daye

Uşağı olmayanların 60-70 faizi boşanır

Baxış sayı: 1. 696

Bakıda “Sağlam ailə, sağlam cəmiyyət – güclü dövlət” adlı konfrans keçirilib. Konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Məclisin Sosial siyasət komitəsi, Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidməti, “Sağlam Ailə” Tibb Mərkəzi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə baş tutub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva ötən il Ailə Məcəlləsinə edilmiş dəyişiklik nəticəsində nikahdan əvvəl tibbi arayışın qanuniləşməsinin cəmiyyətə öz töhfəsini verəcəyini bildirib: “Hər il Azərbaycanda boşanmaların 60, hətta deyərdim 70 faizi ailələrdə uşağın olmamağına görə baş verir. Hər il Azərbaycanda 300-ə yaxın talassemiyalı uşaq doğulur. Hesab edirəm ki, Ailə Məcəlləsinə edilmiş dəyişikliyin bu problemlərin aradan qalxmasında çox böyük rolu olacaq”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bu dəyişikliyi cəmiyyətin tələb etdiyini qeyd edib: “Bu qanun 15 il müzakirə olundu. 2001-ci ildə bu qanun müzakirəyə çıxarılan zaman bəziləri dedi ki, bu, insan hüquqlarına ziddir. Bəziləri dedi ki, bu milli-mənəvi dəyərlərimizə ziddir. Amma zaman keçdikcə, müəyyən maarifləndirmə işləri aparıldıqdan sonra nəinki deputatlar, hətta cəmiyyət özü bunu istədi. Azərbaycanda ildən-ilə xəstə doğulan uşaqların sayı artır. Bu gün Azərbaycanda 2000-dən çox hemofiliyalı, 2500-dən çox isə talassemiyalı uşaq var. Bu gün ölkədə 5000-dən çox insan ruhi dispanserdə müşahidəyə götürülür. Bütün bunların hamısı xəstə insanların evlənməsi nəticəsində baş verir. Bu halların qarşısını almaq üçün belə bir qanuna ehtiyac var idi”.

Onun sözlərinə görə, nikaha daxil olmaq istəyən şəxslər qeydiyyatdan bir ay öncə dövlət səhiyyə müəssisəsində müəyyən olunmuş xəstəliklər üzrə müayinədən keçəcəklər (APA). Quliyev bildirib ki, səhiyyə müəssisəsinin rəhbəri onları qəbul edəcək və onlara arayış veriləcək. “Xəstədirsə xəstə, sağlamdırsa sağlam, hər hansı bir xəstəlik daşıyıcısıdırsa, bu, qeyd olunacaq və Vətəndaşlıq Vəziyyəti Aktlarının dövlət qeydiyyatına arayış veriləcək. Belə bir arayış olmayacaqsa, onların nikahı dövlət qeydiyyatına alınmayacaq. Bununla vətəndaş nikahının artacağını deyənlər var. Amma bu qadağa olmasa, qanunun işləməsi çətin olacaqdı”.

Qeyd edək ki, konfrans Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 17 oktyabr 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun təbliği məqsədi ilə həyata keçirilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir