USAQ-PUL

Uşaqların evdən oğurluq etməsinin səbəbləri nə ola bilər?

Baxış sayı: 1. 272

Son vaxtlar məbuatda tez-tez uşaqların evdən oğurluq etməsi ilə bağlı xəbərlərə rast gəlirik. Hətta gündəlik həyatımızda da bu cür hadisələrlə rastlaşırıq. Bəs, uşaqların evdən oğurluq etməsinin səbəbləri nə ola bilər?

Mütəxəssislərin qənaətincə, evlərindən oğurluq edən gənclərin başlıca məqsədi maddi ehtiyac yox, macəraçılıq, diqqəti cəlb etməkdir. Oğurluq təsadüfi hadisə olsa da, adətən dostların təşviqi ilə baş verir. Uşaq bu işlə dostları arasında nüfuz qazanacağına ümid edir. Ona görə də oğurluğun səbəbini tapmaq çox zəruridir. Yalnız bu səbəbi bildikdən sonra oğruya qarşı tədbir görmək olar. Oğurluq etmiş uşağı ağır tənbeh etmək olmaz. Onun yatmış hisslərini oyatmaq üçün təsirli bir metod axtarılmalıdır. Bəzi uşaqlar evdən kiçik şeylər oğurlamaqla öz ehtiyaclarını ödəmək istəyirlər. Onun başlıca ehtiyacı isə dostlarının diqqətini cəlb etməkdir. O, oğurladığı şeyi hörmət qazanmaq üçün rüşvət verir. Eyni məqsədlə oğurluğa əl atan böyüklərlə rastlaşdıqda təəccüblənməmək olmur.

Image result for ÇOÇUKLAR PARA ÇALARSA

Psixoloq Azad İsazadənin sözlərinə görə, uşaqların evdən oğurluq etməsinin arxasında bir neçə amil dayanır:

“Əvvəla, onu deyim ki, yeniyetməlik dövründə olan uşaqlar törətdikləri əmələ görə obyektiv qiymət vermirlər və heç bir məsuliyyət hiss eləmirlər. Onlar üçün 100 manatla 1000 manat arasında elə böyük bir fərq yoxdur. Həm də ki, uşaqlar evdən icazəsiz götürdükləri pulu oğurluq kimi qəbul etmirlər: “Bu pul mənə lazımdır və istifadə edirəm”.

Ona görə də belə anlarda valideynlərin üzərinə çox böyük yük düşür. Onlar övladları ilə kifayət qədər açıq olmalı və hər məsələni müzakirə etməlidir ki, uşaq düzgün maariflənə bilsin. Uşaqlara valideyn nəzarətindən əlavə diqqət də göstərilməlidir. Dediyim kimi, uşaqlar oğurluq eləsə belə bunun günah olduğunu düşünmür. Əgər valideynlər uşaqlarına qarşı diqqətli olsalar, onlardakı bu dəyişikliyi görüb qarşısını ala bilərlər. Yaxşı olar ki, valideynlər öz uşaqlarına daha çox vaxt ayırsınlar. Bəzən sadəcə diqqətsizlik və sevgisizlik də uşaqları oğurluğa vadar edir.

Valideynlər kiçik yaşlarından uşaqlara oğurluğun pis hərəkət olduğunu ona başa salmalı və özləri də maksimum dərəcədə övladlarına nümunəvi örnək olmalıdırlar. Məktəbə gedən uşaqların psixologiyası elədir ki, onlar impulsiv hərəkət edirlər. Bizim valideynlər isə çox vaxt çıxış yolunu əsəbiləşməkdə, küsməkdə, aqressiv davranışlar göstərməkdə görürlər. Lakin məsələni sevgiylə, övladınıza dəyər verməklə, ona “özününkü” və “başqasınkı” məfhumlarını başa salmaqla həll etmək məqsədəuyğundur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir