Bakı şəhəri Xəzər rayonunda 14 yaşlı qız doğuş edib. Report.az saytının məlumatına görə, doğuş iyul ayında olsa da, bu barədə fakt hüquq-mühafizə orqanlarına noyabrda məlum olub. Məlumata görə, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı birləşmiş şəhər xəstəxanasında 2005-ci il təvəllüdlü T.T. doğuş edib. O, qız uşağı dünyaya gətirib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, qanuna əsasən, 16 yaşa qədər olan oğlan və qızlar uşaq hesab olunur. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması deməkdir. Rəsmi statistikaya əsasən, son altı ildə ölkədə erkən nikahlardan 21,5 minə yaxın uşaq doğulub.
UNİSEF-in təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-dən qadın üçün nikah yaşı 17-dən 18-ə qaldırıldı. UNİSEF-in bəyanatına görə, Azərbaycanda bir il ərzində təxminən 15 yaşına çatmayan beş minə qədər qız ailə qurur, ana olur. Erkən nikah qızların tükəndirilməsi, fizioloji olaraq qadınların istismar edilməsi, onların fundamental hüquqlarının pozulmasıdır. Həmçinin bu yaşda olan qızlar ailə, uşaq sahibi olmaq qurmağa fizioloji, psixoloji cəhətdən hazır deyillər. Anaya ehtiyacı olan qızlar özləri erkən yaşda ana olurlar.
Bununla da ailə anlayışını dərk edə bilməyən qızlar uğurlu ailəyə də sahib ola bilmirlər. Həkimlər və tibbi ekspertlər isə bildirir ki, qadında uşağın inkişaf etdiyi orqanlar tam yetişmədiyindən bətndəki uşağın da inkişafı ləngiyə və ya anormal uşaq dünyaya gələ bilər. Bundan başqa, qızlar qadınlıq və analıq dövrlərində yaşı az olsa belə, onlarda qadınlaşma, püxtələşmə prosesləri başlayır. Beləliklə, orqanizmdə hormonal balanslaşma pozulur. Bu da qadının tez yaşlanmasına və xəstəliklərə tutulmasına səbəb olur. Təcrübədə qadın xəstəliklərinə əksər hallarda erkən yaşda ailə quran xanımlarda rast gəlinir. Həmin yaş həddində orqanizmdə formalaşma hələ tam başa çatmamış sayılır. İstisnaları çıxmaq şərti ilə mütəxəssislər erkən yaşda ana olmuş qadınların yeni missiyaya psixoloji hazırlığının aşağı olduğunu da vurğulayırlar. Bu isə cəmiyyət üçün yetişdiriləcək fərdin normal təlim-tərbiyədən məhrum edilməsinə yol açır.
Mama ginekoloq Nərmin Həsənli mövzu ilə bağlı aşağıdakıları dedi: “Erkən yaşda ana olan qızların nə bədəni, nə də beyni buna hazır olur. Beyin buna hazır olmadıqdan sonra ana kimi öz uşağına süd vermək, böyütmək qabiliyyəti də olmur. Ananın beyni o səviyyədə inkişaf etməlidir ki, uşağına baxsın. Adətən, erkən ana olan qadınların sonradan uşaqlarından imtina etmək, uşaq evlərinə vermək, uşaqlarına düzgün tərbiyə verə bilməmək halları çox olur.
Daha bir məsələ, doğuşdan sonra, zahılıq dövrü elə bir mərhələdir ki, hamiləlikdən daha ağır keçir. Çünki hamiləlik dövründə insanın həm hormonal, həm də psixoloji vəziyyəti tamamilə başqa cür olur. Buna görə də qadın müəyyən edilmiş yaş həddinə çatmalıdır. Ona görə də qeyd olunur ki, bu mərhələ 17-18 yaş dövründən sonra baş verməlidir. Çünki bu yaş dövrü cinsi yetişkənlik dövrü 18 yaşda tamamlanır. 13-14 yaş hələ cinsi əlamətlərin başladığı dövrdür. Doğrudur, indi cinsi yetişkənlik artıq 9-10 yaşlarından formalaşmağa başlayır. Hətta aybaşı pozğunluğu olanda belə biz məsləhət görürük ki, 16 yaşa qədər gözlənilsin, yəni heç bir dərman belə təyin etmirik. Təsəvvür edin, 14-15 yaşında olan qız doğuşda və doğuşdan sonra özünü necə aparacaq, onun psixoloji statusu uşağına baxmağa yetəcəkmi? Bütün bunlar sual altındadır. Məlum olduğu kimi, doğuşdan sonra 6 həftə ərzində qadında psixoz halları baş verə bilər. Bu, zahılıq dövrünü yaratdığı fəsadlardan biridir. Elə qadınlar var ki, bununla bağlı müalicə alır, bu fəsaddan tez qurtulur, elələri də olur ki, psixatrik xəstəxanada qalır.
Son hadisədə bilinmir ki, həmin qız tək anadır, yoxsa erkən nikaha cəlb edilib? Yayılan məlumata görə, xəstəxanadan bildirilib ki, həmin qızın 14 deyil, 16 yaşı olub və hadisə çoxdan baş verib”.
Həkim onu da vurğulayır ki, erkən yaşda doğuş bəzən ölüm ilə nəticələnir: “Çünki doğuş vaxtı qanaxma ola bilər, bədən hələ formalaşmayıb. Üstəlik, yenə doğulan körpəni qadın ana südü ilə qidalandırmalıdır. Bütün bunlara isə azyaşlı qızların nə beyni, nə də bədəni hazır olmur. Bu cür halların baş verməməsi üçün məktəblərdə mütləq mama-ginekoloqla psixoloqun məsləhətləri təşkil olunmalıdır”.
Araşdırmalar onu göstərir ki, boşanmaların əksəriyyəti erkən yaşda qurulan ailələrdə baş verir. Erkən yaşda ailə qurduğu üçün heç bir təhsili olmayan bu cür qadınlar bəzən çıxış yolu tapa bilmədikdə intihara meyil edir.
Xalidə GƏRAY