Efsane R

Qurban duası – “NATAMAM”

Baxış sayı: 1. 968

– Hər il ürək sıxıntım 10 gün fərq edir…
– Onda hələ bir az vaxtımız var. Bəlkə bu il yanaşmamızı dəyişsək, ürəyimiz də sıxılmaqdan fərqli bir duyğunu yoxlayar. Amma öncəliklə keçən “Qurban bayramı” nə yaşandığına dair bir az söhbətləşək.
– Mövzunun bu olduğunu necə bildiniz? (dərin bir heyrətlə)
– (Gülümsəyirəm) Mövzudan yayınmayaq, lütfən.
– Siz necə deyirsiniz? Filtirsiz olmaq üçün gəlirəm bura. Ona görə danışmaq ə bu yükdən də qurtulmaq istəyirəm əslində.
– (Başımla davam etməsi üçün işarə edirəm)
– Qızımın ilk bayramı idi, yadınızdadırsa, keçən seanslarda demişdim, mən uşaq doğulandan 2 ay sonra ərimlə dalaşıb atam evinə gəlmişdim. Adətdəndir ki, bayram ərəfəsi küsülülər barışar, nə bilim eeee, belə şeylər. Evdəkilər də məni buna inandırmışdı. Bayrama az qalmış qeyri-ixtiyari başladım evləri yığışdırmağa. Elə bu arada əlimə mənə qızıma məxsus nə keçirdisə, paketləyib yığırdım ki, onsuz da geri qayıdacağıq. Beləcə evin bir otağının küncü balaca paketlərlə dolmuş və ev “bayrama” hazır idi. Hardasa 3 gün qalmış artıq onlar da zəng edib bu küsülülüyün uzanmaması gərəkdiyin, uşağın da ilk bayramını atasının yanında keçirməsi üçün bayramda bir qoyunla bizə gəlib uşağı götürəcəklərin bildirdilər. Valideynlərim olduqca yaşlı və gücsüz idi. Bu xəbərin onları necə sevindirdiyin təxmin edə bilməzsiniz. Onlara yük olmadığımı bilirdim, amma atam “öz evimin” olmasını istəyirdi deyə barışıq fikri onu ayrıca sevindirmişdi. “Qadın başsız olmaz” deyirdi həmişə. Düzü, özüm də qızımı tək böyütmək istəmirdim. Elə evimizdəki bu sevinc və təlaşla məşğulkən gözüm böyük bacıma sataşdı. Pəncərənin önündə gözü nəyinsə yolunu çəkirdi. O ailə qurmamışdı. Bir nəfərlə münasibəti olmuşdu, o oğlan da elçi gəlib üzük taxmışdı, amma sonra ortada olan söz-söhbətə görə araları dəydi və ayrıldılar. Elə bu an qeyri-ixtiyari evimizə ilk qurbanlığın məhz onun nişanlısı tərəfindən gəldiyini xatırladım. Bacım sanki gözü ilə o anın şəklin çəkirdi və bilmirəm sizi necə inandırım, amma Vallahi sanki mən pəncərənin çölündə ona gələn qurbanlığı gördüm. O an əşyalarımı yığdığı otağa girib hönkürtü ilə ağladım: “ Allahım, indi bu qapıya gələcək qoyun bacıma o şərəfsizi və onun ona yaşatdıqların xatırladacaq… Yalvarıram, elə et ki, qapımıza heç nə gəlməsin.” Telefonun səsinə duanı dayandırdım. Gözümü silib cavabladım, yoldaşım idi, qara ya sarı qoyun istədiyimi soruşdu. Heç nə deməyib bir təhər sağollaşdım. Hardasa yarım saata çatacağını dedi. İçimdəki sevincin yerini dərd bürümüşdü. Mən bacımın bu qədər bədbəxt xatirələrinin üstünə necə xoşbəxt bir gün planlayım axı?! Bəlkə də bacım belə düşünmürdü heç, amma mənim ürəyim sıxılırdı. Yoldaşımın dediyi yarım saat müddəti 10 dəqiqə idi keçmişdi. Narahat olub zəng etdim, telefonu olduqca əsəbi halda açıb üstümə qışqırdı: “ Ayağı elə bəddir ki, heç bir işim alınmır. Neçə vaxtı getmişdin, həyatım düzəlirdi, indi yenə gəlirsən deyə işlərim alt-üst oldu, səninlə danışandan sonra maşını vurdum!” Duam qəbul olmuşdu… Xeyirli olan onun gəlməsi yox, bizim getməməmiz imiş. Müvəqqəti bir ailə birliyindənsə, ata evinin sıxıntısı daha rahat gəldi. Evdəkilərə bunu necə deyəcəyimi bilmədim ilk əvvəl, amma zaman keçdikcə onlar da anladı ki, bu gələnə oxşamır. Artıq 5 ildi bizim evdə Qurban təlaşı yoxdur. Məyus da deyiləm, düzü… Amma paketlədiyim əşyaları açıb yerləşdirəndə keçirdiyim hissi sizə izah edə bilmərəm… Sanki ömürlük bir məhkumiyyət almış məhbus kimi idim. Hər əşyanı açdıqca müddətim daha da uzanırdı (ömürlük olmasına baxmayaraq) Belə dr, hərdən düşünürəm ki, mən ailə həyatımı bacımın travmasına qurban verdim. Amma özüm əminəm ki, xeyirlisi başqa cür olsa, onu yaşayardım. Amma səmimi deyim ki, qızıma da qurbanlıq gəlməsinə icazə verməyəcəm. Öz travmamı yeniləməmək üçün…
– Gülay, sən həyata dair fərqindəliyi olduqca yüksək bir xanımsan, ona görə inanıram ki, hissiyyatın səni doğru yönləndirib və sən həyatın daha betər olmasın deyə çabalamasısan, nəinki bacın üçün. İndiki zamana baxanda da onun həyatı və sənin həyatının hansı nöqtədə olması o anki qərarın necə doğru olduğunu göstərir. İnancım budur ki, Allah səni bu şərdən bacın vasitəsiylə agah etdi, odur ki, ona qarşı minnət duyğun digər duyğularından daha çox olmalıdır. Oki qaldı qızına, onların dönəmində hansı adətin necə icra olunacağın bilmirik, bizi toylarına dəvət etsinlər, qalsın qurbanlıq (gülümsəyirəm)
– (Gülümsəyərək) O da düzdür. Ürəyim rahatladı sanki, heç siz deyən tərəfindən düşünməmişdim. Yenə məni saldınız bir düşünmə burulğanına. İcazənizlə mən gedim düşünüm bir az bu haqda.
– Özünə yaxşı bax.
– Siz də. Bayram payınızı yollayacam.
– (Gülümsəyirəm)

Bəzən belə də olur. Taleyimizin təsirləndiyi hadisələr və bizim ona baxışımız fərqində olmadığımız bir nifrət yaradır. Onu pozitivə dəyişmək üçünsə hadisələrə fərqli yaaşmaq və ONUN hardan gəldiyinə baxmaq lazımdır.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir