Uşaq ədəbiyyatının hazırkı vəziyyətinə ötəri, lap üzdən nəzər salmaq bəsdir ki, bu sahədəki problemlərin mövcudluğu gün kimi aydın olsun. Fərqi yoxdur, hansı tərəfinə işıq tutursan tut, əsas etibarı ilə şikayət, narazılıq, problem eşidiləcək. Xatırladaq ki, vaxtı ilə uşaq ədəbiyyatının inkişafında “Dəbistan”, “Rəhbər”, “Məktəb” jurnallarının böyük rolu olub. Bu gün fəaliyyət göstərən uşaq jurnallarına nədənsə əvvəlki maraq göstərilmir. Mütəxəssis və psixoloqlar hesab edirlər ki, mütaliə adətini insanlara uşaqlıqdan aşılamaq lazımdır. Çünki uşaq marağı hədsiz, yaddaşı isə güclü olur. Bu marağı yaratmaq üçün uşaq nəşrlərinin rolu böyükdür. Azərbaycanda isə indiki durum qeyd olunduğu kimi elə də ürəkaçan deyil.
Ekspertlər onu da bildirir ki, valideynlər internetə, telefon konturlarına xərclədikləri pulun yanında cüzi görünən abunə haqqını ödəyib, uşaq jurnallarının övladları üçün almaq istəmirlər. Cünki bu jurnalların övladlarının mariflənməsindəki rolunu o qədər də vacib hesab etmirlər.
“Azərbaycan” jurnalının baş redaktorunun müavini, tənqidçi Əsəd Cahangir “Mövqe”yə bildirdi ki, keçmişdə uşaq jurnalları məcburi yolla bütün təhsil ocaqlarına, hətta ən ucaq kəndin ən ucqar evinə belə gedib çıxırdı: “İndi isə elə deyil. Hazırda könüllü yazılmadır. Könüllü isə heç kəs yazılmır. Çox nadir hallarda olar ki, kimsə könüllü şəkildə hansısa uşaq jurnalına abunə olsun. Problem burada olduğundan bəzi zəruri jurnalları inzibati yolla göndərmək lazımdır. Bunun başqa yolu yoxdur. Sovet dönəmində o jurnallar oxunaqlı idi. İndiki juranllar da indiki dövrün uşaqları üçün maraqlı olmalıdır. Bu günün uşaqlarına ötən əsrin uşaqları kimi baxmamalıyıq. İndinin uşaqları əlifbanı bilməyə-bilməyə kompüteri idarə edə bilən uşaqlardır”.
Şairin fikrincə, indiki uşaq jurnallarının texniki keyfiyyətinə söz demək olmaz: “Rəngli şəkillər uşaqların diqqətini cəlb edə bilir. Təsvir olunan hadisələr barəsində illustrativ materaillar maraq yaradır ki, bu da hazırki jurnallarda var. Ümumiyyətlə, bilirik ki, uşaq təfəkkürü görüntüyə köklənib. Görüntüdə əyanilik olur. Ona görə də bu baxımdan indiki uşaq jurnallarını pis hesab etmək olmaz. Çoxları deyir ki, uşaq ədəbiyyatı zəifləyib. Ancaq belə deyil. O dövrün yazıçıları yenə yazır. Düzdür, zamanın xarakteri dəyişib. Həmin yazıçılarla yanaşı, texnogenləşmiş uşaqların maraqlarını cəlb etmək üçün yeni dövrün uşaq yazarları yetişməlidir”.
Azərbaycan Yazıçılar Birliyinin uşaq şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadə də hesab edir ki, uşaq mətbuatı sahəsində Azərbaycanda vəziyyət ürəkaçan deyil: «Bu durğunluq da qayğısızlıqdan irəli gəlir. Xüsusilə ziyalılar və QHT-lər günahkardır. QHT Şurası QHT-ləri bu sahəyə cəlb etək üçün uşaq mətbuatı ilə bağlı müsabiqə elan etməlidir. Burada digər amillər də var. Məsələn, uşaq mətbuatı gəlirsiz sahədir. Bu baxımdan onunla məşğul olmda, inkişafında az insan maraqlı görünür. Eyni zamanda ali məktəblərdə bu istiqamətdə kadr hazırlığı zəifdir. Burada ciddi mane olan amillərdən biri də bazardır”.
O da faktdır ki, yaxşı uşaq mətbuatımızın olması üçün əvvəlcə gərək yaxşı əsərlər yazılsın. Ədəbiyyat sahəsindəki bu boşluğa görə, uşaqlarımız da rus, türk, ingilis dilində olan kitab və jurnallar oxumağa məcbur olurlar. Nəzərə alsaq ki, yad təsirlər altında milli mənəvi dəyərlərə sahib gələcək nəslin yetişməsitəhlükəli haldır, onda bu məsələyə daha çox diqqət yterilməlidir.
Movqe.az