanında olmasını tövsiyə etsələr də, çalışan analar üçün bu, çox zaman mümkün olmur. Mütəxəssislərə görə, körpənin inkişafı üçün boyunun uzanması və çəkisinin artması üçün onun doğru qidalarla qidalandırılması ilə yanaşı, sevgi ilə böyüməsi də vacibdir.
Ana və atanın sevgi dolu nəvazişi, uşaqla danışması, ünsiyyət qurması uşağın inkişafında ən önəmli faktorlardandır. Təəssüf ki, çalışmaq məcburiyyətində qalan və ya karyera arxasınca gedən analar uşaqları ilə çox vaxt keçirə bilmir. Çünki qanun buna icazə vermir. Belə ki, hamiləliyə və doğuşa görə məzuniyyət əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi əsasında verilir. Hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti 126 təqvim günü təşkil edir (doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 56 təqvim günü). Ağır doğuş, iki və daha artıq uşağın doğulması zamanı doğuşdan sonrakı məzuniyyətin müddəti 70 təqvim gününə qədər uzadılır. Bu isə təqribən 4-5 ya vaxt edir. Yəni çalışan analar övladlarının yanında bütün günü 4-5 aylığına qədər ola bilir. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Belə olan təqdirdə isə uşaqlar ana və ata işdən gələnə qədər yaxın qohumlara, ya da dayələrə etibar edilir. Analar dayə axtararkən övladına yaxşı baxacaq, səmimi, dürüst dayə axtarır. Bir çox ölkələrdə dayə xidmətləri göstərən qurumlar mövcuddur. Bura qəbul olan dayələr həm həkim nəzarətindən keçir, həm də uşağa dair hər şey haqda bilgili olur.
Çox təəssüf ki, Azərbaycanda bu cür xidmət olduqca azdır. Çox zaman da dayələr uşaqlara aid heç nə bilmir, təsadüfi seçilmiş insanlar olur. Hətta onların psixoloji durumu belə yoxlanmır. İlkin görünüşdə sakit, qayğıkeş görünən dayələr bir müddət sonra uşaqla kobud rəftar etməyə başlayır ki, bu da birbaşa uşağın psixologiyasına mənfi təsir edir. Təsadüfi deyil ki, hərdən dayələrin uşaqlara verdiyi işgəncələrlə bağlı xəbərlərə də rast gəlinir. Bəzən isə valideynlər əcnəbi, bir neçə dil bilən dayələrə üstünlük verirlər. Çox vaxt qaçaq yollarla ölkəmizə gələn və dayə kimi fəaliyyət göstərən əcnəbi qadınların keçmişi araşdırılmır. Əcnəbi dayə isə uşağın psixologiyasına mənfi təsir edir. Onların azərbaycanlılara məxsus dəyərləri, milli-mədəni keyfiyyətləri bilməməsi bir sıra fəsadlara səbəb ola bilir. İki dil, din, ənənənin qarşı-qarşıya qoyulmasıdır ki, bu da uşağın inkişafına mənfi təsir edir. Uşağın özünə qapanmasına, konkret fikrə sahib olmamasına, qarışıq xarakterə malik olmasına səbəb olur. Buna görə də uşağı hər “dayəyəm” deyənə etibar etmək olmaz. Dayələr xüsusi məktəb keçməlidir. Təəssüf ki, Azərbaycanda dayəlik məktəbi yoxdur. Məsələn, Türkiyədə dayəlik kursları mövcuddur. Bu kursları bitirənlər şirkətlər tərəfindən işə cəlb olunurlar. Onlarla əmək müqaviləsi bağlanır, şirkət ailəyə zəmanət verir, məsuliyyəti öz üzərinə götürür. İngiltərədə də dayələr üçün xüsusi məktəblər var. Xarici ölkələrdə agentlik vasitəsilə çağırılan dayələr xüsusi kurs keçmiş olurlar. Moskvada valideyn dayəni özü tapırsa, gününü 2-3 dollarla razılaşır. Əgər uzaqdan gəlirsə, qiymət qalxır. Moskvada dayə hazırlayan agentlikdə isə qiymətlər günü 5-10 dollar arasında dəyişir. Azərbaycanda isə qiymət iş saatından, uşağın yaşından və sayından asılı olaraq 250 manatdan başlayır və 800 manatadək artır.
Maraqlıdır, uşağın normal böyüməsi və psixi sağlamlığı üçün onu dayə, yoxsa ana tərbiyə etməlidir?
Psixoloq Vəfa Rəşidova bildirdi ki, dayə seçərkən diqqətli olmaq lazımdır, çünki dayələrin uşaqlara vurduğu psixoloji zərbə uzun illər getmir: “Son illər dayəyə daha çox ehtiyac duyulur. Çünki hər iki valideyn çalışdığı, uşağa çox zaman ayıra bilmədikləri üçün dayə tutmağa məcbur olurlar. Bu o demək deyil ki, ana dayə tutursa, o uşağı qayğıdan, diqqətdən kənar saxlamalıdır. Bu çox vaxt məcburiyyətdən baş verən bir seçim olur. Bir çox hallarda dayəni heç seçmirlər. Baxırlar ki, qonşumuzun xalası qızıdır, qohumdur və sairə deyərək seçirlər ki, bu da yanlış bir davranışdır. Çünki dayə seçərkən onun psixoloji və psixiatriv tərəfləri yoxlanılmalıdır. Çünki son illərdə dayələr uşaqlara işgəncə verirlər. Yaşadıqları travmaları uşağın üzərində aqressiya nümayiş etdirməklə çıxarmağa çalışırlar. Eyni zamanda uşağa qarşı bir qısqanclıq yaranır ki, mən uşaqlığımı belə yaşamamışam, bu uşaq niyə rahat yaşamalıdır deyə uşağa zülm etməyə başlayır. Dayə seçimi edərkən onu mütləq psixoloji testdən keçirmək, eyni zamanda onunla həmsöhbət olmaq, ona zaman vermək lazımdır ki, sonradan bu kimi hadisələrlə, fəsadlarla rastlaşmayaq. Valideyn özü də bunun əziyyətini çəkmiş olur, uşaqla bərabər o da psixoloji travma almış olur. Dayə tərəfindən psixoloji travma alan uşağa illə lazım olur ki, müalicə alsın ki, o hadisələri unuda bilsin. Yaxşı xanımdı, əsilləri yaxşıdır deyib dayə seçməməliyik. Psixoloq olaraq qənaətim budur ki, uşaq 3 yaşınadək ana nəvazişi, qayğısını, ana təmasını çox görməlidir. Yaxşı olar ki, valideynlər 3 yaşdan sonra dayə və ya bağça haqqında düşünə bilərlər”.
Psixoloq 3 yaşına qədər ana qayğısı ilə böyüyən uşaqların öz güvən problemi yaşamadığını bildirdi: “Ana verən güvəni dayə verə bilməz. Əsas təməl 3 yaşına qədər qoyulur ki, bu da uşağın gələcəyini həll edir. 3 yaşdan sonra belə dayə var deyə valideynlər bir kənara çəkilməməlidir. O diqqəti, qayğını, nəvazişi işdən gəlib göstərməlidirlər. Dayə nə qədər mehriban olsa da valideynin göstərdiyi diqqəti, sevgini, qayğını verə bilməz. Diqqət etsək görərik ki, dövlət idarələrində də bu nəzərə alınıb analara uşağa baxmaq üçün 3 il icazə verilir. Bu, psixoloji tərəfdən ölçülüb-biçilən bir məqamdır”.
Günel MANAFLI