Bildiyiniz kimi, dünən uşaqların Beynəlxalq Televiziya və Radio Günüdür. Teleməkanlarımızda şou və əyləncəli proqramlar kifayət qədər olsa da, tamaşaçılar uşaqlar üçün verilişlərin azlığından şikayət edirlər. Yayımlanan verilişlərin əksəriyyətinin valideynlər üçün nəzərdə tutulduğu, bu proqramlarda uşağa qulluq, qayğı göstərmək, düzgün tərbiyə etmək, sağlamlıqla bağlı məsləhətlər verildiyi deyilir. Belə verilişlər isə uşaqların diqqətini cəlb etmir. Uşaqların verilişlərə və cizgi filmlərinə tələbatı ödənilmədiyindən, övladlarımız xarici, xüsusilə də Türkiyənin uşaqlar üçün nəzərdə tutulan verilişlərinə baxırlar.
Hazırlanan azsaylı uşaq verilişlərində isə aparıcıdan tutmuş, təşkilatçılara qədər uşaq psixologiyasından xəbərsiz olduqları və uşaqlara sevgilərini çatdıra bilmədikləri açıq şəkildə hiss olunur. Əgər verilişi aparan aparıcıda uşaqlara qarşı sevgi yoxdursa, qalan mövzulardan danışmaq əbəsdir. Bu gün Azərbaycanda uşaqların sağlam və intellektual inkişafı, ana dilinə yiyələnməsi ilə bağlı ən böyük problemlərdən biri də televiziyalarda baxımlı, maraqlı uşaq verilişlərinin olmamasıdır. Bir neçə uşaq verilişi olsa da, onlara kütləvi baxılmır. Yenicə dil açmaqda olan uşaqlar daha çox Türkiyə telekanallarındakı uşaq verilişlərinə və ya cizgi filmlərinə baxaraq, Türkiyə türkcəsində danışmağa başlayırlar. Eləcə də Youtube platformasındakı uşaq kanallarında ingilis dilində videoları izləyən uşaqlar çox zaman rəqəmləri və rəngləri, sadə sözləri bu dildə deməyə başlayırlar. Uşaqların ən çox sevdiyi qəhrəmanlar belə xarici ölkələrə məxsusdur. Türkiyə efirindəki “Pepe”, “Niloya”, “Keloğlan”, xarici kanallardakı “Maşa” və digər cizgi film qəhrəmanları uşaqların təqlid etdiyi əsas personajlardır. Milli ruhda, ana dilində danışan, intellektual nəsil yetişdirmək isə arzu olaraq qalır. Ekspertlərimiz isə deyir ki, bu gün ingilis qəhrəmanlarını tanıyan, ingilis dilində düşünən və danışan uşaqlar gələcəkdə milli kökə bağlı olmayacaqlar. Təcrübə bunu göstərir.
“Uşaq verilişlərində onlardan yalnız alət kimi istifadə edirlər”
Bakı Uşaq Teatrının direktoru, əməkdar artist İntiqam Soltan qeyd edir ki, yerli telekanallarımızda nümayiş olunan uşaq verilişləri bayağı formada hazırlanır: “Uşaq verilişlərinin bayağı formada hazırlanması bu gün də davam edir. Çünki bu verilişləri hazırlayan şəxslər efir etikasından ehtiyat edirlər, çəkinirlər. Son dərəcə ciddi şəkildə senzurada saxladıqdan sonra çəkilişlərə başlayırlar. O verilişlər ciddi montajdan sonra efirə buraxılır. Yəni həmin verilişlərin suyunun suyunun suyu qalır. Ciddi senzura deyəndə, televiziya rəhbərlərini nəzərdə tutmuram. Uşaq verilişlərində onlardan yalnız alət kimi istifadə edirlər. “Burda təbəssüm edin” və “aparıcı bunu deyəndə alqışlayın” kimi onları məcburi şəkildə nəyəsə məcbur edirlər. Bəzi telekanallarda uşaqlarla bağlı veriliş hazırlayanda, onları tamaşaçı qismində otuzdururlar və onlara tribuna verilmir. Nədən və niyə ehtiyat edirlər, anlamıram? Uşaq əlinə mikrofon alıb nədən danışacaq axı?”.
İ.Soltan efirlərdə nümayiş olunan verilişlərin əksəriyyətinin xarici analoqlarının dublikatı olduğunu bildirir: “Öz verilişlərimiz isə bayağı, yalnız musiqilərin fonunda uşaqları, elə böyükləri də tullanıb-düşməyə məcbur edənlərdir. Nə qədər telekanallarda uşaqlar üçün ayrılmış saatları xarici cizgi filmləri ilə doldurmaq olar? Bu uşaqlara verilişlər də lazımdır axı. Əsas odur zaman dolsun. Bu gün hazırlanan uşaq verilişlərinə tənqidi yanaşıram. “Bu uşaqlar bizim gələcəyimizdir” deyib, onlara qarşı belə rəftar eləmək olmaz. Evdə oturub, uşaqların xeyrinə çox şey deyə bilərik, klaviatura arxasında şirə, canavara dönə bilərik, ancaq əmələ gələndə heç nə etmirik”.
“Uşaqların uşaqlığını əlindən almaq olmaz”
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva isə bildirir ki, son 2 ildə uşaqlarla bağlı verilişlərdə durğunluq yaşansa da, hazırda vəziyyət qənaətbəxşdir: “Son bir neçə ildə televiziyalarımızda uşaqlar üçün maarifləndirici, əyləndirici verilişlər yox idi. İndi hazırda İTV-də, AzTV-də uşaqlarla bağlı maraqlı verilişlər var. Hətta ARB Günəş televiziyasında da hazırlanan uşaq verilişlərini çox bəyənirəm. Çünki burada həm maarifləndirici, həm də keyfiyyətli verilişlər hazırlanır. Uşaqların psixologiyası, yaşı nəzərə alınarır. Orda hər yaşda uşaqlar üçün veriliş tapmaq mümkündür. ARB Günəşdə nümayiş olunan cizgi filmlərinin dublyajı çox yaxşıdır. Lider kanalında uşaqlar üçün hazırlanan veriliş qənaətbəxş deyil. Space TV-də “Mən böyümüşəm” verilişi təzə-təzə başlayanda çox maraqlı idi, uşaqları maarifləndirir, əyləndirirdi. Ancaq indi o verilişi bəyənmirəm. Əvvəllər Space TV-də olan verilişdə biz də iştirak etmişik. Veriliş təzə başlayanda, orada Sona və Vəfa iştirak edirdilər ki, onların uşaq layihələrində təcrübələri vardı. Onlar bunu çox gözəl layihə kimi təqdim etmişdilər. Zaman keçdikcə, veriliş kommersiya xarakteri aldı. Belə bir məqamda pul ortaya gəlirsə, keyfiyyətdən danışmaq olmaz. Kim hansı səviyyədə istəsə, mahnı ifa, rəqs edə, ya da şeir deyə bilərsə, hansı keyfiyyətdən danışmaq olar? Xarici telekanallarda uşaq psixologiyasını, uşaq xarakterini bilməyən insanlara layihə vermirlər. Bizdə isə belə deyil. Mən bu gün televiziyaya bir layihə verə bilərəm, əgər yaxşı tanışlarım varsa, o layihə təsdiqlənər. Dünyanın heç bir yerində belə şey yoxdur. Bizdə uşaqlarla işləməyə çox asan və rahat baxırlar. Əvvəllər Kukla Teatrında mərhum sənətkarımız Ələkbər Hüseynov çalışırdı. O, Kukla Teatrının baş rejissoru işləyən zamanlar AzTV-də “Hər birimiz bir çiçək” verilişini hazırlayırdı. Ələkbər əmini şəxsən tanımasam da, teatrda onun haqqında deyirlər ki, 2-3 yaşında uşaqlarla 10-15 dəqiqə söhbət edirmiş, könüllərini ələ alırmış, uşaqlarla işlədiyi üçün onlara həssas yanaşırmış. Neçə yaşında uşaqla danışırdısa, dönüb o yaşda uşaq olurdu. Uşaqlara qarşı diqqətli idi. Uşaq psixologiyası ilə bağlı kitablar oxuyurdu, onların ruh dünyasına yaxından bələd olduğu üçün veriliş uğurlu alınırdı. Çünki Ələkbər Hüseynov uşaqlarla uşaqlaşırdı. Biz indi uşaqlardan tələb edirik ki, verilişlərdə uşaq kimi deyil, böyük kimi danışsınlar. Elə uşaq verilişləri var ki, orda uşaqlar başqa uşaqları ittiham edirlər. Belə olmaz axı. Uşaqların uşaqlığını əlindən almaq olmaz. Uşaq əgər şeir demək istəmirsə, onu məcbur etmək doğru deyil. Bəlkə bu uşağın istedadı başqa sahəyədir? Uşaq əgər oynamaq istəmirsə, onu meydana atmaq olmaz ki, “rəqs elə, səni görsünlər”. Burda bir az layihədə işləyən insanlar cavabdehlik daşıyırsa, ən böyük günah valideynin boynuna düşür. Valideyn övladı efirdə görünsün deyə, məcburi şəkildə onu efirə çıxarmağa çalışır”.
