usaqlar

Uşaqlardakı aqressiyanın səbəbi nədir? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 1. 694
 Son dövrlər bəzi valideynlər uşaqlarının aqressiv davranışlarından şikayətlənirlər. Onların inadla nəyisə istədiyini, bu olmadıqda isə, aqressiv hərəkətlər etdiklərini deyirlər. Xüsusilə də, bacı-qardaşları ilə olan münaqişələrdə uşaqlar daha çox aqressivlik göstərirlər. Bəs bunun səbəbi nədir? Uşaqlar nəyə görə aqressiv olurlar, daha çox hansı yaşdakı uşaqlarda bu hal müşahidə olunur, bu situasiyalarda valideynlər nə etməlidirlər? Bu kimi suallarımıza cavab tapmaq üçün mütəxəssislərlə həmsöhbət olduq.

 

Uşaq özünü dünyanın mərkəzi hesab edir

“Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova deyir ki, uşaqlarda aqressiya əsasən şəxsiyyətin formalaşdığı, ideal məni ilə real məni arasındakı mübarizə zamanı şiddətlənir: “Bu prosesə 3-6 və 12-16 yaş arası uşaqlarda daha çox rast gəlinir. 3-6 yaş arasında uşaqların ilkin məni formalaşır. Buna elmi dildə eqosentirizm deyilir. Həmin dövrdə uşaq özünü dünyanın mərkəzi hesab edir. Və hər şeyin ona məxsus olduğunu düşünür. Bu yaşda olan uşaqlarda aqressiya, əsəbilik daha çox olur. Qonaq getdiyi yerdə uşaqlarla, evdə bacı-qardaşı ilə tez-tez münaqişə edə bilər. Eqosentirizm dövründə valideynlər çox diqqətli olmalı, uşaqların eqolarını, yəni daxili “məni”ni sındırmamalıdırlar. Həmin dövrdə uşaqların alçaldılması gələcəkdə özgüvəndə problemlərin yaranmasına səbəb olur”.

 

 Uşağa qarşı getmək olmaz

Mərkəzin rəhbəri deyir ki, uşaq aqressivkən ona qarşı getmək olmaz: “Uşaq aqressiv olan zaman valideyn əksinə sakit, səbirli olmalıdır. Və çalışmalıdır ki, uşaqla göz kontaktı qurulmasın. Yaxşı olar ki, valideynlər məsələyə daha soyuqqanlı yanaşsınlar. Həmin an məkanı dəyişsələr, daha yaxşı olar. Məsələn, 4 yaşında bir uşağın aqressivliyi tutubsa, bunu sakit qarşılamalı, uşağın gözlərinə baxmamalıdır. Və səs tonunu qətiyyən yüksəltmədən uşaqla danışmağa cəhd etməlidirlər. Əgər alınmırsa, o zaman uşağın sakitləşməyini gözləmək lazımdır. Bəzən valideynlər uşaqla uşaq kimi rəftar edir. Bu, situasiyanı daha da gərginləşdirir və uşağın aqressiv krizis müddəti uzanır. Yəni qətiyyən uşağa qarşı getmək olmaz. Bu onun aqressiyasını daha artırar. Əgər uşaq çox aqressivdirsə və bu cür hallar tez-tez baş verirsə, yaxşı olar ki, valideynlər mütəxəssisə müraciət etsinlər”.

Müsahibimiz qeyd edir ki, uşaqlar doğulduqdan 6 ay sonra psixoloq müayinəsindən keçməlidir: “Doğulduqdan bir müddət sonra ayda bir dəfə nevropatoloq və psixoloq müayinələri olmalıdır. Amma sırf uşağın insan kimi formalaşmağına nəzarət etmək üçün 18 ayından sonra xüsusi diqqət etməli, müayinəyə aparmalıyıq. Uşağın ətraf aləm haqqında fikirləri, nitqi və psixoloji inkişafı yoxlanmalıdır. Ən gec 2 yaşına qədər hər bir uşaq həm psixoloq, həm nevropatoloq, həm də loqoped müayinəsindən keçməlidir”.

 Oyun dostunun xoşagəlməz davranışı

Psixoloq Nərgiz Süleymanlı bildirir ki, uşaqların aqressiv olmasının bir neçə səbəbi var: “Uşaq ana-atasından şəxsiyyətinə qarşı hörmətsizlik, hisslərinə və istəklərinə qarşı laqeydlik, qoyulan zidd tələblər gördükdə, aqressivləşir. Valideynlər bəzən öz mənfi emosiyalarını uşaqların üzərinə boşaldırlar. Uşaq haqsızlığa uğradığını, alçaldıldığını, lazımsız olduğunu hiss edən zaman özünümüdafiə və təstiqetmə sistemi aqressiv formada işə düşür. Valideynindən fiziki aqressiya görən bir uşaq daim məsələni həll etmə metodu kimi fiziki aqressiyadan istifadə edəcək. Uşağın düşdüyü sosial çevrə də böyük əhəmiyyətə malikdir. Bura bağça, məktəb və ya qonaq getdiyi ev də aiddir. Uşaq burada sonsuz aqressiya nümunələri qazana bilir. Oyun dostunun xoşagəlməz davranışı buraya misal ola bilər. İstər bu nümunələri təqlid etmə, istərsə də qarşılıqlı münasibətlərdəki neqativlik aqressiv davranış kimi ortaya çıxa bilər”.

