Ütü hər evdə ən çox istifadə edilən məişət əşyalarından biridir. Təbii ki, çox istifadə edilən şey tez də xarab olur. Ütü işləndikcə altı qaralır və ərp tutur, paltarlarda ləkə buraxır.
Maraqlı olacağını nəzərə alıb, evdə praktik ütü təmizləmə üsulları haqda maraqlı bilgiləri oxucularımızla bölüşürük:
1) Ütünü yağlı kağız ilə təmizləmək
Ütünüzü yağlı kağız və iri duz istifadə edərək də təmizləyə bilərsiniz. Əvvəlcə ütü masanızın üzərinə yağlı kağız sərin. Üzərinə bir yemək qaşığı iri duz səpin. Ütünü ən yüksək dərəcəyə qoyub qızmasını gözləyin. Kifayət qədər qızdıqdan sonra da çox təzyiq etmədən duzu ütüləməyə başlayın. Bu şəkildə ütünüzün altında qalıqlar və çirklər duza yapışmağa başlayır. Sildikdən sonra ütünüz təzə kimi görünəcək. Burada diqqət etməli nöqtə isə duzu ütüləyərkən buxar funksiyasının bağlı olmasıdır.
2) Ütünü diş pastası ilə təmizləmək
Diş pastasından yalnız dişləri təmizləmək üçün yox, həm də ütünü təmizləyərkən istifadə edə bilirik. Bunun üçün ütünün altına, çirkli hissələrə az miqdarda diş pastası sürtmək lazımdır. Diş məcununu yavaşca əlinizlə ovxalayaraq sürtsəniz ütüyə zərər dəyməyəcək. Bunu etdikdən sonra bir neçə dəqiqə gözləyirik və ütünü buxar funksiyası ilə birlikdə işlədirik. Təmiz bir bez götürüb buxarlı şəkildə ütüləməyə başlayırıq. Beləcə ütünün altı tamamilə təmizlənəcək.
3) Ütünü limon və soda ilə təmizləmək
Limon və sodanın birlikdə təsirini və hansı möcüzələr yaratdığını bilməyən yoxdur. Limon və soda birikdə istifadə edilərsə nə çirk qalar, nə də ləkə. Bu xüsusiyyəti ütünün altını təmizləməkdə də keçərlidir. Limon və sodanı qarışdırın və ütünün altına sürtün, 5 dəqiqə gözləyin. Sonra yüngül, nəmli bir bezin köməyi ilə bu qarışığı səthdən təmizləyin. Ütünü bir neçə dəqiqə işlədin. Ütü təmizləndi.