“Gencaile.az” saytının xaricdə təhsil alan tələbələri oxucuları ilə tanış etdiyi “Tələbə bileti” rubrikasında bu dəfə Amerika Birləşmiş Ştatlarında təhsil alan Fərid Xəlilovla söhbətləşmişik. ABŞ-ın New Jersey Institute of Technology (NJIT) universitetində Tikintinin idarə olunması ixtisası üzrə təhsil alan həmyerlimizlə təmtəraqlı tərzdə ifadə etsək, çoxspektrli söhbət etmişik. İnanırıq ki, sizin üçün maraqlı və xaricdə, xüsusilə ABŞ-da təhsil barədə düşünənlər üçün isə həm də faydalı olacaq.
– ABŞ-da təhsil almaq qərarına necə gəldiniz və bu imkan necə yarandı?
– Ümumiyyətlə, uşaq vaxtlarımdan xaricdə təhsil almaq ən böyük xəyallarımdan biri idi. 11-ci sinifdə təhsil alarkən oxuyacağım ixtisası müəyyənləşdirərkən ailəmin də tövsiyəsi ilə ABŞ-da təhsil almağa qərar verdim.
– İlk dəfə okenın o tayına düşəndə nə hiss etmişdiniz?
– Təbbi ki, ilk dəfə okeanın o tayına düşəndə öz-özümə mən burada nə edəcəm? kimi suallar verməyə başladım, amma bir həftə sonra artıq ABŞ-a, universitetə və insanlara alışmışdım.
–Amerika Birləşmiş Ştatları dünyanın iqtisadi baxımdan ən qüdrətli dövlətlərindən biridir. Bu ölkədə təbiətin gözəlliyi və insanın yaratdığı xariqələr diqqəti cəlb edir. Bəs cəmiyyət, insanlar necə təsir bağışlayır sizə?
– Məncə, amerikalı insanlarla azərbaycanlı insanların ən böyük fərqi gələcəklə və ya hər hansı bir şeylə bağlı qayğı hissi çəkməməsidir. ABŞ-da yaşayan insanların bəlkə də yarısından çoxu həyatın bu gününü yaşayır və bu gündən zövq alır. İnsanların istiqanlılığı mözvusunda da ABŞ-ı çox bəyənirəm. Əgər hər hansı bir insanla dostlaşmaq istıyirsənsə, bunu asanlıqla edə bilərsən və ya hər hansı bir insanla münasibət qurmaq istəmirsənsə, həmin insan səni narahat etməyəcək.
– Yerli əhali ilə hansı dəyərləriniz ortaqdır, hansıları isə hələ ki, qəbul edə bilmirsiniz?
– Əslində, amerika xalqı ilə çox da ortaq dəyərlərimiz yoxdur, onsuz da ABŞ-da yaşayan miqrant sayı çox olduğundan hər insanın demək olar ki, fərqli dəyərləri var. Buna görə də hər hansı bir vərdişi mənimsəmək və ya qəbul etmək məcbur deyil.
– Azərbaycanlılara məxsus hansı xüsusiyyətlər ABŞ-da təəccüblə qarşılanır?
– Deyə bilərəm ki, bir çox xüsusiyyətlər onlar tərəfindən maraqla qarşılanır, amma ən çox maraqla qarşıladıqları şey tariximizdir. Şərqdə ilk demokratik respublika olmağımız və sonra yenə də rusların idarəsindən çıxmağımız onların marağını cəlb edir.
– Yerli mətbəxə uyğunlaşa bilmisinizmi? Yoxsa hələ də rasionunuzda Azərbaycan mətbəxinə aid təamlar üstünlük təşkil edir? Sizi təəccübləndirən yeməkləri də var yəqin ki…
– İki ildir orda olmağıma baxmayaraq yerli mətbəxlərinə uyğunlaşa bilməmişəm, hələ də öz yeməklərimiz üçün darıxıram. Məni təəcübləndirən və bir az da xoşum gələn yeməklər meksika yeməkləridir.
– ABŞ-da olduğunuz dövr müəyyən qənaətlərə gəlmək üçün az zaman deyil. Amerikalı gənclər hansı prinsiplərlə ailə qurular? Sizcə, sevib evlənirlər yoxsa məntiq evliliyi daha çox populyardır?
– Amerikadaki gənclərin məntiq evliliyindən çox sevərək evləndiklərini düşünürəm. Bəlkə də orada yaşam şərtlərinin çox yaxşı olması da buna təsir edir.
– Artıq 2-ci kursu başa vurmusunuz. ABŞ ilə Azərbaycan təhsil sistemi arasında hansı fərqli cəhətlər diqqətinizi çəkir?
– ABŞ təhsil sisteminin ən yaxşı cəhətlərindən biri praktikaya ehtiyyaci olan dərslərin laboratoriya ilə birlikdə məcburi keçilməsidir. Hansi ki, təkcə universitetdə deyil, orta məktəblərdə də fizika və kimya kimi dərslərin laborotiya ilə birgə kecilirməsinin fərqli cəhətlərdən biri olduğunu düşünürəm.
– ABŞ-da müəllim-tələbə münasibətinə dair hansı maraqlı məqamları qeyd edə bilərsiniz?
– Məsələn, ABŞ-da heç bir müəllim şagirdi və ya tələbəni dərsə gəlmədi və ya hazirlıqsız gəldi deyə danlamaz. Onlar üçün əsas şagirdin dərsi dinləməsi deyil, özlərinin dərsi ən yaxşı şəkildə keçməsidir.
– Bu gün Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir. Bilirisniz ki, müharibə təkcə cəbhədə getmir. İstənilən müharibə həm də informasiya savaşıdır. Bu baxımdan xaricdə təhsil alan tələbələrimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynaya bilər. Ətrafınızdakı gənclərlə bu mövzuda müzakirələriniz olurmu?
– Təbbi ki. Deyə bilərəm ki, münasibətim olan bütün insanlara bu haqda danışmışam və ermənilərin Qarabağda törətdikləri vəhşilikləri internet vasitəsilə onlara göstərmişəm.
– Sizcə, xaricdə təhsil almaq istəyində olanlar universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?
– İlk öncə təhsil almaq istədikləri ölkəni müəyyənləşdirməlidirlər. Mən tövsiyə edərdim ki, təhsil almaq istədikləri ölkənin gözəl və ya böyük olmasından çox onlara verə biləcəyi şeylərin nələr olmasını düşünsünlər və ixtisaslarının yaxşı tədris olduğu universitetlərə üstünlük versinlər.
Söhbətləşdi: Tural Məmmədov