sosial sebeke

Sosial şəbəkələr həyatımıza nə kimi təsir edir? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 1. 310

Bu gün internet istifadəçilərinin böyük bir hissəsi sosial şəbəkələrdən daha çox istifadə edir. Statistik təhlillərimiz göstərir ki, hər 10 internet istifadəçisindən 9-u sosial şəbəkələrdən yararlanır. Azərbaycanda bu mənada ən çox müraciət olunan sosial şəbəkə Facebook-dur.

Əhalisinin demoqrafik tərkibinin 30 faizini gənclər təşkil edən ölkəmizin 80 faizə qədəri bu şəbəkədən istifadə edir. Ümumilikdə isə sosial şəbəkənin Azərbaycan seqmentində 1,8 milyon nəfər qeydiyyatdan keçib.

Hazırda internet həyatımıza elə daxil olub ki, onsuz ictimai fəaliyyətimizi təssəvvür etmək çətindir. İş o yerə çatıb ki, əvvəllər insanlar bir-birindən tanışlıq üçün telefon nömrələrini alırdılarsa, indi bir-birini tanımayan şəxslərin ilk sualı “facebook ünvanın nədir?” olur. Əgər facebookda səhifənin olmadığını eşidirsə, qarşındakı şəxsin qəribə mimikasını görürsən.

Bəs, görəsən, sosial şəbəkələr insanların həyatına necə təsir edir?

Mövzuyla bağlı müraciət etdiyimiz PRİM – “Psixoloji Reabilitasiya və Autizm Mərkəzi”nin direktoru,  psixoloq Almara Məlikova “Gencaile.az” saytına bildirdi ki, bu şəbəkələrə daxil olan insanın artıq öz “virtual dünyası”, “virtual həyatı” olur. Burada özünə virtual dostlar, tanışlar hətta sevgi tapanlara da rast gəlirik. Bugünkü günümüzdə internetlə tanış olub ailə quranların sayı da az deyil .Düzdür, burada pis bir şey yoxdur, təki xoşbəxt olsunlar. Amma bəzən də çox xoşbəxt bir ailədə məhz ya qadının ya da kişinin bu şəbəkələrə girməklə öz ailəsində problem yaratdığının şahidi oluruq. Sonda bir tərəf qarşı tərəfə öz “virtual sevgisi” ilə xəyanət etməklə boşanmaq  həddinə gətirib çıxarır.

Almara

Almara xanım təəssüf hissi ilə bildirir ki, bu mənfi hallar artıq bir çox ailənin başına gəlib və gəlməkdədir. Bu, hələ indiki dövrümüzdə belədirsə, görəsən, gələcək nəslin vəziyyəti necə olacaq? İndiki nəsil müəyyən mənada internet və sosial şəbəkələrdən asılı olduğu halda gələcək nəsillər tamamilə bu fəlakətlərin qurbanına çevrilə bilər ki, bu da bəşəriyyətin gələcəyini indidən təhlükə altına salır.

sosial şəbəkələr insanların həyatına təsirindən danışarkən mütəmadi olaraq  sosial şəbəkələrdən istifadə edən şəxslərdən də bəhs edən Almara xanım vurğulayır ki, sosial şəbəkədən mütamadi istifadə edən şəxslərdə zaman keçdikcə aqressivlik, stress, yuxu və qida rejimimin pozulması, depressiya halları müşahidə olunur, özüdə bilmədən həm özünə, həm də başqalarına qarşı xoşagəlməz rəftar edir. O cümlədən son zamanlar bir qrup saxta istifadəçilər tərəfindən bəzi şəxslərin şantaj edilməsi, onlara hədə-qorxu, təhqiredici mesajların göndərilməsi nəticəsində həmin insanlarda psixoloji narahatlıqlar yaranır. Bunun qarşısı vaxtında alınmadıqda sonu heç də xoş olmayan hallarla nəticələnir. Heç kimlə dərdini paylaşmayan, depressiv və tək qalmağa meyil göstərən bu insanlar hətta daha sonra özlərinə ziyan vurur, hətta sonu ölümlə nəticələnən intihara əl atırlar.

Psixoloq sonda isə sosial şəbəkələrin psixoloji zərərlərindən bəhs etdi və aşağıdakı fikirləri səsləndirdi: “Çox təəssüf ki, sosial şəbəkələr istifadəçilər tərəfindən bir asılılıq halına gələ bilir. Saatlarla sosial mediada vaxt keçirmək boşa gedən zaman itkisi ilə yanaşı psixoloji və fiziki zərərlər də gətirə bilir.”

 

Təqdim etdi: MƏTİN




9 şərh “Sosial şəbəkələr həyatımıza nə kimi təsir edir? – PSİXOLOQ YANAŞMASI

  1. Telman Qafarov

    İnsanının böyük bir qismi internetdən, xüsusən də sosial şəbəkələrdən istifadə edir. Bu sırada gənclər üstünlük təşkil edir. Əvvəlcədən qeyd edək ki, sosial şəbəkələrdən hər kəs öz tərbiyəsinə görə istifadə edir.

    Cavabla
  2. Təhmasib Quluyev

    Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyətini qeyri-ciddi məsələlər maraqlandırır və onlar daha çox bu mövzuları paylaşır

    Cavabla
  3. Sebine Derya

    statistik məlumatlardan görünür ki, müasir sosial şəbəkələr çox geniş imkanlara malikdir. Şübhəsiz ki, bu imkanlar çərçivəsində geniş təbliğat aparmaq da mümkündür. Statistik rəqəmlərdən o da görünür ki, sosial şəbəkələrin istifadəçiləri arasında gənclər mühüm çəkiyə malikdir. Hazırda bizim ölkənin dünya miqyasında geniş təbliğ olunmasına böyük ehtiyac olduğunu nəzərə alsaq, gənclər bu istiqamətdə fəaliyyətini intensivləşdirməlidir.

    Cavabla
  4. Elza Kamilova

    Danışmaq üçün sərf etdiyimiz əmək azalır. İnsanlar üz-üzə danışmağa həsrət qalır. Nə zaman insanlarla qarşı-qarşıya gəlsək, danışa bilməməkdən şikayət edirik. Çünki həyatlarımız təkcə internetdən, sosial şəbəkələrdən ibarət hala gəlməyə başlayır.

    Cavabla
  5. Sultan Musayev

    Əvvəl hal-əhval ilə başlayıb, ardınca bir-iki fərqli mövzulardan bəhs etsək də, mövzular yenə eyni nöqtəyə gəlir. Qarşımızdakı insanın sosial şəbəkələrdə etdiklərindən, getdiyi yerlərdən, yazdığı sözlərdən, paylaşdığı videolaradək bircə-bircə müzakirə edilir. Bu da bəs etmirmiş kimi virtual dedi-qodular da bir-birini izləyir.

    Cavabla
  6. Rahib Elşad

    Vəziyyət o yerə çatıb ki, acı çəkən insan belə bunu əvvəlcə sosial şəbəkədə paylaşır.

    Cavabla
  7. Nazile S.

    Texnologiyanın inkişafı ilə insanların həyata baxışı da dəyişir. Xüsusilə internet istifadəsi, informasiyaya asan yolla çatmaq şansı insanların həyatını inkişaf etdirməklə yanaşı bir o qədər də mənfi təsirləri ilə yadda qalır. Aparılan araşdırmalar da göstərir ki, sosial şəbəkələr əslində insanların psixologiyasına mənfi təsir göstərir. İnsanda asılılıq yaradan siqaret, alkoqol və narkotik maddələrin sırasına sosial şəbəkələrdən asılılıq maddəsi də əlavə olunmaqdadır. İmşallah, psixoloqun məsləhətləri insanlara faydalı olar. Təşəkkür edirəm.

    Cavabla
  8. Aylin Səlimova

    Bugün sosial şəbəkələrlə bağlı cəmiyyətdə fikirlər müxtəlifdir. Bəziləri sosial şəbəkələrdən istifadəyə qarşı olsalar da, çoxluq sosial şəbəkələrdən istifadənin tərəfdarıdır. Bu da əsassız deyil. Bir çox işlərimizin həll olunması, ən son baş verən informasiyaların əldə olunması, o cümlədən yeni insanlarla əlaqələrin qurulması istiqamətində sosial şəbəkələr başlıca vasitələrdir.

    Cavabla
  9. Bənövşə Teymurova

    Bugünkü həyatımızı tamamilə internetsiz, sosial şəbəkələrsiz təsəvvür etmək də mümkün deyil.Bunu etsək, müasir dünyadan uzaqlaşmış olarıq. Çalışmaq lazımdır ki, hər bir işin xeyir olan tərəfindən istifadə edək.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir