Nitq – insanın fikirlərini ifadə etməsinin, sosiallaşmasının və cəmiyyətlə münasibət qurmasının əsas vasitəsidir. Uşaqlarda nitqin düzgün və sağlam inkişafı onların ümumi psixoloji, emosional və intellektual inkişafına bilavasitə təsir edir. Bu məqalədə uşaqlarda nitqin inkişafına təsir edən amillər, ailənin bu prosesdə rolu və ev şəraitində tətbiq edilə biləcək metodlar haqqında elmi əsaslara söykənən geniş məlumat təqdim edilir.
Nitq inkişafına təsir edən əsas amillər
Uşaqlarda nitq inkişafı müxtəlif amillərlə sıx bağlıdır:
Bioloji amillər: Beynin inkişaf səviyyəsi, eşitmə qabiliyyəti, artikulyasiya orqanlarının funksionallığı nitqin yaranmasına və formalaşmasına təsir edir. Eşitmə pozuntuları və ya sinir sistemi ilə bağlı problemlər nitq ləngiməsinə səbəb ola bilər.
Ətraf mühit: Uşağın yaşadığı mühitin zənginliyi, ünsiyyətə açıqlığı və dil stimullarının bolluğu nitq inkişafını sürətləndirən əsas faktorlardandır.
Psixoloji amillər: Uşağın özünə inamı, emosional sabitliyi, valideynlərlə münasibəti və sosial mühitlə əlaqələri nitq bacarığına birbaşa təsir edir.
Ailə faktorları: Valideynlərin uşağa göstərdiyi diqqət, onunla necə və nə qədər danışması, oxşama, layla, oyun və birgə fəaliyyətlər uşağın dil inkişafına təsir edir.
Genetik faktorlar: Ailədə nitq pozuntusu olan şəxslərin olması, genetik meyllər də nəzərə alınmalıdır.
Ailənin nitq inkişafında rolu
Ailə uşağın ilk və ən təsirli sosial mühitidir. Valideynlərin uşaqları ilə qurduğu ünsiyyət, onlara göstərdiyi diqqət və verdiyi stimul uşağın danışıq bacarığının formalaşmasında əsas rol oynayır.
Model rolunda olmaq: Uşaqlar valideynlərini model alaraq danışıq davranışlarını mənimsəyirlər. Sadə, aydın və düzgün qurulmuş cümlələrlə danışan valideyn uşağa nümunə olur.
Aktiv dinləmə və cavab vermə: Uşağın çıxışına maraq göstərmək, onu dinləmək və cavablandırmaq ünsiyyətin qarşılıqlı olmasını təmin edir.
Müxtəlif fəaliyyətlərlə zənginləşdirmə: Nağıl oxumaq, şəkillərə baxaraq danışmaq, gündəlik fəaliyyətləri izah etmək uşağın passiv və aktiv söz ehtiyatını artırır.
Emosional dəstək: Təzyiqsiz, rahat və sevgi dolu mühit uşağın özünü ifadə etməsinə imkan verir. Tənqid və lağ etmə uşağın özünü ifadə etmə istəyini azalda bilər.
Elmi tədqiqatlara əsasən (Hoff, 2006; Hart & Risley, 1995), valideynlərin uşaqlarla gündəlik danışıq miqdarı və keyfiyyəti uşaqların nitq inkişafı səviyyəsi ilə birbaşa əlaqəlidir. Məsələn, gündəlik 2000-dən artıq söz eşidən uşaqların lüğət ehtiyatı daha sürətli inkişaf edir.
Evdə tətbiq oluna biləcək effektiv nitq inkişafı metodları
Ailələr ev şəraitində bir sıra metodlarla uşaqlarının nitq inkişafını dəstəkləyə bilərlər:
Nağıl və kitab oxuma
Hər gün yaşına uyğun kitablar oxumaq uşağın həm söz ehtiyatını artırır, həm də qulaq asma və anlama bacarığını inkişaf etdirir. Oxuduqdan sonra suallar vermək, şəkilləri izah etmək faydalıdır.
