saat

Saat kişinin xasiyyətini büruzə verir

Baxış sayı: 1. 645

Saat kişilərin ən çox sevdiyi və gündəlik istifadə etdiyi aksessuardır. Kişiyə ciddi və dəbli görünüş verməklə yanaşı onun xasiyyətini də büruzə verir. Psxoloqlar kişilərin aldatdığı qadınların buna önəm verməsini məsləhət bilirlər.

Psixoloq Jalə Həmidlinin sözlərinə görə, kişilərin şirin dilinə aldanmaq və özlərini göstərdikləri kimi qəbul etmək yanlışdır: “Kişini müşahidə etmək, davranışı, geyim tərzinə, saç düzümünə, xüsusilə də seçdiyi aksessuarlara fikir vermək lazımdır. Onlar qadınlar kimi çox aksessuar istifadə etmir. Eynək, şərf, papaq kimi aksessuarları da az taxırlar. Amma əksər kişilər saatlardan yan keçə bilmir. Bu səbəbdən də saatına baxaraq kişi haqda çox şey demək olar”.

Belə ki, qol saatına baxmaqla kişinin gizlətdiklərini asanlıqla aşkara çıxarmaq olar. Məsələn, kvadrat formasında olan saatları seçən kişilər həm özlərinə, həm də ətrafdakılara qarşı çox tələbkar olurlar. Qənaətcildir, öz xeyrini güdürlər. Bəzən bu formalı saatı taxanlar xəsisliyi ilə də fərqlənirlər. Qəfil qərarlar vermirlər. Fırıldaqçı deyillər. Tərsdirlər, öz fikirlərini dəyişmirlər. Mübahisələrdən yayınırlar. Konflitkləri dava-dalaşla deyil, sakit, ağlını işə salaraq həll edir, diplomatdırlar. Həyat tərzlərini, iş yerini dəyişməyi xoşlamırlar. Özünün və başqalarının həyatına nəzarət etməyə meyllidirlər. Dəqiq və hər şeydə qayda-qanunu sevirlər.

Dairəvi saatlara üstünlük verənlərsə ünsiyyətcildirlər. Onlarla söhbət etmək maraqlı olur, ətrafdakılarda xoş təəssürat yaradırlar. Həmsöhbətini dinləmək mədəniyyətləri var. Emosional və həssasdırlar. İnsanlara tez inanır. Sakit ailə həyatına üstünlük verirlər. Mübahisələrdən qaçır və konfliktlər zamanı qalib gəlməkdənsə güzəştə getməyi üstün tuturlar. Kinli deyillər. İnsanlarda qayğıkeşliyi, mehribanlığı, xeyirxahlığı yüksək qiymətləndirirlər.

Üçkünc formalı saatlarısa təbiətcə lider olanlar və yaradıcı insanlar sevirlər. Belə adamlar əksər hallarda karyerasını hər şeydən üstün tuturlar. Ailəsini belə karyeraya qurban verirlər. Başqalarından fərqlənməyi, diqqət çəkməyi xoşlayırlar. İnadkar olur və qoyduğu məqsədlərə çatmaq üçün bütün bacarıqlarını istifadə edirlər. Şöhrətpərəst olur və hökmranlığa can atırlar. Rəhbər vəzifələrdə işləməyi xoşlayır və belə adamlarda alınırlar. Qətiyyətli və enerjilidirlər.

“Düzbucaqlı qol saatını taxanlarsa dəyişikliklərdən və yeniliklərdən qaçan insanlardır. Onlar arasında tənbəllər də çoxluq təşkil edirlər. Öz fikirlərindən dönmürlər. Səbrli olmaları ilə fəqlənirlər. Lakin öz ünvanına deyilən tənqidləri qəbul edə bilmirlər. Küsəyən və kinli şəxslərdir. Onlar arasında tərs və ambisiyalı şəxslərdə üstünlük təşkil edirlər. Ünsiyyətdə kobud olurlar. Şöhrətpərəstdirlər, qarşısına məqsədlər qoyaraq onlara nail olmağa çalışırlar. Mərc etməyi xoşlayırlar, ona mərcdə qalib gələk çətindir”.

Saatların nadir hallarda rast gəlinən formalarından biri şaquli vəziyyətdə olan düzbucaqlı korpuslu saatdır. Belə saatların sahibləri çox tərs olurlar. Onlar öz maraqlarını üstün tutur. Bu cür saat taxanlar özlərini çox sevir və öz ünvanlarına deyilən hər sözə həssas yanaşırlar. Güclü və cəsarətli insanlar olurlar. Gözlənilməz qərarlar verirlər.

Saatlarının forması və rəng çalarları qeyri-adi görünənlərsə həyatda baş verən istənilən dəyişikliklərə asanlıqla adaptasiya olurlar. Tez-tez maraq və məşğuliyyətləri dəyişirlər. Hissləri ağlını üstələyir. Şəxsi münasibətləri uzun sürmür. Qeyri-adi düşüncə tərzi ilə fərqlənir, istənilən problemdən çıxış yolunu tapırlar. İstənilən sahədə rəngarənglik, dəyişiklik sevirlər.

Psixoloqun dediyinə görə, saat taxmayan kişilərə baxdıqda onların qayğısız, xoşbəxt, problemsiz olduğunu düşünürsən. Lakin saat taxmamasının müxtəlif səbəbləri ola bilər. Misal üçün, saata mobil telefonda baxmağı adət edib. Bəlkə də bunu qol saatı taxanlardan daha tez-tez edir. Bahalı və ya dəbli bir saat almaq üçün pulu çatmadığı üçün də qol saatından imtina edə bilər. Ucuz və ya orijinal olmayan saat taxmaq istəmir. Öz xarici görünüşünə əhəmiyyət verməyən kişilər də qol saatı taxmır. Lakin qol saatı qalstuk və eynək kimi kişinin xarici görünüşünə cazibədarlıq verir.

Müsahibimiz onu da bildirib ki, bəzən kişilər özləri seçdikləri qol saatlarını deyil, onlara bağışladıqlarını taxırlar. Əgər saat sahibinin ürəyincə deyilsə, onun xasiyyətini təhlil etmək düzgün deyil. Lakin belə adam haqqında da üç şey demək olar; ya həmin adam xəsis olduğu üçün özünə saat almır və hədiyyə olunan saatı taxır. Yaxud həmin adama hansı saatı taxması vacib deyil, çünki xarici görünüşünə, geyim tərzinə qarşı laqeyddir. Ya da ki, hədiyyə ona çox əziz olduğu üçün bəyənməsə də taxır. Bəzi kişilərsə saatı bəyəndikləri üçün deyil, bahalı olduğu üçün alır.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir