Aliment

Uşaqları “qaçqın atalar”ın məsuliyyətsizliyindən necə qoruyaq?

Baxış sayı: 1. 246

“Boşandıqdan sonra yoldaşım övladlarımıza baxmaqdan imtina etdi. İndi iki övladımın da xərcləri mənim üzərimdədir. Yoldaşım əvvəllər alimenti gec-gec də olsaydı ödəyirdi, indi heç ödəmir. Özüm işləsəm də, indiki dövrdə iki uşağın xərcini tək çatdıra bilmirəm. Hər kəs deyir ki, məhkəməyə müraciət elə, haqqını al. Amma onun üçün də bir ətək pul tökməli olursan. Nəticəsiz cəhd uğrunda işimi itirib, övladlarımı aç qoymaq istəmirəm”.

Bu sözləri bizimlə söhbətində iki övladını təkbaşına böyüdən və keçmiş həyat yoldaşından aliment ala bilməyən  Nigar Quliyeva söylədi. Deyirlər ki, heç kim ailəni nə vaxtsa boşanmaq üçün qurmur. Amma taleyin oyunundan heç birimiz özümüzü sığortalaya bilmərik. Təəssüf ki, bu gün cəmiyyətimizdə onlarla Nigarlar, Lalələr, Səbinələr var… Boşanmaların sayının günü-gündən artdığı bir dövrdə  alimentləri almaq xanımlar üçün çox ciddi problemə çevrilib. Bir çox hallarda alimenti ödəməli olan şəxs, bu öhdəliyindən yayınmaq üçün min cür yola əl atır. Ölkədən çıxan kim, qeyri-leqal yollara baş vuran kim. Bütün bu çək-çevirin ortasında isə ən çox əziyyəti uşaqlar çəkir. Problemin həlli istiqamətində bir sıra addımlar atılsa da, təəssüf ki, ciddi irəliləyiş əldə olunmayıb. Bu mənada İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova  Milli Məclisdə çıxışı zamanı bildirib ki, bu sosial əhəmiyyətli məsələnin həlli üçün alimentlərin məcburi ödənilməsi mexanizmi hazırlanmalı və tətbiq edilməlidir. O qeyd edib ki, mövcud vəziyyət, rəsmi nikahda olmayan və ya natamam ailələrin, boşanmaların və baxımsız uşaqların sayının artması göstərir ki, aliment fondunun yaradılması qaçılmaz zərurətdir: “Məhkəmə instansiyalarının “qaçqın” ərlərdən və atalardan şikayətlərlə dolu olduğu bir vaxtda Aliment Fondunun yaradılması qaçılmaz olur”.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Azər Badamov deyir ki, sözügedən fondun yaradılması bu sahədə olan problemlərin həllində kömək edə bilər: “Məcburi aliment fondunun yaradılması təklifi əslində maddi sıxıntısı olan ailələrin probleminin həllində yardımçı ola bilər. Fondun yaradılmasında əsas məqsəd boşanmış, maddi gəliri aşağı olan ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Amma hələlik təklif Milli Məclisə qanun layihəsi formasında təqdim edilməyib. Düşünürəm ki, bunun üçün kifayət qədər maddi baza var. Çünki iqtisadiyyatımız dinamik şəkildə inkişaf edir. Bu gün dövlətimizin hər hansı bir layihənin həyata keçirilməsi ilə bağlı maddi sıxıntısı yoxdur. Əgər qanun layihəsi hazırlanıb təqdim olunarsa, belə bir fondun  yaradılmasında heç bir problem yoxdur”.

aliment

Büdcə vəsaiti tapılarsa…

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Ombudsmanın təşəbbüsünü şərh edərkən deyib ki, aliment problemi getdikcə aktuallaşır. Ancaq bunun həlli ilə bağlı hələlik vahid variant yoxdur. Müxtəlif sxemlər təklif olunur: “Məhkəmələr uşaqların maraqlarının müdafiəsi üçün atalardan aliment ödəməyi tələb edir. Ancaq təəssüf ki, alimentlərin ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icrası bəzi səbəblərdən çətinləşir. Borclular işsizliyə, gəlirin olmamasına əsaslanaraq, aliment ödəməkdən imtina edirlər. Reallıq belədir ki, onların yalanını ifşa etmək çətindir, çünki gizli məşğulluq mövcuddur, kişilər əmək müqaviləsi bağlamadan özəl sektorda çalışırlar, öz gəlirlərini gizlədirlər. Və yaxud onlar çalışdıqları firmaların mühasibatlığından saxta arayışlar alır və maaşlarını az göstərirlər. Fondun yaradılması o halda realdır ki, əgər bu proqram üçün büdcə vəsaiti tapılarsa. Azərbaycanda bu ideyanın reallaşması ilə bağlı müəyyən şübhələr var. Məsələnin müsbət və mənfi tərəflərini nəzərə almaq lazımdır. İstisna olunmur ki, əgər ölkədə belə Fond yaradılarsa, daha çox insan aliment ödəməkdən yayınar. Bu, büdcə üçün müəyyən problemlər yaradacaq. Hazırda ölkədə boşanmaların sayı artır”.