Sual-cavab oyunları
“Bu nədir?”, “Haradadır?”, “Nə edir?” kimi suallar uşağı düşündürür və cavab axtarmağa təşviq edir.
Rol oyunları
Ev şəraitində “müəllimçilik”, “mağazaçılıq”, “həkimçilik” kimi oyunlar uşağın sosial nitqini və dialoq qurma bacarığını inkişaf etdirir.
Şəkil və kartlarla danışıq
Şəkil kartları vasitəsilə uşaqlara əşya, heyvan, rəng və hərəkətləri tanıtmaq və onlar haqqında danışmaq nitq inkişafını sürətləndirir.
Artikulyasiya gimnastikası
Dodaq, dil və damaq əzələlərini gücləndirən sadə məşqlər səs çıxarmağa kömək edir. Məsələn: dilin ucunu yuxarı-aşağı hərəkət etdirmək, dodaqları irəli və geriyə çəkmək, fit çalmaq, ağızda pambıq tutmaq və s.
Ailəvi ünsiyyət anları yaratmaq
Birlikdə yemək hazırlamaq, gəzintiyə çıxmaq və ya əyləncəli fəaliyyətlərdə iştirak etmək zamanı uşaqlara izahlar vermək, onlar da danışmağa təşviq etmək effektiv nəticə verir.
Nəticə və tövsiyələr
Uşaqlarda nitq inkişafı təbii bir prosesdir, lakin bu prosesdə ailənin fəal iştirakı müstəsna əhəmiyyət daşıyır. Erkən müdaxilə və mütəmadi dəstək sayəsində yaranacaq nitq pozuntularının qarşısını almaq mümkündür. Valideynlərə tövsiyə olunur:
Uşaqları ilə tez-tez danışsınlar;
Onlara söz verməkdən çəkinməsinlər;
Nitqi oyuna çevirərək təbii mühitdə inkişaf etdirməyə çalışsınlar;
Şübhə doğuran hallarda loqopedik yardıma müraciət etsinlər.
Nitq – sadəcə danışmaq deyil, insanın özünü ifadə etmə haqqıdır. Bu haqqın uşaqlara verilməsi, onların güclü və inamlı şəxsiyyətlərə çevrilməsi deməkdir.
Gülçöhrə Həsənova
Defektoloq-loqoped, surdopedaqoq
GULYA MMC-nin təsisçi rəhbəri
Çox gözəl izah olunub. Valideyn olaraq hər gün uşaqlarımla daha çox danışmağa çalışıram. Bu yazı mənə əlavə motivasiya verdi. Təşəkkür edirəm!
Mən bir müəllimə olaraq hər gün bunun nəticələrini görürəm. Dərsə gələn uşaqların əhvalı ailədəki münasibətlə birbaşa əlaqəlidir. Bəzən valideynlər bunu dərk etmir. Belə maarifləndirici yazılara çox ehtiyac var.
Cox beyenidim. Cox vaxt evde usaqlara kitab oxuyuram amma bilmirdim ki, sual vermek, sekilleri izah etmek bu qeder ehemiyyetlidir. Indi diqqet edeceyem. Allah razi olsun.
Çox vacib bir mövzudur. Biz də evdə balaca qızımla hər gün kitab oxumağa çalışırıq, amma bu qədər üsul olduğunu bilmirdim. Ən çox da artikulyasiya məşqləri diqqətimi çəkdi. Təşəkkürlər!
cox sag olun, mene maraqli geldi. usagim 3 yasi var, biraz gec danisir. burda yazilanlari edecem. Allah razi olsun!
menim baldizimin oglu var, 4 yasinda danismaqda cetinlik cekirdi. indi loqopeda aparirlar. amma men hemise deyirdim ki evde de uzerine dusmek lazimdi. yazidan gorunur ki, aile faktorunun rolu cox boyukdu.