“Texnologiya dövründə yaşayırıq və belə dövrdə uşaqları texnoloji vasitələrdən, xüsusilə telefon asılılığından uzaq saxlamaq mümkün deyil”.
Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyir.
Mütəxəssis bildirir ki, uşağı telefondan uzaq saxlamaq onun həmyaşıdlarından, eləcə də dövrdən nəzərəçarpacaq qədər geri qalması ilə nəticələnə bilər:
“Telefon asılılığı mövzusunda qızıl ortanı tapmaq çətin məsələdir. Amma müşahidə etmək lazımdır ki, 24 saat ərzində uşaq nə qədər telefonla məşğul olur. Əgər yalnız yemək yeyərkən istifadə edirsə, yemək yeyərkən telefona baxırsa, baxmadan yemək yemirsə, həkimə müraciət etmək lazımdır. Çünki bu, iştaha ilə bağlı məsələ deyil, mütəxəssis rəyi almaq yaxşı olar.
Bu zaman uşağın maraq dairəsini daha sağlam formada tutmaq lazımdır. Uşağın telefonda tapdığı maraq dairəsini ondan kənarda yaratmaq üçün çalışmaq lazımdır. Valideynlər yorğun olurlar, telefona əvəzləyici vasitə tapmaq çox qəlizdir, amma çalışmaq mütləqdir”.