Psixoloq qeyd edir ki, uşağın aqressiv olmasında televiziyanın da rolu böyükdür: “Uşağın izlədiyi cizgi filmi, reklamlarda gördüyü şiddət tərkibli səhnələr aqressiv davranışlarına təkan verir. Şiddət səhnələri ilə bol olan cizgi filmlərinin daim güc tətbiq edən qəhrəmanları uşaqların sevimlisinə çevrilir. Bu zaman uşaqların bu davranışları təqlid etmələri qaçılmaz olur”.

Həmsöhbətimiz deyir ki,  ananın hamiləlik dövrünü necə keçirməsinin uşağın psixologiyasına ciddi təsiri var: “Ananın emosional sisteminin bir parçası olan körpə, sadəcə ananın yemə-içmə vərdişindən, fiziki hərəkətliliyindən təsirlənmir. Eyni zamanda onun bütün ruhi vəziyyətindəki çalxalanmalar, yaşadığı stress, depressiya halları və bütün emosional yaşadıqları uşağın psixologiyasında mühüm rol oynayır. Bu baxımdan, psixoloji olaraq narahat keçən hamiləlik dövrü uşağın həyatının növbəti illərində diqqət dağınıqlığı, aqressiv davranışlar, özünə qapanma kimi problemlərin görülməsinə səbəb ola bilər”.

 

Cəza sistemi düzgün qurulmalıdır

Müsahibimizdən “valideyn uşağın inadla istədiyi hər şeyi etməlidirmi” deyə soruşduq: “Uşaqlar ağlayaraq, aqressiya göstərərək böyüklərin onların istəklərini həyata keçirməsini tələb edirlər. Təbii ki, bu cür manipulyasiyaya məğlub olmaq onun mənfi davranışını mükafatlandırmaq deməkdir. Bu zaman uşaq göstərdiyi davranışının pis olduğunu anlamır. Belə anlarda valideyn qətiyyətli davranmalıdır. Uşağın hirslə istədiyi tələblərini həyata keçirməmək lazımdır. Bundan başqa, uşaqları etdiklərinə görə cəzalandırmaq da lazımdır. Amma əlbəttə ki, uşaqlarda cəza sistemi düzgün qurulmalıdır. Bu zaman uşağın yaş xüsusiyyəti nəzərə alınmalıdır. Təbii ki, fiziki cəza qəbuledilməzdir. Məsələn, cəza olaraq uşaq etdiyi davranışının nəticələrini görməlidir. Sevdiyi əşya və məşğuliyyətindən bir müddətlik məhrum etmə kifayət edər”.

Psixoloq bildirir ki, uşaqla şəxsiyyət kimi davranılması əsasdır: “Lazımi sevgi görməyən uşaqda aqressiyanın artması qaçılmazdır. Diqqət cəlb etmək istəyən uşaq öz əşyalarına və ya ətrafdakılara şiddət göstərə bilər. Buna görə uşağa diqqəti ancaq o anlarda deyil, daim vermək lazımdır. Müsbət davranışlar mükafatlandırılmalı, mənfi davranışlardan uzaqlaşdırmaq üçün ona düzgün nümunə olmaq şərtdir. Hisslərinə laqeyd yanaşılmamalıdır. Fikirlərini ifadə etməsinə şərait yaratmaq lazımdır”.

Valideyn uşağın hər istədiyini etməməlidir

“Aqressivlik deyəndə, çox zaman ərköyünlük başa düşülür və bu daha çox evin tək uşaqlarında, uzun müddət uşaq sahibi olmamış ailələrdə doğulan uşaqlarda müşahidə edilir” söyləyən nevropatoloq Aynur Zeynalova qeyd edir ki, belə etməklə, onlar istədiklərinə nail olmaq, öz hegemonluğunu göstərmək istəyirlər: “Belə uşaq istədiklərini əldə edə bilməyəndə, özünü yerə atır, nələrisə vurub sındırmağa başlayır. Hətta özünə belə xəta yetirə bilər. Valideyn uşağın hər istədiyini etməməlidir. Gərək valideyn uşağa çox fikir verməsin. Uşağın hər istədiyini etdikcə, o daha çox istəyəcək. Və zamanla bu, vərdiş halını alacaq. Uşaq aqressivdirsə, onun üstünə getmək olmaz. Əksinə, məsələyə soyuqqanlı yanaşmaq lazımdır. Uşaq aqressiv ikən ona tərəf getsək, əzizləməyə çalışsaq, o, bunu daha da şiddətləndirəcək”.

Nevropatoloq deyir ki, uşağın aqressiv olmasına ananın hamiləlik dövründə yaşadıqları da təsir edir: “Ana hamiləlik dövrünü nə qədər rahat, stressdən uşaq keçirərsə, uşaq da bir o qədər sakit olar. Hər bir yeni doğulan uşaq nevropatoloq müayinəsindən keçməlidir. Və əgər valideynlər uşağın inkişaf dövründə nitqində, davranışında nə isə bir ləngimə, problem hiss edərsə, dərhal həkimə müraciət etməlidir”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir