Tiklər uşağın duyğusal vəziyyətiylə möhkəm əlaqəlidir. Ortaya çıxması ümumiyyətlə həddindən artıq bir həyəcan, qorxu və ürkme yaradan bir hadisədir. Tik inkişaf etdirməyə meylli olan uşaqlar ümumiyyətlə narahat, qayğılı, gərgin uşaqlardır. Bir çoxunun ana ataları da vasvası, qaydaçı kəslərdir. Uşağa möhkəm nəzarət edərlər. Bu tərz yetişən uşaq kobud rəftar edici bir hadisəyə reaksiya olaraq tik inkişaf etdirə bilər.
Tiklərin hansı növləri var?
Tiklər motor, vokal və qarışıq olur. Motor tiklər vücud hərəkətləri ilə bağlı olub, bədənin müəyyən hissələrinin təkrarlı hərəkəti ilə xarakterizə olunur. Məsələn, başı yelləmək, boyunu çevirmək, ayağı və dizi tərpətmək, barmaqları yazı yazırmış kimi hərəkət etdirmək və sair. Vokal tiklər tənəffüs sistemi ilə əlaqədar olub, başqa sözlə səsli tiklər də adlanır. Məsələn, burun çəkmək, boğaz təmizləmə, öskürmə, söhbət əsnasında ehtiyac olmadıqda belə bir sözü dəfələrlə təkrarlama və sair. Əgər tik həm səs, həm də bədən hərəkətləri ilə birgə baş verirsə, bu qarışıq tiklərə aid olur, daha kəskin forması isə Turetta sindromu adlanır.
Sindromun yaranma səbəblərinə gəldikdə isə, bu spesifik genə sahib olanlarda daha çox inkişaf edir. Yəni sindrom irsi yolla ötürülə bilər. Belə ki, problemin valideyndən uşağa keçmə ehtimalı 50 faizdir. Bu sindrom qızlara nisbətən, oğlanlarda daha çox rast gəlinir.
Bəzi hallarda Turetta sindromu valideynləri sağlam olan insanlarda da rast gəlinir. Hamiləlik zamanı dərman preparatları, anabolizm steroidləri qəbul edən və ya yüksək temperaturla müşayiət olunan xəstəlik keçirənlərin körpələrində xəstəliyin inkişafının riski əhəmiyyətli dərəcədə artır.
Bundan əlavə sindrom mikrobla yoluxan xəstəliklər, stress, intoksikasiyalar-alkoqollu, zəhərli maddələr, bədənin temperaturunu artıran xəstəliklər səbəbindən də meydana çıxa bilər.
ümumiyyətlə biz tikləri aşağıdakı yerlərdə görürük:
- Üz əzələlərinin davamlı hərəkəti, alt göz qapağının aşağıya doğru tez-tez hərəkəti,
- Göz qapaqlarının çox açılıb bağlanması şəklində,
- Göz qırpmalar, yanaq əzələlərində yaranan tiklər,
- Boyun əzələlərində yaranan tiklər,
- Əsəbi kökdən gələn öskürmələr şəklində yaranan tiklər,
- Lazım olmadığı halda tez-tez burun çəkmə və üst dodaqla edilən tiklər,
- Udqunma və udurmuş kimi hərəkət etmə,
- Boğaz təmizləyər kimi hıçqırmaq, boğaz təmizləməyə məcbur etmə tikləri,
- Çiyin çəkmək,
- Barmaq çatlatmaq,
- Dizini və ayaqlarını yelləmək,
- Tez-tez gözlərini alışmamış şəkildə ayırmaq,
- Qollarını və ayaqlarını yelləmək,
- Qulaqları oynatmaq, qaşları tez-tez qaldırıb endirmə.
Əgər tiklər kəskin formada özünü göstərirsə, bu halda həkim müayinəsi məsləhətdir. Təbii ki, psixoloji konsultasiyanın paralel aparılması şərti ilə. Çünki dərman müalicəsi müsbət nəticə versə də, tikləri yaradan səbəbi aradan qaldıra bilməz. Odur ki, bu problemin köklü həlli üçün psixoloji kömək almaq vacibdir.
Ruhiyyə Rüstəmova
“Atlas” klinikasının klinik psixoloqu, ailə və uşaq psixoloqu
✅👍