Təhsillə bağlı bir çox təkmilləşdirmələr aparılsa da, uşaq baxçalarındakı tədris diqqətdən kənar qalıb. Əksər valideynlər uşaq baxçalarında müəllimlərin uşaqlara heç nə öyrətmədiyindən şikayətlənir. Müəllimlərsə valideynlərdən ancaq pul istəyir və maaşlarının azlığından gileylənirlər.
Valideyn Ülkər Məmmədova iddia edir ki, uşaq baxçalarında təhsil sıfır səviyyəsindədir: “Uşaqlara şeiri belə pulla əzbərlədirlər. Dərslər sönük səviyyədə keçirilir. Uşaqlara heç nə öyrətmirlər. Müəllimlərin pedaqoq kimi bacarıqlarının aşağı olması və işlərinə həvəssis yanaşması göz önündədir”.
Məmmədova qeyd edib ki, uşaq baxçalarında işçi ştatı da az olduğundan tərbiyəçilər çox yüklənir: “Nə vaxt getsək, qrupun tərbiyəçiləri qab yuyur, xalça-palaz təmizləyir, pəncərə silir. Halbuki həmin işləri icra edən işçilər olmalıdır. Tərbiyəçilər uşağa baxmağa çatdırmadığından uşaqların qayğılarının əsas hissəsi müəllimlərin üzərinə düşür. Müəllimlərin pul yığmaq xəstəliyisə tədris zamanı öz sözünü deyir və müəllimlər uşaqlar arasında ayrı-seçkiliyə yol verirlər”.
Müəllimlərsə bizimlə söhbətində uşaqlara eyni dərs keçdiyini, sadəcə balacaların götürmə qabiliyyətinin fərqli olduğunu bildiriblər. Dediklərinə görə, həm də uşaq sayı çox olduğundan, balacalara dərs prosesində uşaqlara fərdi yanaşmaq çox vaxt mümkün olmur. Hər valideyn isə onlardan uşaqlarını daha yaxşı öyrətməyi tələb edir.
Məktəbəqədər təhsil üzrə müəllimə Gülnar Abbasovanın bildirdiyinə görə, uşaq baxçaları uşaqların həyatında sosiallaşması baxımından mühüm rol oynayır: “Uşaq baxçalarında uşaqlar nə qədər sosiallaşsalar da, onlarda ilkin biliklər yaransa da, baxçada müəllimələr uşaqları dərindən öyrətmirlər. Dövlət uşaq baxçalarında tədrisin səviyyəsi olduqca zəifdir. Bu da müəllimlərin az maaş alması ilə bağlıdır. Müəllimlər maaşları aşağı olduğu üçün uşaqlara nəsə öyrətməyə can atmır. Özəl uşaq baxçalarında vəziyyət fərqlidir”.
G.Abbasova qeyd edib ki, baxçaya gedən uşaqla getməyən arasında yerlə göy qədər fərq var: “Uşaq baxçasına gedən uşaqlar daha sərbəst olur, fikrini aydın ifadə edirlər. Çünki onlar uşaq baxçasında uşaqlarla ünsiyyət qururlar. Belə uşaqları öyrətmək daha asan olur. Baxçaya getməyən uşaqlarsa daha qapalı, utancaqdır. Ümumiyyətlə, uşaqda sərbəstlik, ünsiyyət qurma bacarığı kimi keyfiyyətlərin aşılamasında baxçanın böyük rolur var”.
Onun sözlərinə görə, müəllimlər özəl baxçalarda tədris proqramına daha çiddi yanaşırlar, çünki özəl baxçalarda dövlət baxçalarına nisbətən nəzarət daha güjlüdür: “Baxçadakı müəllimlər hər ay yoxlanılmalıdır. Çünki insanın psixologiyasında belə bir məqam var ki, nəzarət yoxdur, yoxlamırlarsa, o, rahatlaşır. Düşünməyə başlayır ki, “dərsi necə istəsəm, keçə bilərəm”. Amma əksər özəl qurumlarda valideynlər xeyli pul ödədiyi üçün rəhbərlik müştəriləri itirməsin deyə müəllimələri ciddi nəzarətdə saxlamağa məcbur qalır”.
Müsahibimizin fikrincə, uşaq baxçalarında qruplarda uşaqların çox olması tədris prosesinə mənfi təsir edir: “Uşaq az olduqda tədris prosesi daha yüksək səviyyədə keçirilir. Uşaqların yaşları az olduğundan, bilik sahəsində yeni-yeni addımlarını atdığından dərsləri qavramaqda çətinlik çəkirlər və onlara individual yanaşma tələb olunur. Hər kəslə dərsi necə qavradığı ilə bağlı maraqlanmaq lazım gəlir. Uşaqların sayı çox olduqda müəllim üçün dərsi keçmək, uşaqların hamısına izah etmək, bilikləri onlara çatdırmaq, uşaqlara isə müəllimənin demək istədiklərini qavramaq çətinləşir”.
Son zamanlarda uşaq baxçalarında müəyyən məsələlərə görə fərqli yaşda olan uşaqların bir qrupda cəmlənməsinin müşahidə olunduğunu deyən müəllimə bildirib ki, bu uşaqların dərs proqramını məminsəməsinə mane olur: “Uşaqlar həm proqramı qavraya bilmir, həm də onların tərbiyə prosesi çətinləşir. Çünki hər yaş dövrünə uyğun uşaqlara yanaşma qaydaları fərqlidir və buna mütləq əməl etmək lazımdır ki, uşaqdan gözlədiyin nəticəni əldə edə biləsən”.
Loqoped-defektoloq Esmira Qafarovanın bildirdiyinə görə, dövlət baxçalarında uşaqlara heç nə öyrədilmir: “Özəl uşaq baxçalarında hər cür təhsil forması var. Çünki bu baxçalar pulludur, müəllimlərə gəlib vaxt keçirdiyi üçün deyil, uşaqları öyrətdiyi üçün pul ödənilir. Dövlət uşaq baxçalarında isə müəllimlər uşaqları öyrətməkdə maraqlı olmur. Həm də uşaqların sayının çox olması onları yetərincə yorur”.
Qafarova hesab edir ki, əksər uşaq baxçalarında loqoped, defektoloq, psixoloq olmadığından, nitqi qüsurlu uşaqlar heç nə öyrənə bilmirlər: “Autizm, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla, atipik və tipik, normal uşaqlar eyni qrupda ola bilər. Amma onlar üçün dərs keçmə proqramı fərqli olmalıdır. Qrupda elə uşaqlar varsa, onlar üçün özəl olaraq defektoloq, psixoloq tutulmalıdır. Defektoloq xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xüsusi proqramlarla dərs keçməlidir. Amma sosiallaşması üçün autizmli, nitqi inkişafdan geri qalan uşaqlar üçün ünsiyyət çox vacibdir. Hətta biz özümüz də belə uşaqları baxçalara yönləndiririk. Amma bu uşaqları bir-birindən fərqləndirmək olmaz, sadəcə onlar üçün tədris proqramı fərqli olmalıdır. Bunun üçün də hər qrupda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bir defektoloq, mütəxəssis olmalıdır ki, onlara terapiya, oyunlar keçirə bilsin”.
Aynurə MƏMMƏDOVA