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bizimlə söhbətində bildirdi ki, hər şeydən əvvəl prosesin icra mexanizmi işlənib hazırlanmalıdır: “Sözügedən məsələ uzun müddətdir ki, müzakirə olunur. Məsələ QHT-lər tərəfindən dəfələrlə təklif edilib və parlamentdə müzakirəsi aparılıb. Əslində, belə bir fondun yaradılması müsbət fikirdir. Amma onun yaranma mexanizmi əhəmiyyət kəsb edir. Hər hansı bir təklifi irəli sürərkən onun icrası və mexanizmi təmin edilməlidir. Dövlət bu qədər alimenti öz hesabına ödəyirsə, bu məbləğ hansısa formada kompensasiya edilməlidir. Alimenti ödəməyən şəxsin dövlətə bu borcu qaytarması məsələsinin necə tənzimlənəcəyi vacibdir. Belə bir məqamda həmin şəxslərin məcburi iş yerləri ilə təmin olunması məsələsi ortaya çıxır. Çünki büdcə davamlı şəkildə cavabsız pul ödənişi edə bilməz. Alimenti ödəyəcək məsul şəxs  o ödənişi mütləq hansısa formada təmin etməlidir. Əgər dövlət onun yerinə aliment ödəyirsə, o da öz borcunu geri qaytarmalıdır. Çıxılmaz vəziyyətdə olan, sosial problemlərlə boğuşan qadınlar və xüsusilə də uşaqların müdafiəsi üçün aliment fondunun olması önəmli məsələdir. Hesab edirəm ki, buna ilkin formada pilot layihə kimi hansısa ərazi üzrə başlamaq olar. Çünki bu fondu birdən-birə ölkəyə şamil etmək çətin məsələdir. Pilot layihənin nəticələri məlum olduqdan sonra məhkəmə qərarlarının sayına və digər vacib məsələlərə baxmaq lazımdır. Ümumiyyətlə, istənilən məsələnin, pilot halında işləndikdən sonra qanunvericilik halına salınması daha faydalıdır. Dünya təcrübəsində belə bir fondun olub-olmadığını deyə bilmərəm. Bir çox ölkələrdə adətən sosial proqramlar hazırlanır və ehtiyacı olan qadınların çətin vəziyyətdən qurtarılmasına yardım edilir. Amma bu sosial yardımlar müəyyən müddət ərzində verilir. Bir insan, ömrü boyu sosial yardım və yaxud alimentlə yaşaya bilməz. Aliment və ya yardımla dolanıb heç bir işlə məşğul olmamaq insanı ələ baxımlılığa öyrədir. Belə insanların əməyə marağı olmur”.

 

Bu addımın atılması ilk növbədə uşaqların xeyrinə olacaq

Məsələnin sosial əsaslarının olduğunu söyləyən Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Ceyhun Cəfərli bildirdi ki, aliment fondunun yaradılmasının hüquqi əsası Konstitusiyada öz əksini tapıb: “Qanuna görə, ailə, ana və uşaq atanın himayəsindədir. Qanun əsas verir ki, ananın və uşaqların maddi təminatının zəruriliyini əsas götürərək, belə bir fond yaradılsın. Fondun yaradılmasının həm də sosial əsasları da var. Çünki hüquqşünas olaraq belə hallarla tez-tez rastlaşırıq. Bir çox hallarda aliment öhdəlikləri vaxtında, yaxud ümumiyyətlə icra edilmir. Belə hallar bəzən alimenti ödəməli olan şəxsin qərəzli davranışları ucbatından, bəzən isə həqiqətən də alimenti ödəmək imkanı olmaması ilə əlaqədar olur. Boşanan tərəflərdən ata işləmir və müstəqil qazancı olmur. Amma tələb əsasında məhkəmə qətnamə qəbul edir ki, aliment ödənilsin. Bu zaman konfliktlər, ziddiyyətlər və narazılıqlar yaranır və tələbkar tərəf aidiyyəti qurumlara şikayət edir. Düşünürəm ki, belə bir fond yaradılması ilə uşaqların pozulmuş mənafeyinin bərpası üçün dövlət üçüncü bir tərəf kimi məsələyə qoşulacaq. Dövlət uşaqların mənafeyini əsas götürərək onların zəruri xərclərini öz öhdəsinə götürmüş olur. Daha sonra dövlət orqanları vəsaitin geri qaytarılması üçün alimenti ödəməli olan şəxslə öz münasibətlərini həll edə bilər. Düşünürəm ki, bu addımın atılması ilk növbədə uşaqların xeyrinə olacaq. Amma bütün hallarda, ödənilən vəsaitin geri qaytarılması zamanı müxtəlif problemlər üzə çıxacaq. Öz övladına olan borcunu yerinə yetirməyən şəxs, dövlət orqanına da pul verməyəcək. Amma bu vəsaiti başqa formada geri qaytarmaq mümkündür. Məsələn, həmin şəxsi məcburi əməyə cəlb etməklə əvəz etmək olar”.

