Dünyanın hər bir ölkəsində övladsız olan, həyatı boyunca övlad sevgisi ilə alışıb-yanan valideynlər var. Lakin bununla yanaşı, bir tərəfdə də Allahın bu gözəl nemətinə xor baxıb, aparıb öz körpəsini uşaq evlərinə atan vicdansız ata-analar da var. Hərçənd ki, bəzi uşaqlar kimsəsizlər evinə hər hansı qəza nəticəsində valideynlərini itirdiyi üçün düşüblər, amma bu o qədər də çox deyil. Təəssüf ki, bir çox halda uşaqların valideynlərinin məhkumluq həyatı, ata və ya ananın vəfat etməsi ilə, əlaqədar olaraq onlar kimsəsiz vəziyyətinə düşür. Bu halda belə uşaqların yaşayacağı yer, onun bütün maraqları nəzərə alınaraq seçilməlidir. Azərbaycanda taki qədimdən bəri gözəl ailə ənənələri mövcuddur, amma bu gün elə hallarla qarşılaşırıq ki, uşaqlar asanlıqla küçəyə atılır, onlara qayğı göstərilmir, bəzən belə uşaqlara yaxınları da sahib çıxmır. Doğmaları tərəfindən himayəyə götürülmüş kimsəsiz uşaqlar isə bəzən nəzarətdən kənarda qalır, uşaqların özbaşnalığı ağır nəticələrə gətirib çıxarır.
Ata və ananın varlığı uşağın psixologiyasında mühüm rol oynayır. Valideyinlərin olmasının uşaqlara nə qədər müsbət təsir etdiyini sözlə deyib qurtarmaq olmaz.
Hər uşaq ailə içində böyüməlidir, ailəsi yoxdursa, gəlin, onlara ailə olaq! Onlara ailə olduğumuz zaman nələrə diqqət etməliyik gəlin onlara baxaq.
Bu mövzuda ən çox etdiyimiz yanlışlardan biri hədiyyələrlə valideynlərinin günahlarını yumaq istəməsidir. Unutmamaq lazımdır ki, əşyalar uşaqları xoşbəxt etmir, hər şəraiti olan, konfortlu evlər, telefon, planşet, televizor və o cümlədən bahalı hədiyyələr. Həmçinin də uşağın hər istədiyini yerinə yetirmək onu xoşbəxt etmir. Səbirli olmaq, hörmət etmək ve empati qurmaq öncə ailə içində öyrədilir. Onlara birlikdə zaman keçirmək, birlikdə film seyr etmək ,ortaq işlərlə məşğul olmaq daha çox xoşbəxtlik verir.
Uşaqların xoşbəxtliyi üçün nə etməli sualına cavab, birincisi özünüz xoşbəxt olun, çünki stress kimi xoşbəxtlik də yoluxucudur. Daha sonra ünsiyyət qurmağı öyrədin, bu onları boş narahatlıq, təşviş, təlaş kimi hisslərdən uzaq edəcək. “Böyüklərin yanında danışmaq olmaz” deməyin “İzn alaraq sual verə və suallarına cavab ala bilərsən” demək lazımdır. Mükəmməlliyyətçi deyil anlayış göstərən biri olun. Yaxşı bir nəticə göstərdiyi halda “Niyə əla olmadın” deməyin. Onunlarla zaman keçirin, oyun oynayın. Xoşbəxtliyi öyrətmək, onların həyatlarını dəyişdirmək bizim əlimizdədir!
Valideyn himayəsindən məhrum olan uşaqlar aşağıdakı duyğulara sahib olurlar:
1) Əksiklik duyğusu – Onlar yanlarında valideyinlərinin birinin (və ya hər ikisinin) olmadığına görə özlərini daima əksik sayırlar.
2) Özünü digər uşaqlardan aşağıda görmək. Bu zaman uşaqlar özlərini, valideyinləri olanlardan aşağıda hiss edirlər.
3) Yad baxışlardan narahatlıq duyma hissi.
4) Özünü günahkar hiss etmə duyğusu.
5) Həyata qarşı inamsızlıq.
6) Ətrafındakılara nifrət hissi. Bu ən çox uşaq böyüdükcə baş verir. Belə ki, yetim uşaq yeniyetməlik dövrünə ayaq basdıqca o ətrafdakılara qarşı kin və nifrət hissi bəsləməyə başlayır. Bu ətrafdakı adamların ona kiçik yaşlarında istehza ilə baxmalarından irəli gəlir.
7) Məsuliyyətdən qaçmaq – Bəzi uşaqlar kimsəsiz olmalarını bəhanə edərək öz üstlərinə düşən məsuliyyətlərdən qaçırlar. Məsələn,”Atam olsaydı belə olmazdım”, “Anam olsaydı daha yaxşı adam olardım” və s. Belə uşaqları müxtəlif söhbətlərlə fikirlərindən döndərməyə çalışmaq lazımdır.
8) Ehtiyac duyğusu – Yeniyetməlik dövrlərində qız uşaqlarının anaya, oğlanların isə ən çox ataya ehtiyacı olur. Bu dövrdə uşaqlar ana və atanın yerinə başqa birini qoya bilirlər. Bəzi hallarda bu insan həmin uşaqlardan yaşca böyük olan biri ola bilir. Valideyn himayəsindən məhrum olan uşağın ata və anasının yerinə qoyacağı adamın mükəmməl biri olmaması yeniyetmə üçün fəlakət ola bilir. Çünki yeniyetmə həyat dərslərini ondan alır, onun məsləhətlərinə qulaq asır vəonun dediklərinə əməl edir.
Körpələrinizi – balaca fidanlarınızı çölə atmayın, çünki onlar Allahın bizə verdiyi ən gözəl hədiyyədir. Onlar bizim gələcəyimiz, sabaha olan inamımızdır. O uşaqların yerində olmaq istərdinizmi? Bir az düşünün… Məncə yox, siz bunu düşünmək belə istəməzsiniz!
Şəbnəm Əndəlifova
Zəfər Psixoloji Nitq İnkişaf Mərkəzinin psixoloqu
shabnam.aliyeva95@gmail.com