“Uşaqlara bir şeyi əylənərək öyrətdikdə, daha yaddaqalan olur”
“Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Dilşad Musa da deyir ki, uşaq verilişləri qənaətbəxş deyil: “Telekanalların birində bizim mərkəzin “Dəcəl balam” uşaq verilişi efirə gedirdi. Bu veriliş bəzi məsələlərə görə yayımını dayandırdı. Biz verilişin yenidən efirdə nümayiş olunmasını istəyirik. Uşaqlar üçün çox gözəl maarifləndirici veriliş idi. Belə ki, burada müxtəlif rubrikalar vardı ki, o rubrikalar çərçivəsində uşaqlar və valideynlər özlərini inkişaf etdirmək imkanları əldə edirdilər. “Dəcəl balam” verilişində uşaqların özləri də iştirak edirdi. Hazırda İctimai TV-də “Yeddi şüşə”, Space telekanalında “Mən böyümüşəm” kimi verilişlər təqdim olunur ki, orda uşaqlar şeir deyir, rəqs edirlər. Bizim verilişdə isə uşaqların aktyorluq qabiliyyətli nümayiş olunur, uğurlu insanlarla görüşləri keçirilirdi, ustad dərsləri kimi maraqlı rubrikalar vardı. Psixoloq məsləhəti rubrikamızda valideynlərin uşaqlarla necə davranmalı olmasından bəhs edirdi. Belə verilişlər valideynlər üçün çox əhəmiyyətlidir. Uşaqlara bir şeyi əylənərək öyrətdikdə, bu daha yaddaqalan olur. İnşallah ki, kanallarımızda uşaq verilişlərinin sayı çoxalar”.
D.Musa 12 yaşlı oğlu Musanın yerli telekanallardakı uşaq verilişlərini izləmədiyini bildirdi: “Çünki yerli telekanallarda nümayiş olunan uşaq verilişləri və cizgi filmləri ona maraqlı gəlmir. Musa özü də bizim verilişdə aparıcı kimi mənə kömək edirdi. Verilişi uşaqlar idarə etdiyi üçün bu onlara maraqlı gəlirdi. Oğlum türk kanallarında uşaq serialına baxır. Bizim özümüzün maraqla izlədiyimiz ARB Günəş televiziyası da var ki, hansı verilişdə oluruqsa baxırıq. Çox istəyərdim ki, uşaqlar əylənməklə yanaşı öyrənsinlər. Hər şeyi öyrənmək lazımdır, ancaq sıxıcı şəkildə deyil”.
Ekspertlərimiz deyir ki, uşaq verilişləri və cizgi filmləri özü də yaş kateqoriyalarına ayrılır. Uşaqlar üçün çəkilmiş elə film və verilişlər var ki, məsələn, 5 yaşına kimi uşaqların onlara baxması məqbul deyil. Rus alimi, bioloq Kara-Murzanin televiziyanın uşaqlara təsiri ilə bağlı çox maraqlı bir yazısı var. Alim dünyanın müxtəlif ölkələrindən faktlar gətirir ki, tok-şoulara, realiti-şoulara baxan uşaqlar, yeniyetmələr gerçək həyatda onları təkrarlayaraq ölümlə nəticələnəcək faciələr törədirlər. Yəni, televiziyaya aludə olan uşaqlar virtual dünya ilə gerçək həyat arasındakı sərhədləri itirdiyindən, ilk növbədə onlara valideyn tərəfindən nəzarət mexanizmi olmalıdır.
Xəyalə Rəis