ALIMENT

İqtisadçı-alim Vüqar Bayramov söylədi ki, qanunvericiliyə dəyişiklik edilməsi barəsində təklif irəli sürülüb: “Biz boşanmış, yaxud ailə başçısını itirmiş və övladını təkbaşına böyüdən qadınlar üçün xüsusi fondun yaradılmasını təklif etdik. Amma əslində bu fondun aliment fondu adlandırılmasının tərəfdarı deyiləm. Belə  ailələr üçün sosial yardım fondunun yaradılmasına ehtiyac var. Onun aliment fondu kimi adlandırılması və alimenti əvəzləməsi doğru deyil. Hesab edirəm ki,  hazırkı qaydalara yenidən baxılmalıdır. Boşanmış və ya ailə başçısını itirmiş ailələrin sosial vəziyyəti adətən çətin olur. Bəzən ananın təhsili olmur və iş tapmaqda çətinlik çəkir. Bizim təklifimizə əsasən, uşaqların sayına görə yardım müəyyənləşdirilməlidir. Yardımın müddəti isə uşağın yaşına görə təyin edilməlidir. Düşünürəm ki, belə bir yardım fondunun yaradılması mümkündür. Çünki Azərbaycanın dövlət gəlirləri artmaqdadır. Xüsusilə neftin dünya bazarındakı qiymətlərinin artması gəlirlərimizin həcminə müsbət təsir göstərir. Stabilliyin əldə edilməsi, qeyri-neft sektorunun inkişafı bu fondun maliyyə bazası formalaşdırır. Bu baxımdan, fondun yaradılması məqsədəuyğun hesab edilir. Bu, həm də ehtiyacı olan ailələrin fonddan istifadə etməklə, sosial vəziyyətlərinin pisləşməsinin qarşısı alınacaq. Amma yenə də qeyd edim ki, alimentlərin hesablanması, tətbiqi və ödənilməsi ilə bağlı qaydalara yenidən baxılması və təkmilləşdirilməsinə ehtiyac var”.

 

Aliment fondu işlək mexanizm tətbiq etməyi bacaracaqsa…

Sosioloq Lalə Mehralı məcburi aliment fondu məsələsinin məntiqli qərar olduğunu düşünür: “Çünki işləmədiyini, qazancı olmadığını iddia edən valideynlər var ki, aliment ödəməkdən boyun qaçırır, övladı üçün pul ödəmir və nəticədə uşağın yaşam keyfiyyətinə, təhsilinə mənfi təsir göstərir. Ölkəmizdə aliment məbləği 154 manat təyin edilib, doğrudur çox yüksək məbləğ deyil, amma uşağın böyüməsində, təhsil almasında müəyyən qədər paya malik olacaq miqdardır. Alimenti ödəməkdən imtina edən və buna görə də ölkədən çıxışına qadağa qoyulan, həbsə düşən valideynlər də az deyil. Bəziləri yalnız həbs qərarı ciddiləşəndən sonra alimenti ödəməyə razı olur. Bir halda ki bunu ödəmək iqtidarındadır, o zaman niyə vaxtında ödəmir? Deməli, mexanizm düzgün qurulmayıb, məhkəmə icraçıları haradasa etinasızlıq göstərir və ya səlahiyyətlərinin məhdudiyyətləri var. Bu kimi hallarda aliment fondu işə qarışa, uşağın alimentinin vaxtında köçürülməsinə nail ola bilər. Beləcə, nə aliment gecikər, nə uşaq korluq çəkər, nə də valideyn məsuliyyətdən yayına bilər. Dünyada bunun analoqunun olub-olmadığını bilmirəm, amma normal cəmiyyətlərdə aliment verməkdən imtina edilmədiyini düşünürəm. Bizdə boşanan tərəflər bir-biri ilə düşmən olduğu üçün aliment alan tərəf aliment verən tərəfdən nə qədər mümkündür, pul qoparmağa çalışır. Aliment verən tərəf isə verdiyi pulun keçmiş həyat yoldaşına çatmasından narahatdır, amma unudurlar ki, insan həyat yoldaşından boşana bilər, amma övladından boşana bilməz. Verdiyi məbləğ uşağının bir ay ərzində istehlak və təhsil xərclərini ödəmir. Vəziyyəti anlayan və maddi gücü olan valideynlər daha çoxunu verə bilir, maddi sıxıntısı olan və ya valideynlik məsuliyyətini düzgün anlamayanlar isə hər vəchlə qaçmağa, ödəməməyə çalışır. Bu kimi hallar üçün məcburi aliment fondu işlək mexanizm tətbiq etməyi bacaracaqsa, niyə də yaradılmasın?”

 

Və sonda…

Hələlik müxtəlif fikirlər səsləndirilsə də, fondun yaradılıb yaradılmayacağı dəqiq məlum deyil. Məqsəd çətin vəziyyətdə qalmış, maddi sıxıntı çəkən ailələrin, uşaqların problemlərini həll etməkdir. Bütün hallarda dövlətin üçüncü bir tərəf kimi problemlərin həllində yardımçı olmaq niyyəti ümidsiz ailələrə bir çıraq olacaq. Çünki dövlət hər bir vətəndaşın ən böyük dayağıdır.

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir